Əlaqə Arxiv
news Image
2020.10.28
18:59
| A A A
Şuşa bu Türkiyə şəhəri ilə qardaşlaşsın – Deputat

Kayseri Ticarət Odasının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanla həmrəylik konfransı keçirilib.

Mövqe.az xəbər verir ki, “Zoom” proqramı üzərindən həyata keçirilən və televiziya vasitəsilə canlı yayınlanan onlayn konfransda Azərbaycan Respublikası Milli Məclisinin üzvləri – Qənirə Paşayeva, Məşhur Məmmədov və Elnur Allahverdiyev iştirak edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Kayserinin qardaş ölkə şəhərləri içində özünəməxsus yerə sahib olduğunu xatırladaraq, bu şəhərin müzəffər Azərbaycan Ordusunun işğaldan azad edəcəyi Şuşa şəhəri ilə qardaş şəhər olması təklifi ilə çıxış edib.

Qənirə Paşayeva bütün türk və müsəlman aləmini qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Emmanuel Makronun türk mallarını boykot etmə çağırışına cavab olaraq fransız mallarının boykot edilməsi ilə bağlı çağırışına qoşulmağa səsləyib:

“İlk növbədə dünya azərbaycanlılarına çağırış edirəm. Dünya azərbaycanlıları da daxil olmaqla dünya türklərinin sayı fransızlardan ən azı 2,5-3 dəfə çoxdur; bu hesabla, hörmətli Cümhurbaşqanının çağırışına qoşulmaqla, Makronun nə qədər yanlış hesablar içində olduğunu göstərə bilərik.

Fürsətdən istifadə edib, qardaş Türkiyə Cümhuriyyəti dövlətinə, xalqına, Azərbaycanın haqlı davasına verdiyi yüksək mənəvi-siyasi dəstək üçün bir daha təşəkkür edirəm”.

Millət vəkili Məşhur Məmmədov Türkiyənin Azərbaycanın ən böyük yatırım qoyduğu ölkə olduğunu bildirib və qardaşlıq, qonşuluq bağlarının böyük iqtisadi layihələrlə daha da möhkəmləndirildiyini deyib.

Millət vəkili Elnur Allahverdiyev isə iqtisadi imkanların paylaşılmasının, bir-birinə qarşılıqlı dəstək göstərilməsinin Azərbaycan-Türkiyə münasibətlərinə daha yüksək dəyər qazandırdığını söyləyib.

Qeyd edək ki, Kayseri Ticarət Odası 1896-cı ildə qurulub. Ticarət Odasının İdarə heyətinin başqanı Ömər Gülsoydur.

Sizin Reklam Yeriniz