Əlaqə Arxiv
news Image
2020.08.27
08:00
| A A A
Müasir Azərbaycanın məmuru müasir çağırışlara cavab verməlidir
Pandemiya dövrü üçün hökumətin müəyyənləşdirdiyi qaydalara əməl edilməsi prinsipi görülən işlərin ortaya çıxardığı mənfiliklərin son dalğası hesab edilə bilər

 

Əsrlərin sınağından çıxmış bir el məsəlində deyilir: “Dost çətində sınanar”. Koronavirus pandemiyasının zamanım gedişatını dəyişdirəcəyini əvvəlcədən deyənlər, görünür, bu müdrik kəlamı düşünərək rəylərini veriblər. Bu gün Azərbaycan cəmiyyətində gedən milli-mənəvi və mental dəyişikliklər həmin rəylərin təsdiqidir. Xüsusilə, hakim partiyanın sıralarında baş verən təbəddülatlar gözlənilməz olduğu qədər də gözlənilən idi. Ölkəmizdə inkişaf və müasirləşmə istiqamətində baş verən köklü dəyişiklikləri sakit inqilab adlandırmağa tam haqqımız var. Başlıca məsələ də odur ki, xalq bu inqilabı alqışlayır, müdafiə edir və onda iştiraka can atır. Bu o deməkdir ki, yeniləşmə hərəkatının hərəkətverici qüvvəsi xalq özüdür. Hərakatın ideyavericisi və rəhbəri isə ölkə prezidentidir. Fikir vermisinizsə, Prezident İlham Əliyev öncə ictimai nəzarətin gücləndirilməsi platformasını yaradaraq geniş əhali kütləsinin ictimai fəallığa cəlb edilməsini təmin etdi. Fəallaşmış vətəndaşlar yerlərdə gördükləri mənfi hallar, xüsusilə də məmurların fəaliyyətində narazı qaldıqları məqamlar haqda müntəzəm olaraq sosial şəbəkələrdə çıxışlar etdilər. Bununla da kadr islahatları çərçivəsində görülməsi lazım olan işlər müəyyənləşdi. Bunun ardınca ciddi siyasi iradə göstərən dövlət başçısı kadr islahatlarına başladı. Köhnə təfəkkürlər, aşınmış dünyabaxışlar bu konteksdə sıradan çıxdıqca xalq daha da fəallaşdı. Və nəticə etibarı ilə cəmiyyətimiz irəliyə doğru böyük addımlar atdı.
Bu günlər pandemiya dövrü üçün hökumətin müəyyənləşdirdiyi qaydalara əməl edilməsi prinsipi görülən işlərin ortaya çıxardığı mənfiliklərin son dalğası hesab edilə bilər. Məsələ burasındadır ki, xalqımızın bəzi mental dəyərləri sovet dövrünün yaramaz mənəvi metodologiyası əsasında tamamilə yararsız hala salınmışdı. Bu yaramazlıqlara qarşı səsini çıxardan kimi ağsaqqallıqdan, böyük-kiçiklikdən dəm vuraraq gənclərin yolu bağlanırdı. Əlbəttə, yaşlı insana hörmət etmək hamının başucalığıdır. Amma “ağsaqqallıq institutunun” meyarları nədir, buna necə, hansı şəraitdə əməl edilməlidir, bu məsələdə birmənalı hökm ola bilməz. Çünki xalq “Allahsız yerdə otur, böyüksüz yerdə oturma” deməklə yanaşı “Ağıl yaşda deyil, başdadır” kəlamını da deyib. Buna görə də cəmiyyətdə ağsaqqallıq institutundan yerli-yersiz, sui-istifadə etmək normal qəbul edilə bilməz. Təəssüf ki, bir çox, əsasən də xalqın gözündə mənəvi tarazlığını itirən, vəzifədə olan vaxt rüşvətxorluğu və əliəyriliyi, yerlibazlığı, dostbazlığı, dəstəbazlığı iş metoduna çevirən, imperiya dövrünün kütləni çapıb-talamağa yönəlmiş təsəvvürləri ilə yaşayan, istər indiki, istərsə də keçmişdən qalan məmurların idarəetmə strukturundan uzaqlaşdırılması vacibdən vacibdir.
Bəzi məmurların qaydaları pozaraq kütləvi şənlik tədbirləri keçirməsi bu istiqamətdə nəinki pis nümunədir, hətta hakimiyyətə qarşı səbatsızlıq göstərmək formasıdır. Axı, niyə? Bu hakimiyyət sənə etimad göstərib, vəzifə verib, cəmiyyətin orbitinə çıxarıb. Bəs, əvəzində sən nə verimisən? Bizim hökumət iclaslarında tez-tez “xalqın gözü tərəzidir” misalı çəkilir. Bu, hakimiyyətin siyasətində xalqa güvəınməyin bariz nümunəsidir. Xalq isə səni bəyənmir, bu bir, uzun müddət işləsən də ölkəyə ciddi bir xeyir gəyirməmisən, bu iki, gənclərin yolunu kəsmisən, bu üç, vəzifədə olduğun müddətdə əldə etdiyin var-dövlətlə aldığın məvacib arasında yerdən göyəcən fərq var, bu dörd, daha hansını deyəsən, sayasan ki, köhnə təfəkkürlü məmur öz mənəvi mahiyyətini aydın dərk edə bilsin. Belələri başa düşməlidirlər ki, artıq ədəbi əsərlərin mənfi tipləri rolunu oynayırlar və nə qədər ki, cəmiyyət onların üzlərinə durmayıb, çəkilsinlər kənara, əks halda islahatlar dalğası onları kənara yox, bayıra atacaqdır.
Bizə yeni məmur tipi hava-su kimi lazımdır. Azərbaycan inkişaf edən cəmiyyətdən inkişaf etmiş cəmiyyətə keçidin astanasındadır. Dövlətimizə məni dəstəkləyən adam yox, mənimlə gələcəyə getməyi, müasirləşməyi bacaran kadrlar, məndən sonra ölkəmizin inkişaf dinamikasını saxlamağı bacaranlar lazımdır. Bütün tərəqqipərvər insanların lənətlədiyi korrupsiyadan qurtulmaq, həyatımızı real əks etdirən şəffaflığı təmin etmək, milli birliyimizi gücləndirmək kadrların fəaliyyətindən asılıdır. Məmur vətəndaşa necə yanaşırsa, vətəndaş da məmura eynu münasibəti sərgiləyir. Sosial şəbəkələri bir izləyin, görün köhnələr haqda sadə insanlar nələr yazır, hansı şikayətləri edirlər. Köhnələr bu iradları diqqətlə oxumalı, anlamalı və yerlərini müəyyənləşdirməyi bilməlidirlər. Bunu bacarmayanlar isə əməllərinin hesabatını ən ciddi şəkildə verməli olacaqlar, yaşından və keçmiş vəzifəsindən asılı olmayaraq.
N.NOVRUZ

Sizin Reklam Yeriniz