Əlaqə Arxiv
news Image
2020.09.22
08:30
| A A A
Dost və düşmən aydın olanda siyasət də faydalı olur
Cənubi Qafqazda erməniliyin heç bir perspektivi yoxdur

 

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində qonşu  Gürcüstanla münasibətlərə də toxunub. Çünki, Azərbaycan və Gürcüstan qonşu olmaqla bərabər tarixən bir-birinə bağlı ölkələrdir. Bu respublikada bir neçə yüz min azərbaycanlının yaşaması da ümumi əlaqələrin inkişafına müsbət təsir edir. Amma bütün bunlarla yanaşı mənafeyi əsas tutan siyasətdə də ölkələrimizin əlaqəli iqtisadi inkişafını zəruriləşdirən məqamlar çoxdur. Tarixin ən ağır məqamlarında Azərbaycan Gürcüstanın dadına çatıb, bir-birlərinin mənafeyini üstün tutaraq beynəlxalq layihələr həyata keçiriblər. Karbohidrogen ehtiyatları kimi güclü strateji sərvətə malik Azərbaycanın, təbii ki, bu əlaqələrdə rolu həlledici olub. Lakin bütün hallarda Gürcüstanın da bir dövlət olaraq Azərbaycanla birgə mövqedən çıxış etməsi xalqlarımız arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə şərait yaradıb.

Cənubi Qafqazda Bakı-Tiflis tandeminin güclənməsinin bir səbəbi də Ermənistanın təcavüzkarlığına bağlıdır. Belə ki, erməniliyi siyasətin başlıca predmetinə çevirən İrəvanın siyasi elitası qədim Azərbaycan torpaqlarında özlərinə dövlət qurmalarına baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsini işğal edib, bu bir, digər torpaqlara da, xüsusilə Naxçıvana göz dikib, bu iki, üstəlik, Gürcüstana da ərazi iddiaları irəli sürüb. Ermənilər azərbaycanlıların milli-mədəni irsini oğurlamağa çalışdıqları kimi gürcü kilsəsini də mənimsəməyə cəhd göstərirlər. Məsələn, Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyasının kilsələrini erməniləşdirdikləri kimi gürcülərin də dini inanclarını erməniləşdirmək üçün əl altdan işlər görülür. Kimlər edir bunu? Gürcüstanda yaşayan və bəzi hallarda gürcü soyadı altında gizlənən ermənilər.

Prezident İlham Əliyevin bir neçə gün əvvəl yerli telekanallara verdiyi müsahibəsindən: “Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Mən indi bu tarixi faktları sadalamaq istəmirəm. Ancaq Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur. Amma baxın, Ermənistan özünü necə aparır? Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər. Orada altdan-altdan təxribat xarakterli işlər görürlər, ideoloji iş aparırlar. Amma Ermənistan Gürcüstana qarşı səmimi münasibət göstərir? Xeyr, göstərmir. Onlar gürcü kilsələrinə əsassız iddialar edirlər. Ermənilərin yaşadıqları bölgədə tarixi abidələri erməniləşdirirlər”.

Bu gün Ermənistan sürətlə silahlandırılır. Bu yay ermənilər törətdikləri Tovuz təxribatından sonra daha böyük sürətlə silahlanmağa başlayıblar. Bəs bu silahlar hardan və necə gəlir? Bu suala Azərbaycan Prezidenti konkret faktlarla cavab verib :  “Birincisi, bir daha demək istəyirəm ki, Ermənistan bizim üçün daim təhlükə mənbəyidir. Ona görə Ermənistanla əlaqədar olan bütün hadisələri biz izləməliyik və bilməliyik. Sual yarana bilər, biz haradan bilmişik ki, Serbiyadan və Rusiyadan onlara silahlar göndərildi. Xüsusilə Serbiyadan göndərildi. Bunu biz, əlbəttə ki, etibarlı mənbələrdən öyrənmişik. O ölkələrə bu məsələ ilə bağlı diplomatik kanallarla siqnallar göndərildi. Eyni zamanda, hər iki ölkənin prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim”.

Göndərənlər bəlli, bəs, bu silahlar Ermənistana hansı marşrutlarla çatdırılır? Xəritədən aydın görünür ki, ən qısa və səmərəli yol Gürcüstan ərazisindən keçir. Lakin, məlum olduğu kimi, Gürcüstan hökuməti bu alverin başı üzərindəm həyata keçirilməsinə razılıq verməyib və rus təyyarələri bir neçə dəfə uzun olan digər marşrut seçməyə məcbur olublar. Bu sədaqətə görə Azərbaycan rəhbərliyi Gürcüstan hökumətinə təşəkkürünü bildirib : “Söz düşmüşkən onu da bildirməliyəm ki, mən bu hadisələrdə Gürcüstan hökumətinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bilirsiniz ki, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Məhz buna görə Xəzəryanı ölkələrin əraziləri və hava sahələri vasitəsilə yük təyyarələri Ermənistana silahlar daşıyır. Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Deyə bilərəm ki, Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük”.

Dostluqda və əməkdaşlıqda bu cür etibarlı mövqe sərgiləmək, təbii ki, əlaqələrin gələcək perspektivləri haqda işıqlı düşüncələr yaradır. Qarşıdakı həftələrdə Azərbaycanın yeni xarici işlər naziri Gürcüstana rəsmi səfər edəcək. Gözlənilir ki, bu səfərdə əldə edilən razılaşmalar Qafqazın bu iki ölkəsinin ictimai-siyasi həyatında yeni səhifə açacaq.

Azərbaycanın dövlət başçısı tərəfindən Gürcüstan hökuməti haqda səslənən müsbət rəy gürcü saytlarının əsas müzakirə mövzusu olub. Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan “Ermənistan yeni müharibəyə hazırlaşır”, “Qarabağda adları dəyişdirilmiş kəndlərə mütləq öz əsl adlarını qaytaracağıq”, “Gürcüstanda gürcü familiyası altında olan ermənilər Gürcüstan-Azərbaycan əlaqələrini zədələməyə çalışırlar” sərlövhəli materiallarda Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni məskunlaşma planları, Gürcüstanda yaşayan və gürcü familiyası daşıyan ermənilərin təxribatları barədə Azərbaycan Prezidentinin fikirləri oxucuların diqqətinə çatdırılıb. Hadisələrin bu cür axarı sübut edir ki, Ermənistan bölgədə tamamilə təklənib. Dünyanın heç bir yerində təcavüzkarların axırı müsbət sonluqla bitmir. Ermənistanın da əməllərinə uyğun olaraq acınacaqlı sonluğu qaçılmazdır.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz