Əlaqə Arxiv
news Image
2020.08.28
08:40
| A A A
Qafqaz uğrunda ikitirəlik güclənir
Azərbaycanın strateji əhəmiyyəti artdıqca Rusiyanın seçmək dilemması da kəskinləşir


 

Dünya düzəninin yenidən qurulması fonunda Cənubi Qafqaza maraq getdikcə artır. Ancaq bu regionda hansı gücün təsirinin artması məsələsinə də aydınlıq gəlir. Artıq Türkiyə bu istiqamətdə nüfuzunu xeyli gücləndirib və gələcəkdə daha da güclənəcəyi həll edilmiş məsələ kimi görünür.

Siyasi aksiomaya görə Türkiyənin əldə etdiyi güc yeni təsir forması ilə meydana gəlmir, sadəcə, Rusiyanın itirdikləri Türkiyənin ixtiyarına keçir. Bu da əsassız deyil. Çünki, Qafqaz tarixən türklərin olub. Bir vaxtlar, Rusiya imperiyasının çiçəkləndiyi dövrlərdə rusların ətraf regionlara basqınları, apardıqları müharibələr nəticəsində onlar ərazilərini və nüfuz dairələrini genişləndirmişdilər. İndi əks proses gedir, yerli xalqların azadlıq mübarizəsi təbii şəkildə imperiyanı zəiflədir və onun yerini müasir tələblər ruhunda türklər tutur. Burada isə imperiya ambisüiyaları yox, qardaşlıq, bərabərhüquqlu əməkdaşlıq telləri yeni, daha monolit birliklərin yaranmasını ehtiva edir.
Bu proses ağrılı olur. Xüsusilə də Qafqaz hökmranlığı üçün yaradılmış Qarabağ münaqişələri kimi problemlər ikitərəfli münasibətlərin normal axarını pozur. Necə ki, Azərbaycan torpaqlarının işğal edilməsi istiqamətində Kremlin yürütdüyü siyasət bu gün Rusiyanın başı üzərində Domokl qılıncı kimi asılaraq qalıb. Bütün dünya bilir və dəfələrlə təsdiqləyib ki, Qarabağ münaqişəsinin həll açarı Moskvanın əlindədir. Digər dövlətlər də, supergüclər də ikinci dərəcəli rol oynayır. İndi danışıqlar stolunda əyləşənlər başa düşürlər ki, danışıqlar aparıb iki vuruşan dövlət arasında atəşkəs əlıdə etmək mümkündür. Torpaqların işğalı və ya işğaldan azad edilməsi isə yalnız müharibə yolu ilə ola bilər. Böyük müharibəsiz başa gələn sülh isə Rusiyanın işğal zamanı oynadığı rolu təkrarlaması hesabına mümkündür. Belə ki, rəsmi xəbərləri bir kənara qoyaraq, rus hərbçilərinin işğal faktını necə idarə etdiklərini yada salaq. İşğal prosesi təzə başlayanda, əgər rus hərbçiləri hər hansı bir kəndin azərbaycanlılar tərəfdən girəcəyində post qururdularsa, demək, ora azərbaycanlılar yaxınlaşa bilməzdilər. Çünki hamı bilirdi ki, yaxınlıqdakı meşələrdə Rusiyadan gəlmiş qoşun biləşmələri gizlənib. Ermənilər sakitcə kəndə daxil olur və elan edirdilər ki, ciddi döyüşlər nəticəsində kəndi guya azad ediblər.

Azərbaycanlılar isə dinə bilmirdilər, ona görə ki, onlara silahlanmağa imkan verilmirdi, Moskvanın regionda varlığı buna imkan vermirdi. İndi həmin rolu təkrarlamağa rusların iradəsi çatarmı? Bu, görünmür və baş verəcəyi halda Kremlin Ermənistanı itirəcəyi labüddür. Digər halda isə Azərbaycanın itirilməsi gündəmdədir. Çünki ermənilərin uğursuz Tovuz təxribatından sonra, Rusiya öz forpostuna zəifləmiş diqqətini artırmağa başlayıb. Bakı isə bu fəaliyyəti görür və daha əvvəlki kimi susmaq məcburiyyətində deyil. Çünki müstəqillik əmsalı elə bir həddə çatıb ki, birincisi, buna qüdrəti çatır, ikincisi, etirazını bildirməsə, onda beynəlxalq nüfuzuna xələl gələ bilər. Demək, situasiya Bakı ilə Moskvanı üz-üzə qoyur. Hazırkı şəraitdə hansı dövlət bu qarşıdurmaya hazırdır?
Azərbaycan tarixinin yüksəliş dövründədir. Ölkənin müstəqilliyi ildən-ilə möhkəmlənir, beynəlxalq nüfuzu artır, dünya siyasətində əhəmiyyətli yer tutan Cənubi Qafqazın lideridir, sürətli inkişaf dinamikasını saxlamağı bacarır və mədəniyyət və humanizm beşiyi kimi dünyada çəkisini yüksəldir. Rusiya isə bir neçə əsr ərzində qazandıqlarını itirə-itirə gedir. Hətta öz imperialist siyasəti sayəsində slavyan qardaşları ilə də yola gedə bilmir. İşğallar, birtərəfli münasibət, hökmranlıq ambisiyaları Kremlə dünyada şər yuvası damğasını vurub. Azərbaycanla münasibətləri itirsə, Rusiyanın yanında yalnız ona da xəyanət edən Ermənistan olacaq. Zamanı gələndə isə ermənilər zərbəni arxadan vurub, ondan uzaqlaşacaqlar. Bu ssenarini anlamaq üçün ciddi düşünməyə ehtiyac yoxdur, elə indinin özündə ernəni siyasi hakimiyyətinin tryuklarına diqqətlə nəzər salmaq bəs edər.
Başqa bir tərəfdən ayıq siyasətçiləri aşkar görürlər ki, Türk Dünyasının dirçəlməsi, beynəlxalq siyasətdəki rolunu özünə qaytarması tədriclə olsa da gedir. Bu səbəbdən Türk dövlətləri ilə əməkdaşlığa can atanların sıraları getdikcə genişlənir. Rusiya əhalisinin yarıdan çoxu isə türk kökənlidir. Türk Birliyi siyasi və hərbi supergücə çevriləndən sonra isə işğal edilmiş torpaqlarının azadlığı uğrunda gedən danışıqlara tanklar, toplar, döyüş təyyarələri ilə gələcək.

Bu, tarixdən məlumdur. Çünki bir millət olaraq türklərin kredosu düzlük, haqq-ədalətdir. Bu millətlə düşmən olanlar yox, dost olanlar qazanırlar. Hətta türklə dost olub onun hesabına gözəl yaşamaq da mümkündür. Təki, xəyanət etməyəsən.
İndi bu meyarlar əsasında Rusiyanın Azərbaycanı itirməsinin soucunun nə olacaqğı barədə Kremldə düşünsələr yaxşı olar. Bu cür mülahizələr hədə-qorxu yox, dinc yanaşı yaşamağın formulunu göstərməkdir. Bu mənada Qarabağ münaqişəsinin həlli üçün danışıqlar bərpa ediləcəksə, onda ilk növbədə, Minsk qrupunun həmsədrlərindən olan Rusiyanın konstruktiv mövqe sərgiləməsinə ciddi ehtiyac var.
N.NOVRUZ

Sizin Reklam Yeriniz