Əlaqə Arxiv
news Image
2020.08.21
08:30
| A A A
Ermənistanda hakimiyyətini itirmiş Qarabağ klanı “saman çöpündən yapışır”
Serj Sarkisyanın silahlanma barədə dedikləri kütlə üçündür, hərbi mütəxəssislər belə hədələrə fikir vermirlər

Bu günlərdə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan mətbuta açıqlamasında Rusiya faktoriunun regiondakı roluna işarə edərək bu ölkənin Ermənistana 50 min ton silah satdığını bəyan edib.  Rusiyanın Ermənistana silah satması haqda məlumatlar yeni deyil. Sadəcə, hər bir belə məlumat onsuz da regionda gərgin olan vəziyyəti daha da gərginləşdirir. Hətta bu məsələ ilə əlaqədar 2016-cı ildə Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota da verib. Sözsüz ki, Rusiya tərəfindən Ermənistanın işğalçı dövlət kimi silahlandırılması bizi çox narahat edir. Lakin biz həmişə bilmişik və indi də bilirik ki, Ermənistanın  Azərbaycana qarşı  başladığı Dağlıq Qarabağ münaqişəsinin ilk dövrlərindən Rusiya Ermənistana və Qarabağdakı separatçı quldur rejimə müxtəlif formalarda dəstək olub. Rəsmi Moskvanın silah-sursat, canlı qüvvə, siyasi və maliyyə formasında verdiyi bu dəstək Azərbaycan torpaqlarının işğal olunmasında həlledici rol oynayıb. Əks halda Ermənistan Azərbaycan ərazilərini işğal edə və onu 30 il işğal altında saxlaya bilməzdi.   
Aprel məğlubiyyətindən sonra da Rusiya Ermənistana silah-sursat ötürməkdən əl çəkməyib.

2020-ci il 12 iyuldakı Tovuz təxribatından sonra şimal qonşumuzdan təcavüzkar qonşumuza silah göndərilməsi daha vüsətlə davam edir. Əldə edilən məlumatlara görə, təxribatdan bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən aparılıb. Son günlərdə Rusiya Ermənistana xeyli silah satıb. Bu prosesdə “satmaq” sözü heç də yerinə düşmür. Rusiya bu silahları elə qiymətə verib ki, bunlara “hədiyyə edib” deyilsə daha yerinə düşər. Əlbəttə, silah satmaq Rusiyanın haqqıdır. Amma konkret şəraitdə və regionda təcavüzkarlıq edən dövlətə silah vermək nə beynəlxalq hüquqi məntiqə, nə də humanist çağırışlara sığır.
İndi Azərbaycanın haqqı var bütün çalarları ilə Moskvadan soruşsun ki, bizim dostluğumuz, əməkdaşlığımız hara, Ermənistanı silahlandırıb üstümüzə gəlməyə təhrik eləmək hara? Hətta demək mlazımdır ki, bu məsələ  Azərbaycan, Ermənistan və Rusiya üçbucağından dəfələrlə kənara çıxır. Çünki Rusiya Qarabağ münaqişəsinin həllində yengəlik edən üç əsas dövlətdən biridir. Bu necə barışdırıcılıq missiyasıdır ki, tərəflərdən birini silahlandırır. Bu, Minsk qrupu tərkibində necə sülh danışıqlarının koordinatorlarından biri olmaqdır ki, vasitəçiliyin qızıl qanunu olan bərabərçilik prinsipini pozur.
Madam ki, Rusiya üzərinə götürdüyü öhdəlikləri qətiyyətlə pozur, onda Azərbaycanın əlində güclü məntiq var ki, Minsk qrupunun lazımsızlığını sübuta yetirsin və onun vasitəçiliyə son qoyulması barədə məsələ qaldırsın. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Eyni zamanda onların arasında baş tutmuş telefon danışığında hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirilib. Azərbaycanın etdiyi telefon zənginin əsas məqsədi bu məsələnin aydınlaşdırılması idi ki, bizim dövlət başçımız bu haqda Putinə deyib. Bundan sonra da Rusiya Ermənistana silah ixracını dayandırmasa, onda bu o deməkdir ki, regionda müharibənin alovlanması qaçılmazdır.

Onsuz da torpaqlarının azadlığı üçün Azərbaycan hər an hücuma keçməyə hazırdır. Hər bir güllə səsi qığılcım yaradaraq alovlana bilər. Bəs, müharibə hamıya, o cümlədən Rusiyaya lazımdırmı? Sözsüz ki, bu baş verərsə, qalib başqaları olacaq. Rusiya bunu dərk etməli və Ermənistana silah əvəzində sülh haqqında müdrik məsləhətlər ixrac etməlidir. Təbii ki, o özü bunu anlaya bilsə!
N.NOVRUZ

  

Sizin Reklam Yeriniz