Əlaqə Arxiv
news Image
2020.08.18
08:51
| A A A
Hərbi-texniki sahədə də Türkiyə Azərbaycanın əsas tərəfdaşına çevrilir
Hikmət Babaoğlu: “Ali Baş Komandanımızın bildirdiyi kimi, bu əməkdaşlıq strateji xarakter daşıdığı və təbii tarixi müttəfiqliyə söykəndiyindən perspektivdə Türkiyəni Azərbaycanın bir nömrəli hərbi-siyasi tərəfdaşına çevirəcək və bu, ölkəmizin maraqları baxımından mühüm hadisədir”


Bu günlərdə Azərbaycan  Prezidenti İlham Əliyev Türkiyə Milli Müdafiə naziri  Hulisi Akarın rəhbərlik etdiyi nümayəndə heyətilə görüşündə Türkiyənin Azərbaycanın hərbi-texniki əməkdaşlıq sahəsində tezliklə bir nömrəli tərəfdaşı olacağını bildirib: “Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz də bu potensialdan faydalanırıq.
Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik. Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik”.
Qeyd edək ki, bu günə qədər  Azərbaycan özünün silah arsenalını əsasən  Rusiyadan aldığı silah və hərbi texnikalar vasitəsilə gücləndirirdi. Azərbaycanın aldığı bütün hərbi texnika və  silahın 75 faizi məhz Rusiyanın payına düşürdü. Türkiyə isə burada ikinci rolu oynayırdı.  Lakin  Rusiyanın Ermənistana 400 ton həcmində hərbi yük daşıması  bir daha göstərdi ki, Minsk qrupunun həmsədri qismində çıxış edən şimal ölkəsi  işğalçıya dəstək olmaqda, onu silahlandırmaqda davam edir.  Belə vəziyyətdə  Azərbaycan prezidentinin  son açıqlaması fonunda  demək olarmı ki, Azərbaycanını silah aldığı əsas ölkə Türkiyə olacaq?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu bildirdi ki, Azərbaycanın silah aldığı əsas ölkənin perspektivdə Türkiyə  olması ölkəmizin maraqları baxımından mühüm hadisə olacaq:  “Azərbaycan işğaldakı torpaqlarını azad və ərazi bütövlüyüni bərpa etmək, Qarabağ problemini həl etmək üçün Milli Ordumuzu hər cür ən müasir hərbi texniki avadanlıqlarla təchiz edir və bu proses davam edəcək. Bu gün real hərbi silah və sursat istehsalı  rəqabəti müstəvisində hansı ölkədə ən modern silahlar olarsa, Azərbaycan onu da əldə edəcək. Sevindirici və qürurverici haldlr ki,  bu gün  Türkiyə  silah istehsal edən ölkələr sırasında öncül mövqeyə çıxmağa nail olub. Bu, şübhəsiz ki,  Azərbaycanın da hərbi-texniki komplekləşməni aparan zaman diqqətini çəkən məqamdır.
Üstəlik tarixi strateji müttəfiqimiz olan  Türkiyədən silah alınması aktualdır, həmişə olub, bu gün də var.  Belə də davam edəcək.  Əlbəttə ki, bütün iqtisadi, mədəni proseslərdə olduğu kimi hərbi müstəvidə də əməkdaşlıq davam edəcək.  Ali baş komandanımızın bildirdiyi kimi, bu əməkdaşlıq strateji xarakter daşıdığından, təbii tarixi müttəfiqliyə söykəndiyindən   perspektivdə Türkiyəni Azərbaycanın bir nömrəli hərbi-siyasi tərəfdaşına çevirəcək. Bu ölkəmizin maraqları baxımından mühüm hadisədir.
Diqqət yetirsək, görürük ki, dünya siyasəti olduqca mürəkkəbdir.  Regionumuz olduqca mürəkkəb zonada yerləşir.  Amma bu qədər mürəkkəbliyin içində bir də bir sadəlik var.  Ona görə də bəzən deyirlər ki, ən mürəkkəb şey ən sadə şeydir. 12 iyul hadisələrindən sonra yeni bir strateji həqiqətlər, çılpaqlıq ortaya çıxdı.  Bu da ondan ibarətdir ki, baş verən bu qədər hadisələr fonunda Azərbaycanın arxasında  sadəcə yalnız onun təbii, tarixi strateji müttəfiqi dayandı. Bu mürəkkəb hesab edilən dünya siyasətinin çox sadə izahıdır.  Bu gün ölkəmizin milli maraqları tarixən  olduğu kimi Türkiyə iləmünasibətlərin daha da inkişaf etdirilməsini zəruri edir. Azərbaycan Prezidenti də Türkiyə Milli Müdafiə nazirini qəbul edərkən məhz buna vurğu edərək  qardaş ölkənin bütün sahələrdə olduğu kimi, hərbi əməkdaşlıqda da ölkəmizin bir nömrəli tərəfdaşına çevriləcəyini diqqətə çatdırdı”.
R. SOLTANOV

Sizin Reklam Yeriniz