Əlaqə Arxiv
news Image
2020.09.23
07:51
| A A A
Dünya ictimaiyyətinə Ermənistan haqda yeni SOS siqnalları çatdırıldı
Cənubi Qafqazda təcavüzkarın yaratdığı gərginlik böyük fəlakətə çevrilə bilər

 

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev videoformatda çıxış edib. Bir faktı diqqətə çatdırmaq yerinə düşər ki, ərazisinə görə dünyada 112-ci, əhali sayına görə 88-ci yerdə olan Azərbaycan BMT üzvü olan 182 ölkənin iştirak etdiyi iclasda çıxış sıralamasına görə beynəlxalq nüfuzu sayəsində 6-cı idi. Bu, ölkəımizin və onun prezidentinin qətiyyətli və rasional, uğurlu siyasi, iqtisadi və mədəni reputasiyasının parlaq təcəssümü sayılır.

Hazırda beynəlxalq aləmdə baş qaldıran problemlərə qarşı birgə mübarizədən bəhs edən Azərbaycanın dövlət başçısı öz çıxışında Cənubi Qafqazın, eyni zamanda dünya siyasətinin təcavüzkar qoluna aid Ermənistanın son vaxtlar kəskinləşən antisülh ritorikasını ifşa edən bəyanatlar səsləndirib.

“Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik” – deyə, Prezident İlham Əliyev ölkəmizin sülhpərvər məramını bəyan edib. Lakin bu, o demək deyildir ki, Azərbaycan Ermənistanım hər təcavüzündən sonra beynəlxalq ictimaiyyətə çağırışlar edəcək, bununla da iş bitəcək. Yox, açıq demək lazımdır ki, artıq Ermənistanın təcavüzkarlığına görə regionda “bıçaq sümüyə dirənib”. “Ya sülh, ya müharibə” dilemması çoxdandır ki, qapını döyür. Ermənilərin təxribatçı fəaliyyətləri böyük müharibəni təbliğ edir və sürətlə yaxınlaşdırır. Əgər Azərbaycanın çağırışına operativ yanaşaraq ciddi tədbirlər görülməsə, onda müharibə qaçılmazdır və bunun ikitərəfli yox, çoxtərəfli mənfi nəticələri gözləniləndir. Amma ən ağır fəlakəti ermənilər qəbul etməli olacaqlar. Çünki, Azərbaycan ordusu yüksək hazırlıq səviyyəsindədir və Ermənistan kimi dövlətlərlə müharibədə aşkar üstünlüyə malikdir. Məsələyə hansı konteksdə yanaşılmasından asılı olmayaraq bu bir faktdır. Hətta Ermənistanın yardımına kökləndiyi dövlətlər belə işə qarışsalar da, nəticə dəyişməyəcək. Çünki, Azərbaycanın yanında qüdrətli Türkiyə dövləti və onun qorxmaz ordusu sədaqətlə dayanıb.   

Etiraf etmək lazımdır ki, Qarabağın Azərbaycanın ərazisi olması və bu haqda supergüclər və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəqiq və sərt qərarların verilməsinə Ermənistanın bu dərəcədə etinasızlıq göstərməsi dünya siyasətinin acınacaqlı vəziyyətdə olmasının nəticəsidir. Qərb dövlətlərindən hansının bir vətəndaşının hər hansı bir ölkədə burnu qanayanda dərhal total hücuma keçilir, həmin ölkə hər tərəfdən sıxışdırılır və ona qarşı ciddi iqtisadi və siyasi sanksiyalar tətbiq edilir. Bu taktika özbaşınalıq edən, çoxluğun şərtlərini, tövsiyələrini, qərarlarını qəbul etməyən və ya qulaqardına vuran dövlətlərə qarşı cəza tədbirlərini ehtiva edir. Buna görə də sual olunur ki, bəs, bu taktika ermənilərə münasibətdə niyə özünü göstərmir? Əslində bu cür cəzasızlıq mühiti ermənilərin əl-qolunu açır və daha geniş təxribatların törədilməsinə yol açır.

BMT-nin növbəti sessiyası davam edir. Reqlamentə görə bütün çıxışlar dinləniləcək və yekunda qaldırılan problemlər üzrə müvafiq qətnamə qəbul ediləcək. Azərbaycan tərəfdən qaldırılan problemlərin, xüsusilə torpaqlarımızın işğaldan azad edilməsi və ya Ermənistanın təcavüzkarlığı sahəsində qətnamədə hansı fikirlərin yer alacağını bəri başdam demək çətindir. Amma ökəmizin ərazi bütövlüyü uğrunda mübarizəsinin məzmununda bu qətnamə həlledici rol oynaya bilər. Yəni, əgər BMT sessiyası Ermənistanı beynəlxalq hüquqa hörmət etməsi üçün bir sıra öhdəliklərə məcbur edə bilsə, onda Cənubi Qafqazda sülh və sabitliyin danışıqlar yolu ilə həllinə ümid bəsləmək olar. Yox, əgər, yenə də ermənipərəst qüvvələrin səyi ilə Ermənistanın təcavüzkarlığının sanksiyalarla təhdid edilməsi baş verməsə, müharibə yolu öz aktuallığını daha da gücləndirəcək. Bu, siyasətin və azadlığın aksiomasıdır. Vaxtında tədbir görülməsə, qaçılmazdır.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz