Əlaqə Arxiv
news Image
2020.09.18
08:55
| A A A
Rəsmiləşdirilməmiş bir əsrlik hərbi ittifaq
Türkiyə-Azərbaycan birliyi siyasi tələbat yox, təbii reallıqdır

Sentyabrın 15-i tarixi hər il Bakıda təntənə ilə qeyd edilir və böyük tarixi hadisə-Bakının erməni-bolşevik qəsbkarlarının çaynağından xilas edilməsi günü kimi yada salınır. 102 il əvvəl, həmin tarixdə, dünyanın nəhəng dövlətləri ilə mübarizədə başıbəlalar içərisində olan Türkiyə Nuru paşanın rəhbərliyi altında Azərbaycana ordu göndərir, qəhrəman türk əsgəri Bakını birdəfəlik Türk dünyasından qoparılması təhlükəsini sovuşdurur. Bəlkə də qardaş Türkiyə ağır dövrdə özündə güc və cəsarət tapıb Azərbaycana hərbi yürüş etməsəydi, bu gün biz gen qardaşlığımız barədə danışa bilməzdik.
Türk əsgərinin bu gün də Azərbaycana gəlməsinə ehtiyac var. Ancaq bu gəliş bir əsr əvvəlki gəlişdən olduqca fərqlənir. Çünki, bu gün Azərbaycanın Türkiyənin hərbi yardıma ehtiyacı hansı səviyyədədirsə, Türkiyənin də Azərbaycanla hərbi ittifaq qurmaq ehtiyacı o qədərdir. “Bir millət, iki dövlət” formulu ilə hər gün daha da yaxınlaşan, inteqrasiya olunan Türkiyə və Azərbaycan dövlətlərinin əməkdaşlığı tarixin möhtəşəm salnaməsinin yaradıcısı olan Türk millətlərinin parlaq nümunəsidir. Çox keçməz bu nümunə vahid birliyə çevrilər və tarix “Çoxdövlətli bir millət” formulu ilə yeni birliyə şahidlik edər.
Tarixlərimiz asan yazılmır. İndi də həm Azərbaycanın, həm də Türkiyənin dünyada dostları və düşmənləri mövcuddur. Qanlarının coşqunluğu etibarı ilə türk millətləri həyata yaradıcı və işgüzar münasibətlə yanaşır, sürət və çevikliklə inkişaf edirlər. Təbii ki, dünya dövlətlərinin inkişaf yarışında geridə qalanlar irəlidə gedənlərə “arxadan daş atırlar”. Nə qədər etnik gen birliyinə malik millətlər vahid platformada birləşməyərək pərakəndə irəliləyirlər, onda atılan daşlara tuş gəlirlər. Amma indi vəziyyət müsbətə doğru dəyişilməyə başlanılıb. Türk Birliyinin öncülləri rolunu uğurla həyata keçirən Azərbaycan və Türkiyə dövlətlərinin iqtisadi və hərbi-siyasi ilişgiləri yüksək səviyyəyə çatıb və artıq yerinə yetirilmiş bir sıra işlərin rəsmiləşdirilməsi vaxtı çatıb. Bunlardan biri də hərbi qüvvələrin inteqrasiyasını nəzərdə tutan müvafiq sazişdir.
Azərbaycan təhdid qarşısındadır. İşğalçı Ermənistan arxasında dayanan güclü havadarlarına arxalanaraq torpaqlarının bir hissəsini ələ keçirdiyi Azərbaycanı ümumiyyətlə işğal edib yer üzündən silmək niyyətini gizlətmir. Təbii ki, bu məhz onun havadarlarının planıdır ki, ermənilər həvəslə həyata keçirməyə razı olublar. Məqsəd də birdir: Türk dünyasını parçalamaq və üzərlərində hökm etmək. Lakin indi nə orta əsrlərdəki vəziyyətdir, nə də bir əsr əvvəlki vəziyyət.

Azərbaycan və Türkiyə, iki qardaş ölkə sürətlə inkişaf edən müasir dövlətlər kateqoruyasına aiddir və onların beynəlxaql  nüfuzları və gücləri hər cür təzyiqi dəf etməyə yetərlidir. Lakin düşmən nə birdir, nə də iki. Əgər bu gün bu dövlətlər birgə ittifaq yaratmasalar, düşmənlərə qarşı birgə mübarizə aparmasalar sabahkı aqibətləri necə olacaq, proqnozlaşdırmaq çətindir. Şükürlər olsun ki, hər iki dövlətin rəhbərliyi bu həqiqəti aydın görür, dərk edir və səmərəli fəaliyyət göstərirlər.   
Bu günlərdə Azərbaycanın siyasi səhnəsinin əksər oyunçuları bir yerə toplaşaraq Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının hazırkı durumunu müzakirə edib və birgə bəyanata imza atıblar. Vətəndaş Həmrəyliyi Partiyasının moderatorluğu ilə təşkil edilən videotoplantıya Tüqrkiyədən də bəzi siyasi partiyaların nümayəndələri qoşulub və bəyanatı imzalayıblar. Nədir bu bəyanat? Siyasi təşkilatlar və şəxslər mövcud reallıqlardan çıxış edərək, hər iki ölkə arasındakı münasibətlərin yeni və daha etibarlı müstəviyə çıxarılması üçün ən qısa zamanda aşağıdakı addımların atılmasını zəruri sayırlar. Birincisi, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının və işğal olunmuş ərazilərimizdə terrorçu-separatçı bir rejimin fəaliyyət göstərməsinin təkcə Azərbaycan Respublikasının deyil, həm də Türkiyə Cümhuriyyətinin maraq və mənafelərinə real və açıq təhdid yaratdığını əsas götürərək, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında strateji hərbi müttəfiqlik Sazişi imzalanmalıdır. İkincisi, hər iki ölkədə qarşılıqlı hərbi bazaların yaradılması və vahid komandanlıq altında fəaliyyət göstərən hərbi dəstələrin təşkili zəruri sayılır. Üçüncüsü, Azərbaycan-Türkiyə hərbi ittifaqının digər Türk cumhuriyyətlərinin də birliyinə təkan verməsi və genişləndirilməsi üçün digər Türk respublikalarıyla danışıqların intensivləşdirilməsi və son nəticədə, Avropa Birliyinin modelinə uyğun Türk Birliyinin yaradılması təklif edilir. Dördüncüsü, bütün Türk cumhuriyyətlərinin siyasi təşkilatları, mətbuatı, fikir adamları arasında qarşılıqlı sabit əlaqələrin və ictimai rəyi hazırlama mexanizmlərinin qurulması fəaliyyət predmetinə çevrilməsi bildirilir.
Prinsipcə, bütün bu sadalananların bir hissəsi, xüsusilə də hərbi əməkdaşlığa aid müddəalar böyük ölçüdə həyata keçirilib. Və əlaqələrimizin miqyasına və dərinliyinə görə artıq hesab edə bilərik ki, Azərbaycanda Türkiyənin hərbi bazası qurulub. Bunu sadəcə rəsmiləşdirmək qalır ki, bununla da ictimai rəyin formalaşdırılması prosesinə start verilib və çox keçməz biz bu tarixi hadisəyə şahidlik edərik. Çünki bu nəinki lazımdır, sadəcə, artıq zərurətdir. ABŞ Gürcüstanda hərbi baza yaradır, Rusiya 100 ildir ki, Ermənistanda hərbi baza saxlayır. Belə olan təqdirdə Azərbaycanda Türkiyənin hərbi baza yaratması tamamilə məntiqlidir.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz