Əlaqə Arxiv
news Image
2020.09.23
08:25
| A A A
Nasizm Ermənistanın dövlət siyasətidir
Azərbaycan növbəti dəfə ermənilik ideologiyasının iç üzünü açıb göstərdi

 

 BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində çıxış edən Prezident İlham Əliyev dünyanı narahat edən bir sıra problemlərə toxunub. Bu problemlərdən biri də Ermənistanda çiçəklənən nasizm ideologiyasıdır. “Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib”. Bu, Azərbaycan Prezidentinin ilk belə ifşaedici çıxışı deyil. Bir neçə ilə əvvəl Soçidə, daha sonra Düşənbədə Prezident İlham Əliyev erməni faşizminin regionda və dünyada törədə biləcəyi yeni dəhşətli qırğınlar barədə ciddi xəbərdarlıqlar etmişdi.

Bu gün Ermənistan hökumətinin rəhbərliyi ilə on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri yaradılır. Həmin dəstələrə yalnız insanları öldürmək, erməni olmayan hər kəsə qarşı nifrət aşılanır. Təsadüfi deyil ki, bu prosesə baş nazir Nikol Paşinyan rəhbərlik edir. Bu da səbəbsiz deyil. Bu adamın, adını daşıdığı babası ikinci dünya müharibəsi illərində faşizmin qatı tərəfdarı və icraçısı olmuş Qaregin Njdenin tərəfdarları sırasında insanlığa qarşı vuruşub. Erməni ailəsinin faşist ideoloji xəttinin davamı kimi indi nəvə nasizmin alovlu tərəfdarı qismində çıxış edir.

2017-ci ildə Ermənistanda dünya ictimaiyyətinin gözləmədiyi heykəl açılışı mərasimi keçirilib. Erməni xalqının milli qəhrəmanları sayılan və vaxtilə faşist Almaniyasının SS birləşmələrinin generalları olan erməni Njde Qareqin və Drasmat Kanayanın (“Dro”) heykəlləri ucaldılıb. Haqsızlıq yolu tutub nahaq qan tökməklə erməniliyin qəhrəmanlarına çevrilmiş bu “qoçaq”lar vaxtilə Zəngəzurda azərbaycanlıların qətliamımı həyata keçiriblər. Məqsədləri də diyarın Ermənistana verilməsini asanlaşdırmaq üçün ərazidə azərbaycanlıların sayını azaltmaq olub. II dünya müharibəsi zamanı “qoçaq”lar alman faşistləri tərəfində vuruşaraq yəhudilərə və ruslara qarşı törətdikləri amansız işgəncələrlə yadda qalıblar. O vaxt İrəvanda belələrini lənətləyir, düşmən adlandırırdılar. 

Məsələ burasındadır ki, 17 dekabr 2015-ci ildə BMT Baş Assambleyası nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamə qəbul edib. Ermənistan da həmin qətnamənin lehinə səs verib. Amma bir müddət sonra Ermənistanın üzü dönüb və cürət edib mehrini forpostu olduğu ölkənin düşmənlərinə salıb. Abidənin açılışından sonra Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib: “Bu il mayın 28-də İrəvanda III Reyxlə əməkdaşlıq etmiş, Rusiyaya, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərmiş şəxslərə abidə ucaldılması başadüşülməyən və Rusiya-Ermənistan münasibətlərinə uyğun gəlməyən davranışdır”. Rusiya Dumasının deputatı Maksim Sinqarkin isə abidə məsələsi ilə bağlı xarici işlər naziri Sergey Lavrova sorğu göndərərək Ermənistana qarşı diplomatik tədbirlər görülməsini tələb edib.

Ermənistan bu etirazlara baxmayaraq, adıçəkilən generalları erməni xalqının qəhrəmanı elan edib. O vaxt Ermənistan parlamentinin vitse-spikeri olan Eduard Şarmazanov Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasına münasibət bildirərkən deyib ki, Qaregin Njdenin İrəvanda abidəsi qoyulub, çünki o, həqiqətən erməni xalqının milli qəhrəmanıdır. Təsadüfi deyil ki, abidənin açılışında indi eks-prezident olan Serj Sаrkisyan iştirak edib. Bu isə o deməkdir ki, faşizmin təbliği dövlət səviyyəsində və açıq aparılır.

Qatı millətçilik, antitürkçülük  erməni neonasizminin baş xətti sayılır. 29 il əvvəl Azərbaycan torpaqlarını işğal edənlərin döyüş strategiyası və taktikası on minlərlə insanın öldürülməsinə, onların milli mənsubiyyətlərinə görə məhv edilməsi erməni neonasizminin baş xətti olduğunu təsdiqləyib. Xocalı soyqırımının törədilməsi buna acı, lakin real misaldır.

İkinci dünya müharibəsi illərində faşizm üzərində qələbənin əldə edilməsinə öz töhfələrini vermiş Azərbaycanı da hazırda baş qaldıran faşizmin qəhrəmanlaşdırılması, irqçilik, ksenofobiya və şovinizm meyilləri ciddi narahat edir. Təsadüfi deyil ki, BMT Baş Assambleyasının illik əsasda nasizmin və onun digər növlərinə qarşı mübarizə barədə qətnaməsinə Azərbaycan həmmüəllif kimi qoşulub və onu dəstəkləyir. Ermənistan respublikası bu qətnamənin lehinə səs versə də hamiləri kimi ikili standartlar mövqeyindən çıxış edir və ölkədə nasizmin təbliği üçün geniş iş görülür, hətta bu ideologiyanın tərəfdarları qəhrəmanlaşdırılır.

Faşistlərin irqi ayrı-seçkilik və antisemit ideologiyasını mənimsəyən Njde Qareginin formalaşdırdığı şovinist erməni milli məfkurəsi bu gün Ermənistan hakimiyyətinin rəsmi ideologiyasına çevrilib. Ən təhlükəlisi isə Ermənistanın təhsil proqramında “Njdeizm” irqçilik ideologiyası sürətlə gənclərin düşüncəsinə təlqin edilir. Bu ideologiyanın müasir baş ideoloqu isə Ermənistanın hazırkı baş naziri Nikol Paşinyandır.

BMT tribunasından erməni nasizminin gündəmə gətirilməsi təcavüzkar ermənistana vurulan ağır zərbədir. Xalqlar, dövlət rəhbərləri bu təcavüzkarın bəd niyyətləri haqda indi daha geniş məlumata malikdirlər. Bu isə ermənilərin əsl simasının göstərilməsi ilə yanaşı həm də bu dövlətin beynəlxalq aləmdə hansı mövqedə durmalı olduğunu müəyyənləşdirir.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz