Əlaqə Arxiv
news Image
2020.08.14
08:53
| A A A
İrəvan Livan ermənilərini də Qarabağda böyük təhlükəyə atır
Xəyal Bəşirov: “Bu fonda İrəvana diplomatik təpkilər gücləndirilməli, Minsk qrupuna müraciət olunmalı və Livana nota verməliyik”


Öz çirkin niyyətlərindən əl çəkməyən Ermənistan indi də Livan ermənilərini Qarabağa köçürür.  Bilindiyi kimi, Livanda baş verən  partlayışdan sonra yaranmış vəziyyətdən sui-istifadə edən İrəvan  bu dəfə həmin ölkədə yaşayan erməniləri işğal olunmuş Azərbayan torpaqlarına köçürmək qərarına gəlib.
Qeyd edək ki, nəzarətdən kənarda olan bu ərazilərdə İrəvan vaxtilə Suriyadan çoxsaylı erməni köçürüb.  Bu fonda Azərbaycanın Ermənistanın  bu qanunsuz hərəkətinə qarşı diplomatik müstəvidə etirazlarını bildirib.  Lakin görünən odur ki, diplomatik cəhbədə etirazlar nəticə vermir. Düşmən tərəf yenə də öz çirkin əməlini davam etdirir. Ona bu qanunsuzluğa görə qaşın üstə gözün var deyən də yoxdur. Yaranmış vəziyyət digər istiqamətlərdə də ciddi addımlar atılmasını vacib edir.  Bu durumda Ermənistanı bu qanunsuz əməldən çəkindirmək üçün hansı hüquqi, siyasi addımlar atılmalıdır? Hərbi müstəvidə hansı işlər görülməlidir?
Politoloq Xəyal Bəşirov düşünür ki, bu istiqamətdə Ermənistana diplomatik təpkilər davam etdirilməlidir: “Qeyd edim ki, bu məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi bir neçə gün bundan qabaq münasibət bildirdi.  Xaricdə yaşayan erməniləri işğal olunmuş ərazilərə köçürmək Ermənistanın uzun illər ərzində davam edən çirkin siyasətinin davamıdır. Onlar qaunsuz məskunlaşma prosesini həyata keçirməklə süni şəkildə işğal olunmuş torpaqlarımızda ermənilərin sayını artırmağı düşünürlər.
Düşmənin bu hərəkəti həm də Azərbaycanın indiki halda Livanla münasibətlərinin korlanmasına hesablanmış addımdır. Çünki həmin şəxslər erməni əsilli olsalar da, Livan vətəndaşıdırlar.  Bilirsiniz ki, Azərbaycan Livanda baş verən partlayış fonunda bu ölkəyə yardım əlini uzatdı.  Bununla ölkəmiz yürütdüyü siyasətdə  işğal faktoruna görə yalnız Ermənistanla düşmən olduğunu bir daha diqqətə çatdırdı. Düşmənə diplomatik müstəvidə təpkilər davam etdirilməlidir. Eyni zamanda İrəvanın bu hərəkəti beynəlxalq humanitar  müstəvidə də hüquqi baxımdan ziddiyyət təşkil edir.  1949-cu iidə qəbul olunan  Cenevrə Konvensiyasına bir sıra protokollar da əlavə olunub ki,  İrəvanın addımı da həmin protokollara zidd olaraq atılan bir addımdır”.
Həmsöhbətimizin fikrincə, Bakı həmçinin bununla bağlı Livana nota da verməlidir: “Bu nota başqa formada qiymətləndirilməməlidir. Nota sadəcə Azərbaycan ərazisi olan torpaqlara onun razılığı olmadan başqa ölkənin vətəndaşlarının məskunlaşmasına etitazla bağlıdır. Belə notanın verilməsi digər ölkələrin də anoloji qanunsuz addım atmamalarına öz təsirini göstərə bilər”. X. Bəşirov bildridi ki, məsələ ilə bağlı ATƏT-in Minsk qrupuna da mürciət olunmalıdır: “Azərbaycanla Türkiyənin birgə hərbi təlimlər keçirməsi fonunda Ermənistan bir-birinin ardınca səhv addımlar atmaqda davam edir. İrəvan bu təlimlərin sadə proses olmadığını artıq başa düşür. İstənilən vaxt  bu təlimlər hərbi müstəviyə keçə bilər.   Bu təlimlərimiz də davamlı olmalıdır”.
O qeyd etdi ki, diplomatik müstəvidə də İrəvanın üstünə ciddi şəkildə getməliyik: “Ermənistan siyasətdə cığal ölkə olaraq beynəlxalq hüququn bütün prinsiplərinə zidd hərəkət edir.  Təəssüf ki, fövqəldövlətlər də İrəvanın bu saymazyana hərəkətinə hələlik laqeyd yanaşır.  Za man-zaman hüquqi müstəvidə də Ermənistana münasibətdə uğurlar əldə edirik. Bu yaxınlarda dünyanın bir sıra ölkələrində ermənilər tərəfindən soydaşlarımıza qarşı qanunsuz addımlar atıldı, onlara qarşı vəhşiliklər edildi. Bu fonda qanunsuzluğu törədən ermənilərlə bağlı nifrət zəminində edilən  cinayət maddəsilə cinayət işi qaldırıldı. Ona görə də sözügedən olayla bağlı olaraq da hüquqi müstəvidə mübarizəni davam etdirməliyik.  Qanunsuz məskunlaşma siyasətinə görə də İrəvanın üstünə getməliyik.  Amma təəssüf ki, bir sıra dövlətlər beynəlxalq normaların pozulmasına göz yummaqda davam edir.  Bu da Azərbaycana qarşı dünyada mövcud olan ikili münasibətin təzahür formalarından biridir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz