Əlaqə Arxiv
news Image
2020.10.27
16:55
| A A A
Yeni reallıqları Azərbaycan Ordusu yaradıb
Azər Həsrət: “Status məsələsi artıq Azərbaycanın özünün seçiminə qalan məsələdir” Elxan Şahinoğlu: “Yeni reallıq odur ki, artıq Azərbaycan Ordusu Xankəndinə yaxınlaşır, Laçın koridorunu qapatmaq üzrəyik”

 

Prezident xalqa 26 oktyabr müraciətində deyib: “Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdan döndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır”.

Yeni reallıq özündə nələri ehtiva edir?

 Siyasi şərhçi Azər Həsrət bildirdi ki, yeni reallıq Qarabağ ətrafında vəziyyətin kökündən dəyişməsilə bağlıdır: “İllər uzun bu günü gözləyirdik ki, Qarabağla bağlı vəziyyət kökündən dəyişsin. Nəhayət ermənilər də anladı ki, Azərbaycana qarşı həyata keçirdikləri işğal siyasəti əbədi ola bilməz. Günün birində məcburiyyət qarşısında Azərbaycan Ermənistana öz yerini göstərməli olacaq. Necə ki, indi göstərir. Ermənkistan sentyabrın 27-də növbəti təxribat törətməyə cəhd etdi.  Azərbaycan Ordusu buna cavab olaraq əks hücuma keçib erməniləri geri otuzdurdu. Bu proses indi də davam edir. Yeni reallıq da məhz buradan qaynaqlanır.  Bu vaxta qədər atəşkəs  rejimi idi. ATƏT-in Minsk qrupu danışıqları davam etdirir və tərəfləri dinc yolla məsələnin çözülməsinə sövq etdirmək istəyirdi.  Azərbaycan birmənalı şəkildə dinc yolla həll prosesinə sadiq olub. Lakin Ermənistan bundan sui-istifadə edərək status-kvonu qorumaq və işğaldakı bütün torpaqları əlində saxlamaq istəyirdi. İndi isə reallıq tamamilə dəyişib.  Reallıq odur ki, Azərbaycan öz gücünü göstərir”.

Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycan öz torpaqlarını güc yolu ilə azad edə biləcəyini həm Ermənistana, həm də onun havadarlarına göstərmiş oldu: “Eyni zamanda, ermənilər də anladı ki, Azərbaycan lazım gəlsə, güc yolu ilə torpaqlarımızı azad edəcəyimizi boşuna deməyib.  Ona görə də Dağlıq Qarabağın statusu ilə bağlı məsələ artıq fərqli şəkildə çözülməlidir. Bu vaxta qədər Azərbaycan açıq şəkildə deyirdi ki, Dağlıq Qarabağa mədəni muxtariyyət verilməsinin tərəfdarıdır. Lakin buna qədər  Ermənistan işğal etdiyi torpaqlardan çəkilib getməlidir. İndiki şəraitdə isə reallıq  ondan ibarətdir ki,  Azərbaycan hətta mədəni muxtariyət verməkdən imtina etmək imkanı qazanıb.  Çünki Ermənistan işğal illərində və son müharibə dövründə Azərbaycana həddən artıq ciddi ziyan vurub.  Dağlıq Qarabağ ətrafındakı bütün yaşayış məntəqələri darmadağın edilib. İşğaldan azad edilən ərazilərdə yaşamaq üçün normal bina tapmaq belə mümkün deyil. Bu vəhşilikləi isə Ermənistan törədib, eyni zamanda bu prosesdə  Dağlıq Qarabağdakı erməni vətəndaşlarımız da yaxından iştirak edib.  Ona görə də artıq Azərbaycanın onlara nədəsə güzəştə getməsi doğru olmaz. Ermənistanın indiki halda istəyə biləcəyi tək şey atəşkəsə razılaşmaq və bunun qarşılığında ümumiyyətlə Azərbaycan torpaqlarından çəkilib getmələri olacaq.  Status məsələsinə  gəldikdə, bu da artıq Azərbaycanın özünün seçiminə qalan məsələdir. Azərbaycan dövləti istəsə ermənilərə mədəni muxtariyyət verə, istəməsə verməyə bilər.  Buna onun tam haqqı çatır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri  Elxan Şahinoğlu bildirdi ki, artıq münaqişənin həll olunması üzrə baza prinsiplərini Azərbaycan Ordusu həll edir: “Dağlıq Qarabağ məsələsində yeni reallıqları Azərbaycan Ordusu yaradıb. Münaqişənin həll olunması üzrə baza prinsiplərini artıq özümüz həll edirik.  BMT-nin 4 qətnaməsinin ikisini də həyata keçirmişik. Nəticədə Ordumuzun zəfər yürüşü ilə yeni reallıqlar formalaşıb. Ermənistan bu reallıqlarla hesablaşmalıdır.  Köhnə formada danışıqları davam etdirmək, Madrip prinsipləri, mərhələli həll planı artıq tarixdə qaldı. Düşmən qoşunları Azərbaycan ərazilərindən tam çıxmalıdır.  Bu baş verməyənə kimi, normal danışıqlardan danışmaq yersizdir. 30 ildir bu mənasız danışıqlarda iştirak edirdik.  Yeni reallıq odur ki, artıq Azərbaycan Ordusu Xankəndinə yaxınlaşır. Laçın koridorunu qapatmaq üzrəyik. Bu yeni reallıqlar masa üzərində də yeni reallıqlar yaradır. Kimsə bu reallığı qəbul etməyəcəksə, Azərbaycan Ordusu məsələni birdəfəlik həll edəcək”.

R. SOLTANOV

Sizin Reklam Yeriniz