Əlaqə Arxiv
news Image
2020.08.22
10:12
| A A A
Radikallar bu dəfə büdcə pulunu talamış səfirin müdafiəsinə qalxdı
Eldar Həsənovun həbsi pulun mənimsənilməsinə aiddir, yoxsa xəyanətə?


 

Keçmiş səfir Eldar Həsənovun həbsi ölkə gündəmini zəbt edib. Ona qədər baş verən həbslərin səbəbləri barədə verilən açıqlamalar cəmiyyət tərəfindən sakitcə qəbul olunub. Çünki hamısı həqiqəti əks etdirib və camaatın gözləri qarşısında baş verən hadisələr əsasında həyata keçirilib.

Lakin respublikada sayılıb seçilən və haqqında müsbət-mənfi deyə iki yerə ayrılan fikirlərə görə səfirin həbsi barədə çoxsaylı versiyalar dövriyyəyə buraxılıb.
Həbsdən dərhal sonra E.Həsənovun müdafiəsi müəyyən təbəqə daxilində birmənalı qarşılansa da, sonradan haqqında meydanda olmayan xeyli mənfi və məntiqi əsaslara söykənən nöqsanlar haqda mətbuatda geniş şərhlər verilib. Bu isə nəzarət altına alınan keçmiş baş prokuror barəsində hələlik qeyri-rəsmi şəkildə olsa da xəyanət ittihamının ortaya çıxmasını mümkün edib.
Hadisələrin xronologiyasında radikal müxalkifətin canfəşanlıq etməsi də diqqəti cəlb edir.

Saytların birində dərc edilmiş məqalədə bütün bunların təbii baş verdiyi iddia olunur: "Əslində hər şey təbii proses olaraq baş verir. Eldar Həsənovun həbs edilməsi onun müxtəlif yollarla dəstəklədiyi, maliyyələşdirdiyi şəxsləri və qrupların hay-küy salmasına səbəb oldu". Hay-küy salan qrupların siyahısında radikalların da yer aldığını iddia edən məqalə müəllifi konkret şəxslərin – Natiq Adilovun, Qənimət Zahidin, Arif Məmmədovun və digərlərinin müdafiə kampaniyasına başlamasını misal çəkir və bildirir ki, onlar Eldar Həsənovun gedişindən sonra pullarının kəsilməsindən və himayəsiz qalmalarından narahat olublar. Bu kimi faktların dəqiq olub-olmaması, yəqin ki, istintaqın gedişində təsdiqini tapacaq. Amma bir məsələ indidən dəqiqdir ki, müxalifət hər hansı mənfi təmayüllərə görə işindən uzaqlaşdırılan və ya həbs edilən məmurları öz tərəfinə çəkməyə can atır. Həmin şəxslərin neqativ əməlləri müxalifətçilər üçün əhəmiyyət kəsb etmir. Xüsusilə, keçmiş məmur varlıdırsa, müxalifətin canfəşalığı daha vüsətli olur.
Ancaq Eldar Həsənovun işində məsələ daha qəlizdir. Belə ki, KİV-lərdə yayılan məlumatlarda, şərh və təhlili məqalələrdə keçmiş baş prokuror və keçmiş səfirə qarşı daha ciddi ittihamlar yer alır. Məsələn, onu Rusiyaya xidmət (daha doğrusu, casusluq) edən 5-ci kolonun ən "hörmətli" üzvləri sırasında aid edirlər. Bu arada Ramiz Mehdiyevin çoxdan Azərbaycanda Rusiyanın maraqlarına xidmət etməsini, onunla bir sırada Ramil Usubovun və digərlərinin adlarının hallandırılması sıradan bir məsələ kimi görünmür. Üstəlik, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun, diaspor fəallarının, işdən çıxarılmış keçmiş səfirlərin adlarının hallandırılması belə bir təəssürat yaradır ki, Rusiya bu şəxslərin simasında Azərbaycanda özü üçün ehtiyat hakimiyyət şəbəkəsi yaradıbmış.
Təbii ki, radikal müxalifətin əli bu adamlara çatmaz. Amma dolayısı ilə radikallar ölkəni qarışdırmaq üçün bu şəbəkədən vəsait əldə etmək üçün yararlana bilərlər. Üstəlik, radikallar arasında Rusiyanın xüsusi xidmət orqanlarına işləyənlərin də olması istisna deyil. 
Digər bir variant da bütün bu deyilənlərin və yazılanların uydurma olması qənaətidir. Ola bilsin ki, həmin variantlar da həqiqəti gizlətmək üçün istifadə edilən tryuklar sırasındadır. Ancaq, bir həqiqət məlumdur ki, "divin canı şüşədə olduğu" kimi radikalların da ruhu pulla döyünür. İndidən radikallar Eldar Həsənovu müdafiə etməklə yaxın vaxtlarda ondan pul qopartmaq üçün əsas yaradırlar. Axı, Eldar Həsənovun varlı olduğunu bilməyən yoxdur!
N.NOVRUZ

Sizin Reklam Yeriniz