Əlaqə Arxiv
news Image
2020.08.12
09:15
| A A A
Ermənistan hərbi təzyiq altındadır
Bu cırtdan ölkənin təcavüzkarlıq planları fırıldaqçılığın ümidinə qalıb


Bir ay əvvəl ermənilərin Ermənistan-Azərbaycan sərhəddində törətdikləri Tovuz təxribatı 1994-cü il Bişkək müqaviləsi ilə başlanan atəşkəsdən sonra ikinci böyük hərbi təxribat idi. 2016-cı ilin aprel təxribatında burnu ovulan düşmənin budəfəki təxribatda ağzı əzildi. Hər iki halda döyüşlər cəmi bir neçə gün davam edib. Amma bu qısa müddət Ermənistan hökumətinə sübut edib ki, onlar daha heç vaxt hərbi yolla nəyəsə nail ola bilməyəcəklər.
Belə bir nəticəyə gəlinməsi ilk növbədə Azərbaycan Ordusunun düşmən ordusunu əsaslı şəkildə üstələməsinə görədir. Silahlı qüvvələrin bütün parametrlərinə görə ermənilər bizdən geri qalırlar. Əgər Azərbaycan Ordusunun silah-sursat arsenalında dünyanın ən qabaqcıl silahları yer alırsa, Ermənistanda Rusiyanın əsasən çıxdaş etdiyi silahlar mövcuddur. Düzdür, Ermənistanda Rusiyanın hərbi bazası var və təbii ki, bazada müasir silahlar yerləşdirilib. Lakin Rusiyanın icazəsi olmadan ermənilər bu silahlardan istifadə edə bilməzlər. Hətta istifadə etsələr belə təcrübəsizlik ucbatından bunun döyüş səmərəsi cüzi olar.
İkinci mühüm amil, Ermənistanınla Azərbaycan arasında müharibə alovlandığı halda onun üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən  müdafiə edilməyəcəyinin birmənalı təsdiq edilməsidir. Yəni Ermənistan Qarabağ münaqişəsinin həlli yolunda hərbi müstəvidə təklənib və onun Azərbaycanla təkbətək vuruşması fikrinin ağıla gəlməsi belə absurddur.
Üçüncü mühüm gəlişmə Türkiyə Respublikasının Tovuz təxribatı ilə əlaqədar Azərbaycanı ən yüksək səviyyədə hərtərəfli və açıq müdafiə etməsidir. Situasiya elə bir həddə çatıb ki, artıq bütün kartlar açılıb və Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı limitləşməyən istiqamətdə güclənib. Sonuncu birgə təlimlər və təlimin gedişində düşmənin obrazının aydın görünməsi ermənilərin son hərbi ümidlərini öldürüb. Bu gün Qarabağ münaqişəsinin həll edilməmiş qalması birbaşa Türkiyəyə təhdiddir və dünyada söz sahibi olan bu ölkə ilə Azərbaycanın qardaşlıq nümunəsi regional münasibətlərə ciddi təsir edir.
Məsələnin dördüncü amili də var. Bu, Azərbaycanın regional liderliyinə, Avropa kimi nəhəng və imtiyazlı arealda sahib olduğu siyasi və iqtisadi nüfuza söykənir. Tovuz təxribatı ilə əlaqədar ortaya çıxan bəzi informasiyalar, məsələn, Serbiyadan Ermənistana silah satışı və bu silahların Gürcüstan ərazisindən keçərək düşmən ölkəyə çatdırılması məsələsi faş olan kimi Azərbaycanın müvafiq orqanları həmin ölkələrin hökumətlərinə sorğular göndərdi. Bu sorğulara etinasızlıq göstərilmədi və dərhal Gürcüstandan və Serbiyadan reaksiyalar gəldi. Bunun dalınca Serbiya baş nazirinin müavini Azərbaycana səfər etmək qərarı verdi. Bu narahatlıqlar ona görədir ki, adları çəkilən ölkələrin Azərbaycanla ciddi dostluq münasibətləri var və onlar bu münasibətlərin qorunub saxlanılmasında maraqlıdırlar.  
Saydığımız amillər birmənalıdır və bunu düşmən tərəf də yaxşı anlayır. Buna görə də əlacsız şəkildə qalldığından başlayıb Azərbaycanın müttəfiqləri ilə arasını vurmağa. Bu təxribat ilk növbədə Türkiyə və İsrailə qarşı yönəlib. Ermənistanın mühafizəkar bölümünü müdafiə edən “lragir.am” saytı qalmaqal yaratmaq məqsədilə yazır: “Baxmayaraq ki, rəsmi Ankara müxtəlif səbəblərlə “bir millət-iki dövlət” şüarına sadiqliyini ifadə edir, əslində isə öz geopolitik məasədləri üçün Azərbaycandan istifadə edir”. Hərbi təxribatları puça çəxan ermənilər siyasi təxribatla Azərbaycanın Türkiyə ilə arasını vurmağa çalışır və bu zaman İsraildən istifadə etməklə “bir güllə ilə 3 dövşan vuracağını” düşünür. Guya, Azərbaycan İsraildən aldığı yüksək dəqiqlikli raketləri silah satan ölkənin razılığı olmadan Türkiyəyə verib və türklər də bu raketi öyrənərək onun əsasında öz raketlərini hazırlayırlar. Bu qədər ucuz siyasi təxribat yalnız erməniliyin məhsulu ola bilər. Bu cür təxribatla onlar düşünürlər ki, İsraillə aranı düzəldib onlardan silah əldə edə bilərlər. Lakin “oxları daşa dəyib”. Təsadüfi deyil ki, bu günlərdə İsraildə ermənilərin Tovuz təxribatına qarşı Azərbaycanı müdafiə edən möhtəşəm dəstək aksiyası keçirilib. Mitinqdə çıxış edən israilli fəallar, siyasətçılər və ictimai fəallar yəhudi və Azərbaycan dillərində çıxış edərək işğalçılara lənət oxuyub, “Qarabağ Azərbaycanındır” şüarını səsləndiriblər. Bu isə o deməkdir ki, düşmənin siyasi təxribatları da bəri başdan məhvə məhkumdur.
Beləliklə, Ermənistan Azərbaycanla qarşıdurmada və Qarabağ münaqişəsinin həllində təklənib və yaranmış situasiya ona qarşı ciddi hərbi təzyiq göstərir. Bu təzyiqlərin hərbi zərbəyə çevrilməsi hər an baş verə bilər.
N.NOVRUZ

Sizin Reklam Yeriniz