Əlaqə Arxiv
news Image
2020.08.19
08:30
| A A A
Ermənilər yenə hədlərini aşır
Belə yerdə deyiblər ki, günah öldürəndə yox, öləndədir

Ermənistan Xarici İşlər Nazirliyi Şərqi Aralıq dənizi ilə bağlı açıqlama verərək Türkiyəyə qarşı ittihamlarla çıxış edib. Belə görünür ki, düşdüyü ağır vəziyyət bu ölkənin siyasi hakimiyyətində güclü sarsıntı yaradıb. Həqiqətən iqtisadiyyatın dağınıqlığı, pandemiya böhranının dərinliyi, Azərbaycanın iqtisadi blokadasından çıxa bilməməsi, erməni cəmiyyətində sonu puç olan faşizm ideologiyasının sürətlə yayılması Ermənistanı intihara sürükləyir. Belə bir psixi pozğunluq fonunda, bəlkə də, “başından böyük qələt” eləmək normal sayılmalıdır, amma özündən böyüklərə sataşanda onun səbəbləri araşdırılmır və sadəcə tədbir görülür ki, yerində otur. 
Türkiyə Xarici İşlər nazirliyinin sözçüsü Hami Aksoy Ermənistanın Şərqi Aralıq dənizi ilə bağlı bəyanatından danışarkən deyib: “Şərqi Aralıq dənizi ilə bağlı rəy verməyə çalışan Ermənistanın dünya coğrafiyası və özünün bu coğrafiyadakı yeri ilə bağlı yanlışlıq içində olduğunu görürük.

Burada məsələ Sevan gölü (Göyçə gölü) deyil, Şərqi Aralıq dənizidir. Ermənistanın Sevr sazişi ilə bağlı təxribatçı açıqlamasından sonra bu dəfə Şərqi Aralıq dənizi ilə bağlı rəy verməsi növbəti hədsizlik və məsuliyyətsizlik nümunəsidir”.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı mətbuata müsahibəsində sərt danışıb: “Ermənistanın bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid törədən təcavüzkar siyasətinin nəticələrini aradan qaldırmaq əvəzinə, bu kimi cəfəng açıqlamalarla çıxış etməsi bir daha rəsmi Yerevanın əsl niyyətinin öz işğalçı siyasətini gizlətmək və digər ölkələrə qarşı yalan və saxta ittihamlar irəli sürmək olduğunu nümayiş etdirir.
Türkiyəyə qarşı ərazi iddialarını dövlət gerbində əks etdirən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan Ermənistanın bu açıqlaması həm gülüncdür, həm də riyakarlığın son həddi və özünə aid olmayan məsələlərə müdaxilə cəhdidir. Ermənistanın Şərqi Aralıq dənizindəki vəziyyətdən qətiyyən xəbəri yoxdur və onun bəyanatının yeganə səbəbi mövzunun Türkiyəyə aid olmasıdır”.
Səlahiyyətli şəxslərin rəylərindən aydın məlum olur ki, Ermənistan diplomatiyası, sözün həqiqi mənasında, möhkəm çaşıb. Yaxşı olar ki, ermənilər hər il Yerusəlimdəki xristian məbədində yunanlarla birincilik uğrunda çıxdıqları yumruq davası barədə fikir yürütsünlər, rəqiblərini necə əzişdirmək barədə taktika öyrənsinlər. Yoxsa ki, Aralıq dənizində Türkiyənin fəaliyyəti barədə danışmaq Ermənistanın boyuna görə deyil. Bir cizgi filmində ayıya uzaqdan söz atan dovşanın qəfil ayının pəncəsinə keçdiyi və ayı onun qulaqlarından tutub havaya qaldırdığı zaman onu titrəmə tutması Ermənistan üçün örnək olmalıdır. Əminəm ki, Ermənistanın qulaqları ələ keçəndə onu nəinki titrəmək tutacaq, dili topuq çaldığından necə yalvarması da məlum olmayacaq. 
Elə bu ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyanın BBC kanalının efirində rəzil duruma düşməsi buna aydın misaldır. Jurnalistin verdiyi sualların reallığı fonunda baş nazir “tora düşmüş balıq tək” çırpınır, suallardan yayınmağa çalışır, amma jurnalist höcəti qarşısında yalandan gülümsəyərək pərt vəziyyətini büruzə verirdi. Bir halda ki, hökumət başçısı rəhbərlik etdiyi ölkənin problemlərini nəinki çözmək, sadəcə, onu izah etmək iqtidarında deyil, onda adama deyərlər, “sən Aralıq dənizində nə qələt edirsən?”
Qeyd edək ki, Ermənistanın suçu tək bu səfehləmə ilə bitmir. Türkiyə və Azərbaycanın dərhal və sərtliklə bu sayıqlamalara cavab verməsi göstərir ki, qonşu dövlətlərin səbr kasası daha dolub. Tezliklə nələr isə baş verəcək və onda Ermənistan və erməni canilər əməllərinə görə məsuliyyətdən yaxa qurtara bilməyəcəklər.
N.NOVRUZ

Sizin Reklam Yeriniz