Əlaqə Arxiv
news Image
2020.08.08
08:25
| A A A
Diasporlar arasında savaş daha da kəskinləşəcək
Ermənilərin hücumuna qarşı sinə gərən xaricdəki soydaşlarımız mübarizənin gedişində daha da mətinləşirlər

Azərbaycana qarşı təcavüzünün növbəti aktı olan Tovuz təxribatından sonra diasporumuzun geniş miqyasda birlik və mübarizlik göstərməsi uzun illər ərzində görülən işin məntiqi yekunu idi. Bəli, bizim diaspor gəncdir, təcrübəsizdir, yeni-yeni formalaşır, amma mübariz və qətiyyətlidir. İstəyinə nail olmağı bacarır və bu günlərdə də davam edən erməni təcavüzünə qarşı etiraz aksiyalarının mütəşəkkilliyi bu faktı təsdiqləyir.
Diasporun gücü onun üzvlərinin fərdi xarakterindən, yaşadığı cəmiyyətdə qazandığı yerdən asılıdır. İndiyədək bizim gənc diasporumuzun üzvləri təhsil alanlar, yəni öyrənənlər idilər.

Ancaq bu dövr artıq uğurla başa çatıb və indi diaspor təşkilatlarımız “tətbiq” dövrünə keçiblər.

Bu o deməkdir ki, indiyədək öyrəndiklərini artıq həyata kleçirir, təşkilati cəhətdən mükəmməl tədbirlət təşkil edir və sözünü lazımı yerə çatdırmağı bacarır. Bu səviyyə elə də asanlıqla əldə edilməyib. Onun qarxasında əziyyətli mübarizə illəri dayanır.
Dediklərimizin sübutu üçün minlərcə misal çəkmək olar. Lakin mən iki misal göstərməklə uğurlarımızın ardıcıllığını təmin edən yolu göstərmək istəyirəm. Lap bu yaxınlarda Kanada fəaliyyət göstərən diaspor təşkilatımızdan dünyaya xoş soraq yayılıb. Bu ölkədə yaşayan azərbaycanlı ailənin övladı Sibel Cahangirli ABŞ-ın Dyuk Universitetinin (Duke University) xüsusi istedadlı şagirdlər üçün nəzərdə tutulmuş proqramının "Data Science" ("Məlumatlar haqqında Elm") kursunu müvəffəqiyyətlə bitirərək 98%-lik nəticə əldə edib. Sibel hələ 12 yaşında SAT imtahanı verərək sözügedən proqrama qəbul olunub. Elə həmin il bu proqramın Dyuk Universitetinin düşərgəsində təşkil edilən "Problemlərin Riyazi Həlli", növbəti il isə "Riyazi Modellər və Tətbiqi Statistika" yay kurslarını yüksək göstəricilərlə başa vurub.

Torontodan əvvəl ABŞ-ın Atlanta şəhərində yaşayan Sibel hələ 11 yaşında ikən Yüksək Akademik Nailiyyətlərə görə ABŞ Prezidentinin Təhsil Mükafatı Proqramının sertifikatı ilə təltif edilib. Hazırda ailəsi ilə birlikdə Toronto şəhərində yaşayan Sibelin 15 yaşı var.
S.Cahangirli tək deyil, onun kimi yüzlərlə azərbaycanlı gənc xaricdə uğurlu təhsil həyatı yaşayır və karyerasına da uğurla başlayır. Onların hamısı xalqımızın fəxri, dövlətimizin dayağıdır.

Bugünkü kamil mütəxəssis sabahkı siyasətçi, ictimai xadim, deputat, dövlət adamı, multimilyonçudur. Bunlar gəlişigözəl sözlər yox, həyatın dialektikası ilə evolyusion inkişaf yoludur. Diasporumuz bu yolla zirvəyə istiqamətlənib.
Diaspor təşkilatlarımızın güclənməsində mühüm gəlişmələrdən biri türk özünüdərkinin əməldə ifadəsidir. Bu məsələ Türkiyə və Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyətə can atması ilə əlaqəlidir. Niderland Krallığının Haaqa şəhərində 2007-ci ildə Holland-Azərbaycan Türk Kültür Dərnəyinin təşəbbüsü, azərbaycanlı və türk toplumunun maliyyə dəstəyi ilə Xocalı soyqırımının xatirəsinə abidə ucaldılıb. O vaxt bəzi ağzıgöyçəklər abidənin yerinin düzgün seçilməməsini, yəni şəhər kənarında yerləşməsini, kiçik ölçüdə olmasını əsas götürərək tənqidi fikirlər söyləmişdilər. Lakin buna baxmayaraq, Haaqada yaşayan soydaşlarımız hər il fevralın 26-da bu abidənin önünə toplaşır, ermənilər tərəfindən soyqırıma məruz qalmış Xocalı qurbanlarının xatirəsini yad edir, Xocalı həqiqətlərini yerli və dünya ictimaiyyətinin nəzərinə çatdırırlar.  Bu günlərdə "Nieuw Eykenduynen" ( "Yeni İkendinen") məzarlığında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidənin yeri dəyişdirilib və ətrafı abadlaşdırılıb. Abidənin ucaldılmasının təşəbbüskarı olan Holland-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın bildirib ki, çoxsaylı ziyarətçilərin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğunu nəzərə alan diaspor təşkilatı abidənin bu məzarlıqda daha münasib yerə köçürülməsinə dair Haaqa şəhər bələdiyyəsi ilə danışıqlar aparıb. Razılıq əldə olunduqdan sonra abidə daha geniş əraziyə, insanların kütləvi hərəkət etdiyi yerə köçürülüb və ətrafı abadlaşdırılıb. Abidənin yaxınlığındakı lövhənin üzərində Azərbaycan və Niderland dillərində Xocalı soyqırımı barədə qısa məlumat yerləşdirilib. İndi burada daha çox ziyarətçinin toplanması və anım tədbirlərinin daha yaxşı keçirilməsi üçün şərait yaradılıb.
Bu da çox önəmli faktdır. Niyə? Ona görə ki, artıq Avropada diasporumuzun səsi eşidilir, onların söylədiklərinə inam bəslənilir və... ermənilərin mövqeləri bu fonda zəifləyir. Baxmayaraq ki, hazırda erməni diasporu və lobbisinin təhriki ilə xaricdəki soydaşlarımıza hücumlar təşkil edilir, bu yolda hətta yaralanan da olur. Bunların qarşılığında bizimkilər təmkinli davranaraq düşmənlərə imkan daxilində yalnız hüquqi müstəvidə cavab verməlidirlər. Əsas güc diaspor üzvlərinin cəmiyyətdə daha yüksək mövqeyə yüksəlmələri, seçkili orqanlara seçilmələri, dövlət vəzifələrinə təyin olunmaları, ümumiyyətlə, yaşadıqları cəmiyyətlərin ictimai-siyasi həyatında fəal iştiraka yönəldilməlidir. Bu minvalla çox keçməz, diasporumuz lazım gələndə hökumətlərə həqiqəti çatdırmaqla ədalətli siyasi qərarların verilməsinə nail olarlar. Onda birliyimiz daha da möhkəmlənər.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz