Azərbaycanın müstəqillik tarixinin mərhələlərini izlədikcə gedən inkişaf prosesinin bütün aspektləri aydın görünür. Bu prosesdə imperiyanın bataqlığına salınmış bir ölkənin müstəllik yolunda çəkdiyi iztirablar, enişli-yoxuşlu irəliləyişinin bütün çalarları çılpaqlığı ilə əks olunur.
Müasirlərimiz bütün bu işlərə şahidlik etməklə zəngin təəssüratlar əldə edirlər. Həyatımızın ən önəmli cəhəti qarşıya çıxan təbəddülatların aradan qaldırılması və gələcəyə doğru nikbin dünyagörüşü ilə getməyimizdir.
Hazırda yeni əsrin ilk 20 ilinin növbəti təbəddülatı yaşanır. Bu dövrü şərti olaraq “məmur təbəddülatı” da adlandırmaq olar. Belə ki, dövlət strukturunun bütün pillələrində başlanmış kadr islahatları gözlənilməz faktları ortaya çıxarıb. Heç demə, Azərbaycanda “5-ci kolon” adlandırılan güruhun kökləri çox dərinə işləyib. Üzdə olan, ağzına gələni danışan və adını radikal qoyan müxalifətin arxasında böyük bir məmurlar ordusu varmış. Görünür, tarixdə baş vermiş bu cür olaylara görədir ki, düşməni əksər vaxtlar bayırda yox, evin içində axtarmaq lazım gəlirmiş.
İndi də Azərbaycan belə bir biabırçı hadisəni yaşayır.
Dərhal belə bir sual doğur ki, axı, niyə? Bu sualın cavabı uzundur, amma qısa şəkildə cavabı bir sözlə ifadə etmək olar: acgözlük! Bəli, vəzifə acgözlüyü, var-dövlət acgözlüyü, satqınlıq acgözlüyü, millətimizi gözü götürməmək acgözlüyü. İndilikdə bu xəyanətkarların böyük bir dəstəsi ifşa olunub və bir qismi həbsdə, bir qismi isə dövlət təhlükəsizliyi, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nəzarəti altındadırlar. Adamın inanmağı gəlmir, bu məmurların şineli altından nə qədər var-dövlət çıxır. Bu adamlar nə kapitalistdirlər, nə biznesmen, nə də vəzifə sahibi. Bunlar qansoran istismarçıdırlar. Azərbaycanlılar həmişə sovetlərdən qurtardıqdan sonra yüksək həyat şəraiti yaşayacaqlarını düşünürdülər, amma belələrinin sayəsində xalq hələ istəyinə çata bilməyib. İndi , gör, dövlətimiz sosial mahiyyətli olmasaydı, ölkə rəhbərliyi əhalinin rifah halının yaxşılaşdırılmasına ciddi qayğı göstərməsəydoi, vəziyyət necə olardı. Əhali indi anlayır ki, korrupsiya bizi necə geri çəkib.
Hələ mənəvi zərbəni hesablasaq, daha dərinə getmiş olarıq. Heç demə, sosial şəbəkələrdə xalq üçün çalışan siyasi hakimiyyəti və hökuməti yamanlayanlar da bu zümrə ilə iş birliyində imiş.
Bir tərəfdən qaragüruhçuları qızışdırıb hakimiyyəti söydürür, o biri tərəfdən isə qaragüruhçuları ifşa etməklə dövləti qorumaq adı altında hakimiyyəti ələ keçirmək planları qururmuşlar. Başqa sözlə, dövlət rəhbərliyinin “gözünə kül üfürüb” işlərini aşıqmaq fikrindəymişlər. Ancaq, deyir, “sən saydığını say, gör fələk nə sayır”. Fələyin saydığına görə “haqq nazilər, amma üzülməz”miş. Dövlətimizin inkişaf və firavan həyat strategiyası xalqın ictimai-siyasi proseslərdə iştirakını genişləndirməklə nadir bir idarəetmə sxemi yaradıb və bu prosesin gedişində xəyanətkarlıqlar növbə ilə üzə çıxır. Baxmayaraq ki, bu adamların külli miqdarda sərvəti var, baxmayaraq ki, “xüsusi kolon” olmaq etibarı ilə xaricdə özlərinə dayaq tapıblar, “el gücü, sel gücü” məsəlinə uyğun olaraq, onların fəaliyyət perspektivi sıfıra bərabərdir. Ona görə ki, sərvətlərini qazanmayıblar, müxtəlif üsullarla oğurlayıblar, siyasi mentalitetlərinə görə isə satqındırlar.
Deyir, “su axar çıxırın tapar”. Radikallar və sosial şəbəkənin söyüş maşınını idarə edənlər hakimiyyətdən salınmış “kadrkarla” açıq işbirliyinə can atır. Yəni, “vurulmuşları” özlərinə tay sayır. Həqiqətən, ən aşağı mədəniyyətsizliklə özünü siyasi əxlaqsız kimi aparan zümrə ilə indi əməllərinə görə cəmiyyətdən kənar düşmüşlər arasında nə fərq var? İkisi də Azərbaycan xalqına yad ünsürlərdir, ikisi də xarici pozucu qüvvələrin dəyirmanına su tökür, ikisi də torpaqlarımızın azadlığına biganədir. Xaos ikisinin də iş metodudur. Və nəhayət, cəmiyyətdən çıxdaş edilmək, ikisinin də alın yazısıdır.
N.NOVRUZ