Əlaqə Arxiv
news Image
2020.08.26
13:24
| A A A
Korrupsiyaya qarşı ictimai nəzarət mexanizmi güclənir
Azər Allahverənov: “Azərbaycan bu gün elə bir mərhələyə daxil olub ki, əldə edəcəyimiz bir çox uğurlar həm də korrupsiya, rüşvətxorluğa qarşı seçəcəyimiz strategiyanın uğurundan asılıdır”


“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram”. Prezident İlham Əliyev Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib. İctimai nəzarət mexanizmi korrupsiyaya qarşı mübarizədə nə dərəcədə səmərəli rol oynayacaq?
İctimai xadim Azər Allahverənov qeyd etdi ki, korrupsiyaya qarşı mübarizədə bir neçə üsul effektivdir ki, onlardan da biri məhz ictimai nəzarət mexanizminin təmin edilməsidir:  “Rüşvətxorluq və korrupsiyaya qarşı mübarizədə bir neçə üsul kifayət qədər effektivdir.  O üsullar arasında da ictimai nəzarətin xüsusi yeri  var. 
Rüşvətxorluq və korrupsiya dedikdə, söhbət cəmiyyətin təbəqələrini əhatə edən, müxtəlif təbəqələrinin maraqlarına  zidd olan əməllərdən gedir.  Konkret olaraq belə hallar hansısa bir vətəndaşın bu və ya digər formada hüququnun pozulmasıdır. Korrupsiya, rüşvətxorluq təəssüflər olsun ki, cinayət tərkibli əməllər sırasında daim gündəmdə saxlanılan və bu gün də aktual olaraq qalan məsələlərdən biridir. Onunla mübarizə qanunvericiliyin tələblərinə uyğun olaraq həm hüquqi müstəvidə  aparılmalıdır.  Eyni zamanda, mübarizə sosial aspekdə də getməlidir.  Bunun başqa aspektləri, mənəvi aspeki də var.  Amma məsələyə sosial aspektdən yanaşdıqda,  burada daha çox ictimai iştirakçılıq, ictimai nəzarət kimi  elementlərin olması, xüsusən də korrupsiyaya qarşı mübarizədə onun geniş şəkildə tətbiq edilməsi mühüm addımdır”.
Həmsöhbətimizin fikrincə,  Azərbaycan bu gün elə bir mərhələyə daxil olub ki, əldə edəcəyimiz bir çox uğurlar həm də korrupsiya, rüşvətxorluğa qarşı seçəcəyimiz strategiyanın uğurundan asılıdır:  “Ciddi hədəflər müəyyən etmişiksə, yaxın gələcəkdə bir çox sahələrdə inkişaf istiqamətində ciddi hədəflər müəyyən etmişiksə,  bu uğurlarımız yalnız korrupsiya və rüşvətxorluğa əsaslı şəkildə qalib gəldikdən sonra baş verə bilər.  Ona görə də istənilən resurslar vasitəsilə bu sosial bəlaya qarşı mübarizənin aparılması olduqca vacibdir, həyati əhəmiyyətlidir.  Bu prosesdə ictimai iştirakçılıq, ictimai nəzarət, ictimai qınaq kimi elementlər xüsusən də koronavirus pandemiyası şəraitində özünün vacib element kimi rolunu göstərdi.  Pandemiya  şəraitində vətəndaş həmrəyliyinə çağırışlar, onların davranışları ilə bağlı qaydalar, sosial məsafənin gözlənilməsi kimi məsələlər həm də ictimai nəzarətlə, ictimai qınağın bütün imkanlarından istifadə edilərək əldə edilən  nailiyyətlərdən  biridir.  Dövlət nə qədər də belə bu sahədə təcrübə həyata keçirsə, ictimai nəzarət dövlətin yanında olmasa proses o qədər də effektli alınmayacaq, ona görə də ictimai nəzarət mütləq şərtdir”. 
A. Allahverənov bildirdi ki, sözügedən çirkin əməllərə qarşı mübarizə prosesində ictimai nəzarətin ən böyük üstünlüyü ondadır ki, həyata keçirilən bu və ya digər strategiyanın hansı səviyyədə və necə həyata keçirildiyinə ən azından nəzarəti həyata keçirə bilir: “Yəni keyfiyyət indikatoru, meyarları üzrə  ictimai nəzarət tətbiq edilən bir siyasətdir.  Azərbaycanda da ictimai nəzarət, ictimai qınaqla bağlı məsələlər daim gündəmdə olan məsələlərdir.  Hesab edirəm ki, dövlətin marağına cavab verən istənilən məsələlərin həyata keçirilməsində ictimaiyyət nümayəndəsinin təmini, istərsə də ictimaiyyətin geniş şəkildə təmsil olunması,  ictimai iştirakçılıq vasitəsilə strategiyanın həyata keçirilməsi olduqca vacibdir. Bu belə olarsa, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ciddi nəticələr əldə etməyə imkan verən bir yanaşma olacaq. 
Çalışmalıyıq ki, bu kimi məsələlərdən irəli gələn problemlərin aradan qaldırılmasında ictimai nəzarəti kifayət qədər güclü dayaqlar üzərində bərqərar edək və həyata keçirək.  Pandemiya şəraitində keçirilən karantin qaydalarına zidd toplantı və mərasimlərlə bağlı güclü ictimai qınağın şahidi olduq.  Sosial şəbəkələrdə dövlətin müəyyən etdiyi qanun və qaydalara zidd hərəkətləri kəskin şəkildə pisləyən və münasibət bildirənlər  məhz ictimai nəzarət mexanizmi, ictimaiyyətin ayrı-ayrı nümayəndələri oldu.  Korrupsiyaya qarşı mübarizədə ictimai nəzarəti müxtəlif təsisatlar, təşkilatlar  vasitəsilə həyata  keçirmək olar.  Hansı ki, onlar da ictimai nəzarətin və iştirakçılığın təmin edilməsində sözünü deyə bilən təşkilatlardır.  Onlara bu istiqamətdə geniş imkanlar verilməlidir və bu istiqamətdə müəyyən işlərin keçirilməsilə bağlı bir sıra işlərin icra olunduğunun şahidi oluruq”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz