Əlaqə Arxiv
news Image
2020.08.20
16:11
| A A A
Deputat: "Azərbaycan öz torpaqlarının işğalı ilə heç zaman barışmayacaq"
Ordumuz, bütövlükdə xalqımız, hər bir vətəndaş vətənpərvərlik ruhunda köklənib

Ermənistan tərəfi hər zaman təxribatçı mövqeyi ilə Dağlıq Qarabağ probleminin həllini uzatmağa, status-kvonu saxlamağa çalışıb. Eyni zamanda, bu ölkənin indiki və keçmiş hakimiyyət nümayəndələri münaqişənin yaranma səbəbləri, baş verən toqquşmalar, döyüşlər barədə yanlış fikirlər səsləndirirlər.

Mövqe.az yazır ki, bu fikirləri AZƏRTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Aprel döyüşləri ilə bağlı açıqlamaları da bu qəbildəndir. Sarkisyan Azərbaycan torpaqlarının işğalında və dinc insanların qətlə yetirilməsində, Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edib: “Mətbuat konfransında onun Azərbaycanın ünvanına dedikləri yalandan başqa bir şey deyil. Məlumdur ki, məhz Ermənistanın hərbi birləşmələrində hərbi xidmətə çağırışçı və səfərbərlik ehtiyatlarının çatışmazlığı səbəbindən xarici ölkələrdən gətirilən muzdluların istifadə edilməsi praktikası geniş tətbiq olunur. Bu barədə indiyə qədər çoxsaylı faktlar açıqlanıb. Aprel döyüşləri isə Azərbaycan Ordusunun gücünü göstərdi, eyni zamanda, erməni ordusunun nə qədər zəif olduğunu isbat etdi. Məhz həmin döyüşlərdən sonra o vaxt prezident postunda olan Sarkisyan Müdafiə Nazirliyinin rəhbərliyini istefaya göndərdi”.

Deputatın fikrincə, əslində Sarkisyanın mətbuat konfransı keçirərək özünə bəraət qazanmaq üçün cəfəng fikirlər səsləndirməsi təəccüblü görünməməlidir. Çünki Ermənistan həmin döyüşlərdəki məğlubiyyətinin acısını, təsirini hələ də yaşayır. Digər tərəfdən isə Ermənistanda parlament komissiyasının həmin döyüşlərdəki uğursuzluqların səbəb və səbəbkarlarını müəyyən edərək onlara ağır cəza vermək çağırışı Sarkisyanı belə bir addım atmağa məcbur edib. Sarkisyanın səsləndirdiyi yalan fikirlər yəqin ki, onun öz tərəfdaşları, erməni ictimaiyyəti qarşısında itən nüfuzunu bərpa etməyə, xüsusilə də parlament komissiyasının qəbul edəcəyi qərarlara təsir etməyə yönələn uğursuz cəhddir. Çünki indiki hakimiyyət Sarkisyan hakimiyyətində təmsil olunmuş bir sıra vəzifəli şəxsləri müxtəlif ittihamlarla həbs edib. Sarkisyanı da belə təhlükə gözlədiyindən bu cür yalanlar söyləməyə məcbur olub.

“Bütün hallarda Ermənistan tərəfi bilməlidir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç zaman barışmayacaq. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordumuz, bütövlükdə xalqımız, hər bir vətəndaş vətənpərvərlik ruhunda köklənib. Xalqımız, dövlətimiz gec-tez öz torpaqlarını işğalçılardan azad edəcək”, - deyə deputat vurğulayıb.

Sizin Reklam Yeriniz