Əlaqə Arxiv
news Image
2020.10.26
16:50
| A A A
Erməniləri himayə edənlər onların bütün müharibə cinayətlərinə də şərikdirlər

Ermənistanın işğalçı hərbi-siyasi hakimiyyəti döyüşlərdə qadağan olunmuş silahlardan və uşaqların əməyindən istifadə etməkdə davam edir. Ermənistanın bu qanunsuz əmələri faktlarla sübut olunub.  Belə ki, oktyabrın 4-5-də Ermənistanın işğalçı qüvvələri tərəfindən Goranboy rayonu ərazisinə dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kaset sursatı atılıb və ətrafa mərmi qalıqları səpələnib. Nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olub.  Qeyd edək ki, bu sursatlar “Kaset Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlardır. Həmçinin,  Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli istiqamətində dinc əhaliyə qarşı qadağan olunmuş fosforlu bombalardan istifadə edib. Hansı ki, fosforlu bombadan istifadə olunmasının qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər var. İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyası qəbul edilib. Bundan başqa, müharibə qurbanlarının qorunması haqqında 1949-cu il Cenevrə konvensiyaları və əlavə protokollar, "Adi silahların konkret növləri haqqında konvensiyaya" III protokol (1980) (Həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi silahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə konvensiya) var. Bu sənədlərdə qeyd olunub ki, istənilən şəraitdə mülki əhaliyə, ayrı-ayrı mülki şəxslərə və ya mülki obyektlərə yandırıcı silahdan tətbiq etməklə hücum qadağadır.

Başqa bir tərəfdən, Azəraycanda 8 uşağın ölümü, 30-dan çoxunun isə yaralanması kimi cinayətə əl atan erməni cəlladları ordularında uşaq əməyindən də yararlanmağa başlayıb. Videoların birində Azərbaycan Ordusuna qarşı atılan artilleriya atışı zamanı topdan istifadə üçün azyaşlının əməyindən istifadə olunduğu görünür.

Bu isə uşaq əməyinin qanunsuz olaraq hərbdə istismarı deməkdir. Bu görüntü ilə Ermənistanın Uşaq hüquqları üzrə BMT Konvensiyasının və UNICEF-in Paris Konvensiyasının normalarını pozduğu bəlli olur. Hətta bu azmış kimi, Ermənistan azyaşlı qızları da belə silahlandırır. Belə ki, bu günlərdə sosial şəbəkələrdə ermənilərin Azərbaycan ordusuna qarşı müharibədə istifadə etməsi üçün azyaşlı qızları silahlandırdığını göstərən daha bir foto yayılıb.

Bu görüntülərlə Ermənistanın Uşaq hüquqları üzrə BMT Konvensiyasının və UNICEF-in Paris Konvensiyasının normalarını pozduğu açıq şəkildə bəlli olur.

Ermənistanın müdafiəsinə qalxan Fransa, Suriya və bir neçə əhəmiyyətli rol oynamayan ölkələr nə üçün bu beynəlxalq hüquqi pozuntuları görmürlər?

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Ermənistan öz siyasətində faşist ideologiyasından bəhrələnir: “Ermənistan dövlətinin özü keçən əsrin əvvəllərində indiki həmsədr dövlətlərin üçünün hibridindən əmələ gələn haramzadə bir qurumdur.  Belə bir qurum isə hər zaman insanlığa, bəşəriyyətə aid olan bütün qanunları pozmaqla məşğul olub. Bir əsr bundan öncə, dünəndə, bu gün də Ermənistan  insanlığa zidd siyasət yürütməkdə davam edib və etməkdədir. İrəvan  bəşəriyyətə qarşı cinayət əməllərilə məşğul olur. Dinc, silahsız insanlara, uşaqlara qarşı soyqırım törədiblər.  Keçən əsrin sonlarında Xocalıda törətdikləri soyqırım buna bariz nümunədir. Bu gün də ermənilər bu çirkin əməllərindən əl çəkmir.

 Çünki bu dövlət hər zaman faşist ideologiyası ilə bəhrələnib və bu gün də həmin ideologiyanı əldə rəhbər tuturlar.  Həmin dövlətə rəhbərlik edənlər bu gün də babaları Njdenin, təkqulaq Andranikin və  başqalarının faşist əməllərini davam etdirir. Tək Gəncə şəhərində 26 nəfər dinc sakin düşmənin atdığı ballistik raketin qurbanı olub. Tərtər, Ağdam, Ağcəbədi, Mingəçevir, Bərdə, Beyləqana da qadağan olunmuş bombalar atıblar. Düşmən 8-10 yaşlı qız uşaqlarını da silahlandırır, topun axrasına 13-14 yaşlı oğlanı qoyurlar. Yəni azyaşlı uşaqları müharibəyə hazırlayır, onlara təlimlər keçirlər. 70 yaşdan yuxarı insanları da silahlandıraraq səngərlərə göndərirlər. Bu dövlətə rəhbərlik edənlərin tərbiyyəsi, əxlaqı budur”.

Deputatın fikrincə, dünya güclərinin Ermənistanın döyüşlərdə qadağan olunan silahlardan istifadə etməsi və uşaqları hərbiyə cəlb etməsinə göz yumması onların da həmin cinayətlərə şərik olmaslı deməkdir: “Qurşaqdan yuxarı insan azadlığı, humanizmdən danışan dövlətlər, Fransa, Rusiya təəssüf ki, onlara himayədarlıq edir. Onlar ermənilərin bu əməllərinə görüb göz yummaqla düşmənin həmin çirkin fəaliyyətinə haqq qazandırır, müdafiə edirlər. Faşist ideologiyası ilə hərəkət edən dövlətə arxa durub ona himayədarlıq edən dövlətin özü də deməli həmin əqidəyə sahib dövlətdir. Qanunlara əməl etməyən, mühaeribə cinayətləri törədən, dinc insanları qətlə yetirən dövlətə kömək etmək elə bunu edənlərin özlərinin də onun kimi olması deməkdir. Belə dövlətlər  hansı haqq-ədalətdən danışa bilərlər. Həmsədrlər tərəfsiz olmalıdır. Ancaq onların 3-də tərəf saxlayır. Ermənistanı müdafiə edirlər. İşğalçını silahlandırırlar. Belə olan halda həmsədrlərin ədalətli olacağından şübhəliyik və bu öz təsdiqini tapır. Prezidentimiz onları dəqiqliklə ifşa edir. Yəqin hər biri buradan öz payını götürəcək.  Azərbaycan kosmosdakı peykləri vasitəsilə ermənilərin bütün hərbi hədəflərini aşkara çıxarır. Ermənistanda  isə bunlar yoxdur. Onda onlara bu məlumatları kimlər verir?  Həmin həmsədr dövlətlər, Fransa  verir. Bütün bunlarla uğurlu mübarizə aparıb qalib  gəlmək üçün Prezidentimizin dediyi və əlilə göstərdiyi kimi,  yumruk kimi bir olmalıyıq. Bu birlik daha da güclü və əbədi olmalıdır ki, iqtidar-xalq-ordu birliyimiz kimin başına dəysə, onu darmadağın etsin. Bu halda düşmənin bütün iyrənc əməllərinin qarşısını alaraq, torpaqlarımızı işğaldan azad edəcəyik”.

R. SOLTANOV

Sizin Reklam Yeriniz