Əlaqə Arxiv
news Image
2020.10.17
15:44
| A A A
Ermənistan yeni ərazilər işğal etməyə hazırlaşır
Bu gün Azərbaycan ordusu əsl tarix yazır. İllərlə torpaqlarımıza göz tikən mənfur ermənilər Azərbaycanın əzəli torpağı olan Qarabağı işğal etmiş, bununla kifayətlənməyərək bütün beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın bir sıra yaşayış məntəqələrinə atəş atır və dinc əhalini hədəf alırlar. Azərbaycan ordusu Ermənistan hökumətinin bu vəhşiliklərinin cavabını döyüş meydanında verərək onları ağır məğlubiyyətə uğratmaqda davam edirlər. 
2020-ci il 16 oktaybr tarixində Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna müsahibə verərək Ermənistanın yeni əraziləri işğal etməyə hazırlaşdığını, Hərbi əməliyyatlara Ermənistanın başladığını vurğulamışdı: “Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı”.  Ermənistan dinc əhaliyə qarşı terror törətməkdən belə çəkinmir. 
Bu günə qədər dinc əhali arasında 43 nəfər həlak olub və 200-dən çox yaralı var. Təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb. Rəşadətli Azərbaycan ordusu düşməni cəbhədə sıxışdıraraq parlaq qələbə çalmaqda davam edir. Belə ki, bu günə kimi ordumuz tərəfindən Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi, Hadrud qəsəbəsi və bir sıra digər kəndlərimiz işğaldan azad edilib. İşğalçılar Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarılıb və ölkənin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyat davam edir. Biz haqq savaşındayıq və bu savaşdan torpaqlarımızın düşməndən tam azad olunması ilə çıxacayıq!
Fehruzzadə Xatirə 
Nəsimi rayon təhsil işçisi
Sizin Reklam Yeriniz