Əlaqə Arxiv
news Image
2020.08.25
08:38
| A A A
Qanun hamı üçün birdir, buna qarşı çıxanları isə...
Aydın Quliyev: “Bütün bunlar başqa məmurlara da görk olmalı və hər kəs ondan nəticə çıxarmalıdırlar” Azər Həsrət: “Onlar kütləvi tədbirlərin, toy şənliklərinin keçirilməsindən indiki məqamda çəkinməlidirlər”


Dövlətdə qəbul edilən qanun və qərarlar  hamı üçün eynidir. Kimliyindən, hansı vəzifə sahibi olub-olmamasından asılı olmayaraq, hər kəs qanunlara riayət etməyə borcludur.  Bu xüsusda əsasən də vəzifə sahibləri cəmiyyətə nümunə olmaq üçün daha məsuliyyətli olmalıdırlar.  Ancaq təəssüf ki, Azərbaycanda bir sıra indiki və sabiq məmurlar hələ də özlərini  qanunlardan yüksək tutaraq, pandemiya dövründə karantin qaydalarına əməl etməyi belə özlərinə sıxışdırmırlar.   
Politoloq Aydın Quliyev bildirdi ki, bütün məmurlar  baş verən hər xarakterli hadisədən, istər mənfi, istər müsbət olsun, nümunə götürməyi  bacarmalıdırlar:  "Nümunə götürməyi bacaran məmurun sonrakı mərhələdə hərəkətləri fəaliyyətinin davamı olacaq. İstər yaxşı, istər neqativ hadisə olsun, lazımi nəticə çıxararsa, bu birbaşa olaraq hər bir məmurun sonrakı taleyini müəyyən edəcək. Son zamanlar bəzi rayonlarda icra başçıları hətta bəhs səviyyəsində ifşa olunur.  Amma təəssüf ki, məmurların heç də hamısı bundan lazımi nəticə çıxarmır.  Ona görə də bəzən həbslər sissilə olaraq davam edir.
Eynilə pandemiya ilə mübarizə qaydalarına əməl etmək baxımından məmurların məsuliyyəti də indi bir nömrəli məsələyə çevrilib. nəticə çıxarmayan, özlərini ərköyün aparan, qanun qarşısında özlərini müstəsna səlahiyyət və imtiyaz sahibi hesab edənlər gördüyümüz kimi, aydın məsələdir ki, lazımi cəzanı da alırlar.  Bu günlərdə bəzi sabiq məmur və hazırkı deputatlar, bir sıra tanınmış adamlar karantin qaydalarını pozduqlarına görə kompromissiz şəkildə cəzalandırıldılar.
Bütün bunlar başqa məmurlara da görk olmalı və hər kəs ondan nəticə çıxarmalıdır ki,  dövlətin qoyduğu qanunları pozmaq üçün kimsə özünü səlahiyyət sahibi hesab edirsə, bu halda ölkədə qanunçuluq tam şəkildə bərqərar ola bilməz. Ona görə də ilk növbədə məmurlar qoyulan hər hansı məhdudiyyət, müəyyənləşmiş qanunu nprmaların icrasına hamıdan artıq dərəcədə məsuliyyətlə yanaşmalıdırlar. Dövlət başçısı kimliyindən asılı olmayaraq  heç kimə güzəşt olmadığını göstərdi. Son hadisə də nümayiş edirdi ki, kimliyindən, keçmişdə və bu gün  hansı xidmətlərin sahibi olmasından asılı olmayaraq qanunları pozan istənilən məmur lazımi səviyyədə cəzalandırılır və cəzalandırılacaq".
Siyasi icmalçı Azər Həsrət də bildirdi ki, qanunlar hamı üçün eynidir: "Kimliyindən asılı olmayaraq onu pozanlar cəzalandırılmalıdır. Necə ki, karantin qaydalarını pozaraq toy şənliyi keçirən bəzi məmurlarımız cəzalandırıldı. Bu olay  bütün məmurlara körk olmalıdır.  Cənab Prezidentin şəxsən özü qoyulan qaydalara ən yüksək səviyyədə əməl edir, qanun çərçivəsində davranır.
Təbiidir ki, bu müstəvidə yüksək vəzifə tutan  məmurlar da bundan nəticə çıxarmalıdır.  Onlar kütləvi tədbirlərin, toy şənliklərinin keçirilməsindən indiki məqamda çəkinməlidirlər.  Digər tərəfdən, hansısa bir məmur belə tədbirləri təşkil etmək istəsə də, dəvət etdikləri adamlar dövlətin qanunlarına sayğısı varsa,  bu cür tədbirlərə getməkdən imtina etməlidirlər.  Şəxsən bu aylar ərzində  yas mərasimlərində iştirak etməkdən çəkinmişəm.  Yəni mümkün qədər  bu tədbirlərdən çəkinmək gərəkdir.  Bu mənada da ilk növbədə məmurlar  cəmiyyətə şəxsi örnək göstərməlidirlər.  Bu baxımdan düşünürəm ki, vəzifəli şəxslər belə məclislərdə iştirakı ağıllarına belə gətirməməli,  düşünməməlidir kİ, getməsəm ayıb olar.  Əslinə qalanda,  karantin qaydalarını pozaraq bu sayaq məclislərə getməklə həmin vəzifəli şəxslər cənab Prezidentin özünə hörmətsizlik etmiş olurlar. Təbii ki, bu da qəbul edilən deyil".
R. SOLTANOV

Sizin Reklam Yeriniz