Əlaqə Arxiv
news Image
2020.10.06
18:50
| A A A
Cənab Prezident “TRT Haber"kanalına verdiyi müsahibədə Azərbaycanın gücünü bir daha şərh etdi!

Şanlı Azərbaycan tarixinin ən qürurverici günlərini yaşayan Azərbaycan xalqı illərdir gözlədiyi hadisələrin iştirakçısıdır. Qarabağ yenidən Azərbaycan xalqını qarşılamaq üçün hazırlaşır. Bizə milli duyğular yaşadan Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycan Silahlı Qüvvələrinə bir ömür borcluyuq. Borcluyuq, çünki şəhidlərimizin qanı yerdə qalmadı, borcluyuq, çünki məcburi köçkünlərimiz el obasına qayıdır, borcluyuq, çünki qisasımızı alırıq!
Cari ilin 5 oktyabr tarixində İlham Əliyevin xarici kanallara verdiyi müsahibələrdən biri də baş tutdu. Qardaş ölkə Türkiyənin “TRT Haber" kanalına verdiyi müsahibədə prezidentimiz Azərbaycanın bu günkü və gələcək mövqeyini açıqladı: ”Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur. Biz bu məsələni tarixi ədalət əsasında həll etməliyik. Tarixi ədalət onu deyir ki, Qarabağ qədim Azərbaycan torpağıdır və bütün tarixi sənədlər, bütün tarixi abidələrimiz bunu göstərir.”
Jurnalistin ” Keçmiş təcrübələriniz əsasında bu dəfə başqa ölkələrin atəşkəs çağırışlarının nəticə verəcəyini düşünürsünüzmü?” sualına cavab verən Prezident İlham Əliyev bildirdi ki, atəşkəs o zaman bərqərar ola bilər ki, hər iki tərəf atəşkəs şərtlərinə əməl etsin. Bundan əlavə Ermənistan tərəfi qoşunlarını Qarabağdan çıxarmalı və bununla bağlı qrafik təqdim etməlidir. Ilham Əliyev xüsusilə qeyd etdi ki, biz istəyirik ki, atəşkəs elan olunsun, ancaq mələsə də həll olunsun. Bəzi nümayəndələr ancaq atəşkəs tələb edir. Atəşkəs 1994-cü ildən var, bəs nə üçün məsələ hələ də həll olunmayıb?
Prezidentimiz onu da qeyd etdi ki, bu müharibə iki dövlət arasında gedir və vəziyyət Azərbaycan ordusunun nəzarəti altındadır. Ermənistan hər zamankı adəti üzrə çalışır ki, döyüşləri Ermənistan ərazisinə çəkməklə məsələni regional böhrana çevirsin və dünyanı yalanlarına inandırıb Azərbaycanın Ermənistana qarşı təzyiq göstərdiyini isbatlasın. Lakin Azərbaycan ordusu Ermənistan ərazisinə keçmədi, ancaq keçə bilərdi. Çünki bizim Ermənistan ərazilərində hər hansı bir hədəfimiz yoxdur.
Mülki əhalini, mülki obyektləri hədəfə almaq Ermənistanın növbəti təxribatıdır. Prezidentimiz qeyd edib ki, Azərbaycan ordusu yalnız hərbi hədəfləri vurur. Biz yalnız Ermənistanın işğalçı ordusuna qarşı vuruşuruq. Mülki əhaliyə qarşı heç bir zaman vuruşmamışıq. Təsadüfi deyildir ki, erməni mülki əhalidən xəsarət alan və ya ölən bir nəfər belə yoxdur. Çünki Azərbaycan haqq işində ədalətli mübarizə aparır. Yalnız qorxaqlar mülki əhalini hədəfə ala bilər. Bəli, bu bir daha sübut edir ki, Ermənistanın Azərbaycan ordusuna gücü çatmır və mülki əhalini nişana alır. Lakin bir şeyi unudurlar, Azərbaycan ordusu eyni anda həm özünü, həm torpaqlarını, həm də xalqını qoruyacaq qədər güclü və əzmlidir.
ÖIkə başçımız sınaq günündə qardaşlığını və dəstəyini əsirgəməyən Türkiyə, Pakistan, Əfqanıstan, Israil, Ukrayna və digər ölkələrə öz təşəkkürünü bildirdi. Xüsusi ilə ilk saatlardan həm rəsmi, həm də əməli öz dəstəyini göstərən, bizimlə bərabər siyasi arenada və mətbuatda savaşan, uğurumuza şərik olan qardaş ölkəmiz Türkiyəyə və xalqına təşəkkürünü bildirən İlham Əliyev onu da qeyd etdi ki, bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır:” Türkiyə güclü bir dövlətdir, dünya miqyasında böyük potensiala malik olan ölkədir, bizim qonşumuzdur, Ermənistanın qonşusudur, Cənubi Qafqazın qonşusudur. Ona görə təbii ki, Türkiyə bu işlərdə fəal olmalıdır”
Müsahibəsinin sonunda liderimiz qeyd etdi ki, əgər Ermənistan tərəfi təxribatlara son verməz və torpaqlarımızı dinc yolla qaytarmazsa, Azərbaycan ordusu onların cavabını layiqincə verəcək. İlham Əliyevin də söylədiyi kimi: ”Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!”

Şəmilova Dünya Mərdan
Azərbaycan Dillər Universiteti tələbəsi,Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz