Dünyanın gərginlik keçirdiyi indiki dövrdə Avropa Parlamentinin bir neçə üzvü adından kimsənin saya salmadığı bəzi sərsəm çağırışlar eşidilir. Bunlardan biri Avropa Parlamentinin sosial-demokratlar qrupuna aiddir. Qrup Avropa İttifaqını Belarusla yanaşı, Azərbaycanı da Aİ “Şərq Tərəfdaşlığı” proqramından çıxarmağa çağırıb. Təbii ki, adı kimi mənası da gülünc olan bu çağırışın ciddi bir əks-sədası olmayıb. Çünki, dövlətlərin mühüm vəzifələr icra etməyə hazırlaşdığı bir məqamda bu cür çağırışlar etmək, sadəcə, boş gilizləri lüləyə ötürməklə araqarışdırmaq deməkdir.
Siyasi ekspertlərin rəyləri bu fikirləri təsdiqləyir. Hakim Yeni Azərbaycan Partiyasının deputatı Hikmət Babaoğlu bildirib ki, Avropa Parlamenti Avropa Birliyinin üç əsas struktur vahidlərindən biridir və əsas funksiyası Avropa qanunlarını elan etmək, qəbul edilmiş qanunlara demokratik nəzarət etmək və bir də Şura ilə birlikdə büdcəyə dair qərarlar verməkdir.
Parlamentinin 732 deputatı var və onların hamısının hər hansı bir məsələ ilə bağlı fərqli mövqeləri ola bilər. Fraksiyalara gəldikdə isə deputat korpusunun cəmisi dörddə biri fraksiyalaşıb. Bu isə səsvermədə o qədər də təsirli olmur. Üstəlik 7 fraksiya var və onların müxtəlif məsələlərlə bağlı müxtəlif mövqeləri olur. Ən böyük və həlledici fraksiya isə Avropa Xalq Partiyası (Xristian Demokrat) fraksiyasıdır. Sosial demokratlar fraksiyası güclü deyil.
Zaman-zaman bəzi kiçik ölkələrin təmsilçiləri erməni lobbisinin və islamafob mərkəzlərin təsiri ilə Azərbaycan əleyhinə müəyyən təxribatlara əl atırlar. Görünür bəhs olunan məsələ də belə cəhdlərdən biridir". Başlıcası isə, ən böyük və həlledici fraksiya sosial-demokratlar deyil, yəni onların nəyisə həll etmək imkanı sıfır dərəcəsindədir.
Belə olan təqdirdə Avopa Parlamentində oturanlar bu qədərmi ağıldan kəmdirlər ki, həyata keçirə bilməyəcəkləri məsələ barədə çağırışlar edirlər?! Yenə də problemin həllini ağılları çaşdıran, məsləkləri heç edən pulun üzərinə gətirməli olursan. Bəli, sosial-demokratların zəiflikləri fonunda erməni lobbisinin və pozucu qüvvələrin pulları olduqca güclüdür. Hətta deputatı səfil vəziyyətinə salacaq qədər.
Siyasi analitik Əvəz Həsənov da açıqlamasında bildirir ki, Avropa Parlamentindəki sosial-demokratlar qrupunun təklifi başdan ayağa mənasız bir təklifdir. Şərq tərəfdaşlığı 6 ölkə üçün düşünülüb. Onların bu proqrama salınması onları Avropa inteqrasiya proseslərinə cəlb etməklə yanaşı Avropa İttifaqının özü üçün təhlükəsizlik zolağı yaratmaq məqsədilə edilib: “Hər iki ölkə Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində çoxlu addımlar atıb, inteqrasiya üçün paralel sənədlər imzalayıb. Həmin sənədləri kənara qoyub birdən-birə ölkəyə demək ki, sən artıq inteqrasiya üçün yaramırsan, bu, inanılan məsələ deyil.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Li Litzenberger 2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair Simpoziumda deyib ki, Cənub Qaz Dəhlizi kimi meqalayihələr geosiyasi baxımdan unikaldır. Onun sözlərinə görə, dəyəri milyardlarla ölçülən və minlərlə kilometr məsafədə yaşayan insanların həyatlarına təsir edən layihələrın uğuru müxtəlif hökumətlərin və özəl şirkətlərin uzunmüddətli birgə fəaliyyətindən asılıdır. Avropa Birliyi və ona daxil olan dövlətlərlə bu cür sıx iqtisadi və təbii ki, siyasi bağlarla ilişkilənən Azərbaycanı hər hansı Proqramdan uzaqlaşdırmağın asan olduğunu düşünmək belə ağılsızlıqdır.
Eyni zamanda Belarus da Avropa Birliyini kənd təsərrüfatı məhsulları ilə böyük ölçüdə təmin edir. Üstəlik, Rusiya ilə sanksiyalar müharibəsinin qızğın çağında olan bir məqamda Azərbaycan və Belarus haqda verilən məsuliyyətsiz çağırışlar əslində Rusiyanın mövqeyini möhkəmləndirmək deməkdir.
Bütün bu saydıqlarımıza görə, sosial-demokratların çağırışları boşboğazlıqdır və siyasi çəkiyə malik deyil. Bu səbəbdən də onlara etinasızlıq göstərmək ən məqbul yol ola bilər.
N.NOVRUZ