Əlaqə Arxiv
news Image
2020.08.14
16:33
| A A A
Dost saydığımız ölkə düşmənimizi silahlandırır
Öz işğalçı siyasətini davam etdirmək üçün Ermənistan bütün yollara əl atır. Ona hər zaman hərbi yardım göstərən Rusiya ilə yanaşı digər ölkələrdən də silah almağa cəhdlər edir və bu zaman xristian həmrəyliyindən də istifadə edir. 
 Belə ölkələrdən biri də Serbiyadır. Bir ay əvvəl Azərbaycanın Tavuz rayonu ilə sərhəddə Ermənistan tərəfindən həyata keçirilən hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri odur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan gizlin şəkildə çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib.
Hər zaman ölkəmizə dost olduqlarını elan edən Serbiyanın bu hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Azərbaycanda bu hərəkət arxadan burulan zərbə kimi qiymətləndirildi. Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. 
Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb, Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirilib.
Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, bundan dərhal sonra Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana səfərə gələrək məsələlərə aydınlıq gətirib, əsas məqsədlərinin ölkələrimiz arasında yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirmək olduğunu bəyan edib. Görüşdə həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəlinib.
Vüqar Cəfərov – Bakı Şəhər MKTD-nin əməkdaşı
Sizin Reklam Yeriniz