Əlaqə Arxiv
news Image
2020.08.12
08:27
| A A A
Bakı və Ankara Aralıq dənizindən sərt mesajlar verir
Natiq Miri: “Türkiyə istəyinə nail olacaq, güzəştə gedən tərəf yenə Afina olacaq”


Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan arasında münasibətlər kəskinləşir. Bu halda bəzi Qərb ölkələri və Misir Yunanıstana dəstək verir, ona hərbi yardım edir. Azərbaycan və Türkiyə də bu fonda Şərqi Aralıq dənizində hərbi təlimə hazırlaşır.
 Xatırladaq ki, Şərqi Aralıq dənizində aşkarlanan karbohidrogen ehtiyatlarının çıxarılması və ixracı istiqamətində Yunan Kipri, Yunanıstan, Misir, İsrail kimi dövlətlər də ciddi çalışır. Amma məsələ bundadır ki, bu ehtiyatların mühüm hissəsi Türkiyə, Şmali Kipr və Liviya sularında yerləşir. Ankara artıq bu istiqamətdə fəaliyyətə  keçərək bölgəyə qazma gəmiləri göndərib. Eyni zamanda mümkün təhdidlərin qarşısını almaq üçün əraziyə hərbi qüvvələr də yeridib. Amma qarşı tərəfin addımları burada vəziyyətin kəskinləşməsinə gətirib çıxarır. Bu günlərdə Misir və Yunanıstanın Aralıq dənizində iqtisadi zona, hüdudların təyini barədə memorandum imzalayıblar.  Yunanıstanın xarici işlər naziri hətta bəyan edib ki, Türkiyə ilə Liviya milli birlik hökuməti arasında imzalanmış memorandum qanunsuzdur və Afina Aralıq dənizinin şərqindəki hər cür problemlə mübarizə aparmaq üçün Qahirə ilə əməkdaşlıq edəcək.
Öz növbəsində Türkiyə Xarici Işlər Nazirliyi də Yunanıstanla Misir arasında imzalanmış anlaşma sənədini qanunsuz adlandırıb. Bildirib ki, Qahirə-Afina memorandumunda təyin edilmiş zona Türkiyə yaylası hüdudlarında yerləşir:“İmzalandığı açıqlanan qondarma dəniz zonalarının məhdudlaşdırılması anlaşması Türkiyə üçün "yox" deməkdir. Bu mövqeyimiz həm diplomatik, həm də əməli olaraq ortaya qoyulacaq. “Məhdudlaşdırılan” sahə BMT-nin müəyyən etdiyi kimi Türkiyə şelfinə daxildir. Türkiyə sözügedən sahədə hər hansı fəaliyyətə icazə verməyəcək və Şərqi Aralıqda ölkəmizin və Kipr türklərinin suveren haqq və hüquqlarını qətiyyətlə müdafiə edəcək”.  Bu müstəvidə Türkiyə ilə Azərbaycanın Şərqi Aralıq dənizində hərbi təlimlərə hazırlaşmasından qarşı tərəf hansı nəticələr çıxarmalıdır?
Politoloq Natiq Miri bildirdi ki, Misirin və bəzi Qərb ölkələrinin Yunanıstana verdiyi bu dəstək Türkiyəni sözügedən bölgədəki marağından geri çəkmək məqsədi daşıyır: “Ancaq bildiyiniz kimi, Türkiyə Şərqi Aralıq dənizindəki karbohidrogen ehtiyatları ilə bağlı artıq konkret qərarını verib və bu istiqamətdə xeyli işlər görüb. Ankara beynəlxalq hüquqa uyğun olaraq bununla bağlı Liviya ilə də saziş imzalayıb. Türkiyə həmçinin qardaş Türk Kiprinin Aralıq dənizindəki bütün hüquqlarını qoruyur. Ankaranın bu addımları beynəlxalq hüquqa uyğun davranışlardır. Misirlə Yunanıstan arasında təcili imzalanan sazişdə isə Türkiyənin mövqeyinin gücləndirən hüquqi baxımdan bir sıra boşluqlar var. Bu barədə Yunanıstanın keçmiş xarici işlər naziri də açıqlama verib. Onun sözlərinə görə həmin sənəd qeyri-müəyyən və zəif sənəddir və bu vəziyyət gələcək perspektivdə Türkiyənin mövqeyini gücləndirə bilər”.
Belədə, ekspert düşünür ki, Türkiyə haqlı olduğu durumda verdiyi qərarlardan heç bir vəclə geri çəkilməyəcək: “Əksinə, Ankara bu istiqamətdə prosesi daha da inkişaf etdirəcək. Ərdoğan Yunanıstanla başlanan danışıqları dayandırdı. Bu da Afinanın Qahirə ilə bağladığı müqavilə ilə bağlıdır. Türkiyə belədə öz mövqeyində qalacaq.  Qarşı tərəfin Ankaraya qarşı belə addımlarına cavab olaraq, Türkiyə də Aralıq dənizində güc nümayiş etdirmək üçün həırbi təlimlər haqqında qərar verib.  Azərbaycan da bu fonda Türkiyənin yanında yer alıb və bu da vacib geosiyasi amildir. Çünki bu fakt götərir ki, Türkiyə tək deyil. Bu, həm də Azərbaycanla Türkiyənin dünyaya verdiyi bütün hadisələrdə bir yerdə olacaqları mesajıdır. Bu mesaj həm də əks istiqamətdə, Dağlıq Qarabağ probleminin həllində də bilavasitə göstəricidir ki, Bakı Ankaranın yanında olduğu kimi, Türkiyə də Qarabağda savaş başladığı halda azərbaycanlı qardaşlarının yanında olacaq. Bu mesaja hətta başqa ölkələr, Pakistan da qoşula bilər və gələcək perspektivdə zəncirvari reaksiyaya çevrilə bilər. Ankara doğru addın atır, Azərbaycan da türk qardaşlarının anında olmalıdır”.
N. Mirinin fikrincə, nəticə etibarı ilə Şərqi Aralıq dənizi məsələsində Türkiyə öz istəyinə nail olacaq: “Güzəştə gedən tərəf yenə Afina olacaq. Çünki bundan artıq prosesi gərgin müstəviyə daşımaq mümkün olmayacaq, NATO buna imkan verməyəcək. ABŞ və NATO bu qarşıdurmnın baş verməsinin qarşısını alacaq”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz