Əlaqə Arxiv
news Image
2020.08.25
08:51
| A A A
Düşmən təxribatları yeni müharibəni tətikləyir
İbrahim Rüstəmli: “Bu təxribatlar adi haldır və cəbhə bölgəsində hər hansı bir böyük münaqişə ocağının yanmasına səbəb olmayacaq” Elxan Şahinoğlu: “Bu cür təxribatların sayı çoxaldıqca hərbi toqquşmanın baş verməsi ehtimalı da artacaq”


Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.
Bu hadisə onu göstərir ki,  düşmən tərəfi təxribatlarından əl çəkmir.  Bir müddət əvvəl Ermənistan Tovuz istiqamətində təxribat törədərək, burada şiddətli döyüşlərin getməsinə rəvac verdi.  Hansı ki, həmin hadisə fonunda düşmən aprel döyüşlərindən sonra növbəti ciddi zərbə aldı.  Bununla belə, Tovuz hadisələrinin ardınca düşmənin növbəti təxribat  hərəkəti belə deməyə əsas verir ki, Ermənistan hələ də  danışıqlar prosesində maraqlı deyil.  Maraqlı olsaydı, nə belə təxribatlara yol verərdi, nə də ki, danışıqlarda real nəticənin əldə olunmasına əngəl olmazdı.  Hadisələrin bu sayaq gedişi onu göstərir ki, cəbhə xəttində düşmən daha ciddi zərbə almayınca sakit dayanmayacaq və işğalı davam etdirəcək.   Bu təxribat fonunda cəbhədə yenidən şiddətli döyüşlər başlana bilərmi?
Ehtiyatda olan polkovnik-leytenant İbrahim  Rüstəmlinin fikrincə,  düşmənin bu təxribatları cəbhədə yenidən şiddətli döyüşlərin  başlanmasına gətirib çıxarmayacaq: “Ermənilərin diversiya-kəşfiyyat qrupu tərəfindən növbəti təxribat zamanı bu olayın qarşısının alınması  və erməni leytenantının əsir götürülməsi Azərbaycan hərbçilərinin ayıq-sayıqlığından, onların döyüş postunda qarşıya qoyulan tapşırığı yüksək səviyyədə yerinə yetirmələrindən xəbər verir.  Bu mənada da Azərbaycan əsgərlərilə qürur duyuruq.  Düşmən tərəfi zaman-zaman davamlı şəkildə belə təxribatlara yol verib.  
Bir sıra erməni diversiya qruplarının təxribat hərəkətlərinin qarşısı tam zamanında alınıb . Zaman-zaman  pəşəkar hərbçilərimiz düşmən diversiya qruplarının təxriabtlarının qarşısı, ya da onların bu istiqamətdə həyata keçirnmək istədiyi planların qarşısını müvəfəqqiyyətlə ala biliblər.  Bu zaman da düşmən çoxsaylı itkilər verib. İndiki  həssas bir dövrdə isə bu hadisənin baş verməsi diqqəti daha çox cəlb edir.  Çünki bir müddət əvvəl, Ermənistanın Tovuz bölgəsində törətmək istədiyi təxribat  indiyə kimi baş verən anoloji təxribat hadisələrinin hamısından fərqlənirdi.  Ona görə ki, həmin təxribat düşmən tərəfindən işğal edilən və yaxud ona yaxın ərazilərdə deyil, Azərbaycan Ermənistan dövlət sərhədində törədildi.  Onun da arxasında dövlətimizə qarşı yönələn planlar dayanırdı.  Nə yaxşı ki, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın da qarşısını yüksək səviyyədə ala bildilər.  Ümumiyyətlə götürdükdə,  düşmən tərəfindən bu sayaq təxribatlar az qala hər gün baş verir.  Lakin Azərbaycan ordusunun ayıq-sayıqlığının hesabına düşmənin bu təxribatlarının demək olar ki, hamısı boşa çıxır.  Son hadisə zamanı erməni zabitinin həbsi də onların bu istiqamətdə davamlı olaraq planlar həyata keçirdiklərinin göstəricisidir. 
Ancaq düşmənin belə təxribatlarının şiddətli döyüşlərin başlanmasına səbəb olacağını düşünmürəm.  Çünki təxribatlar adi hal sayılır.  Hansı ki, hərbi qulluqşularımız düşmənin təxribatlarının qarşısını layiqincə ala bilirlər.  Düşmənin bu niyyətinin baş tutmamasının tək səbəbi də Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, qəhrəmanlığı  və əsgərlərimizin ayı-sayıq olmasıdır. Bu təxribatlar adi haldır və cəbhə bölgəsində hər hansı bir böyük münaqişə ocağının yanmasına səbəb olmayacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə düşünür ki, təxribatların sayı artdıqca hərbi toqquşma ehtimalı da artacaq: “Dövlət başçısı İlham Əliyev son açıqlamalarında qeyd edib ki, danışıqlar baş tutmur, ona görə də yekun həmləyə hazırlaşmalıyıq.  Yekun həmlənin isə nədən ibarət olduğunu ermənilər də yaxşı anlayır.  Ona görə də diversiya kəşfiyyat xarakterli təxribatlara baş vurmaqla  sanki ölkəmizin hərbi planlarını müəyyənləşdirməyə çalışırlar.  Amma həqiqətən də bu cür təxribatların sayı çoxaldıqca hərbi toqquşmanın baş verməsi ehtimalı da artacaq. Belə ki, artan təxribatlar yenidən cəbhə bölgəsində toqquşmaların baş verməsinə gətirib çıxara bilər. Bu gözləniləndir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz