Əlaqə Arxiv
news Image
2020.08.28
09:33
| A A A
Kreml ənənəvi Qarabağ siyasətindən əl çəkmir
Nəzakət Məmmədova: “Sözügedən görüş münaqişənin həlli istiqamətində nəyisə dəyişməyəcək”


Xəbər verildiyi kimi, avqustun 26-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfər edib. Bu səfər çərçivəsində o, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlər, mövcud əlaqələrin daha da genişləndirilməsi, habelə Dağlıq Qarabağ məsələsi müzakirə predmeti olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Hər iki ölkənin rəhbərləri arasında mövcud olan sıx təmasların və həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi, habelə ö\lkələr arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafına dair həyata keçirilən qarşılıqlı fəaliyyət üzrə yol xəritələrinin əhəmiyyəti qeyd olunub,  Görüş çərçivəsində həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ötən ilin noyabr ayında Rusiya Federasiyasına həyata keçirdiyi rəsmi səfəri çərçivəsində irəli sürülmüş innovasiya sahəsində yeni yol xəritəsinin tezliklə təsdiqlənəcəyinə dair ümid ifadə olunub.
Ticarət-iqtisadi münasibətlərin inkişafı və regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malik olan Şimal-Cənub nəqliyyat dəhlizinin tam istifadəyə verilməsinə dəstək ifadə edilib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair razılıq ifadə ediblər. Baş Assambleyanın COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunan xüsusi sessiyasının çağırılması təşəbbüsü Rusiya tərəfindən dəstəklənib. Əlbəttə ki, görüşdə əsas məsələ olaraq Dağlıq Qarabağ problemi də müzakirə edilib. Azərbaycan XİN-in mətbuat xidmətinin yaydığı bəyanatda da bildirilir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə də fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törədilən son hərbi təxribata toxunaraq, bu insidentin, eləcə də Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən bəyanatlarının münaqişənin danışıqlar yolu ilə həllinə əngəl törətdiyini qeyd edib. Münaqişənin həlli üzrə BMT TŞ qətnamələrinin tələblərinə uyğun olaraq, mahiyyət üzrə danışıqların aparılmasının vacibliyi vurğulanıb. Öz növbəsində, Sergey Lavrov münaqişənin həlli üzrə danışıqların davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Azərbaycan və Rusiya XİN başçılarının görüşü Qarabağ məsələsinə nə vəd edir?
Politoloq  Nəzakət Məmmədovanın fikrincə, bu görüş də göstərdi ki, həmin təmaslar Dağlıq Qarabağ probleminin həllinə heç nə vəd etmir: “Bu görüşlərdən açığını deyim ki, Qarabağ konfliktinin həlli istiqmətində hər hansı bir irəliləyiş gözləmirəm. Bu məsələ əvvəla, şəxslərdən, onların savadından asılı məsələ deyil. Bu Rusiyanın regional siyasətinə bağlı  məsələdir. Onu da Ermənistan və Azərbaycanda heç kim dəyişə bilməz.  Heç Putin də dəyişə bilməz.  Bu problem Rusiyanın imperiya xislətindən irəli gələn məsələdir. Tovuz döyüşləri və onun ardınca  Moskvanın Ermənistana silah  göndərməsi fonunda status-kvonun pozulması təhlükəsi yarandı.  Rusiya status-kvonu bərpa etmək istəyir. Yəqin Ceyhun Bayramovu da ona görə çağırıblar. Lavrov da bəyanat verib ki, Minsk qrupunun formatı dəyişməz qalmalıdır, danışıqları gücləndirmək lazımdır.  Bununla Rusiya tərəflərə demək istəyir ki, yenə də sizləri Minsk qrupundan asılı edirəm, heç nə də edə bilməzsiniz.  Yəni Kreml deyir ki, proses əvvəlki tək davam etməlidir.  Heç bir kimsə regiona daxil ola bilməz. Bütövlükdə bu foonda nə sülh olacaq, nə də müharibə. Ara-sıra tərəflərdən hər hansı birinə təzyiq etmək üçün atəşkəs pozulacaq, şəhidlərimiz olacaq.  Rusiyanın istədiyi budur. 27  ildir bunu edir. Halbuki istəsəydi, problemi 27 günə həll edərdi. Moskva bu addımları ilə çalışır ki, hər iki dövlət ondan asılı olsun. Şimal ölkəsi istəyir ki, işğal edilmiş ərazilər de-yure Azərbaycanın olsun, amma de-fakto ermənilərin nəzarətində olsun. Yəni “yabloko razdora”,  almanı bölə bilməyək. Hər iki dövlət Rusiyanın ətəyindən yapışsın, ona ümid etsin, Kreml də məsələni bu vəziyyətdə saxlamaqla hər ikisinə də nəzarət etsin. İvan Qroznıdan bəri ruslar bu siyasəti yürüdür. İndi də qalmışıq İvanın əlində. Türkiyə Azərbaycana gəlsə vəziyyət dəyişəcək. Ya Türkiyə bura gəlib hərbi baza yaratmalı, ya da  Azərbaycan Avropa Birliyilə Assosiativ Sazişi imzalamalıdır.  Bunlar olarsa, problem ətrafında dəyişikliyə ümid  var.  Rusiyanı neytrallaşdırmaq üçün bura kənar güc gəlməlidir. Ona görə də sözügedən görüşün münaqişənin həlli istiqamətində nəyisə dəyişəcəyinə inanmıram”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz