Əlaqə Arxiv
news Image
2020.10.22
18:20
| A A A
Rəşadətli ordumuzun zəfərləri davam edir

Şanlı Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan növbəti erməni təxribatına verdiyi cavabların son həddi bəllidir; Dağlıq Qarabağı erməni işğalından azad etmək. Bu amalla irəliləyən ordumuz cəbhədəki üstünlüyü qoruyur, hər gün gələn müjdəli xəbərlər bir daha göstərir ki, Böyük Qələbə Günü yaxınlaşmaqdadır. Haqq mübarizəmiz Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə yanlız cəbhədə deyil, ideoloji sahədə də uğurla davam edir. 

      Möhtərəm Prezident, Ali Baş Komandanımız İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibəsində tarixi və əzəli torpağımız olan Qarabağ haqqında həqiqətləri bir daha bütün dünya ictimaiyyətinə çatdırdı. Cənab Prezident öz müsahibəsində bildirdi ki, Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüququ heç bir şəkildə pozmur, öz üzərinə götürdüyü öhdəliklərə sadiqdir, lakin buna baxmayaraq, Ermənistan humanitar atəşkəsin tələblərini ilk gündən kobudcasına pozur, hətta cəbhədə verdiyi itkiləri qəbul etməyərək Azərbaycan mülki əhalisini hədəf alır. Erməni xislətinin nəticəsidir ki, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə atılan raket zərbələrinin nəticəsində mülki əhali arasında itkilər olmuş, xeyli vətəndaş evsiz qalmışdır. Lakin buna baxmayaraq Azərbaycan əhalisinin döyüş əzmi, qələbə sevinci gündən-günə artmaqdadır. Bununla belə, Azərbaycan nizamlama prinsiplərinə, o cümlədən, baza prinsiplərinə sadiqdir.

      Cənab Prezident bir daha bildirdi ki, status-kvo, yəni təmas xətti artıq yoxdur, Azərbaycan Ordusu status-kvonu aradan qaldırıb. Günlərdir Azərbaycan Ordusunun üstünlüyü ilə davam edən bu mübarizədə Ermənistanın işğal altında olan ərazilərdə yerləşən hərbi təchizatları müzəffər ordumuz tərəfindən məhv edilməkdədir. Azərbaycan Ordusu cəbhədə uğurla irəliləyir, işğal altında olan torpaqlarımız ermənilərdən təmizlənir, Ermənistan ordusu geri çəkilir.

       Müsahibə zamanı möhtərəm Prezidentimiz eyni zamanda qeyd etdi ki, Rusiya bu münaqişənin tənzimlənməsində həmişə mühüm rol oynayıb. Rusiya ilə qarşılıqlı əlaqələr tarix boyu yüksək səviyyədə inkişaf etmişdir.

      Bu gün cəbhədən gələn hər bir xoş xəbər bizlərdə böyük qələbə əzmi yaradır. Hər bir Azərbaycan vətəndaşının qəlbi Qarabağdadır. İnanırıq ki, Qarabağ uğrunda gedən döyüşlər Azərbaycan tarixinin şanlı səhifələrinə yazılacaqdır. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Xəlilli Sona
Nəsimi RİH könüllüsü

Sizin Reklam Yeriniz