Əlaqə Arxiv
news Image
2020.10.29
09:44
| A A A
Yeni düzən Cənubi Qafqazın mənzərəsini büsbütün dəyişəcək
Yeni düzən Cənubi Qafqazın mənzərəsini büsbütün dəyişəcək


Azərbaycan ordusu işğalçı Ermənistana qarşı apardığı azadlıq müharibəsi ilə həm də Cənubi Qafqazda yeni düzənin yaranmasına nail olur. Bölgəmizdə mövcud olan əvvəlki düzəndə regiona bir nömrəli təsir gücünə malik ölkə qismində Rusiya çıxış edirdi. Bu birmənalı idi. Belə ki, bölgədə heç bir proses Rusiyanın marağından kənar baş vermirdi. Ermənistanın Rusiyanın forpostu olması da burada Rusiyanın mövqelərinin möhkəmlənməsinə xidmət edirdi. Ancaq indi yeni düzən yaranıb.   
Bölgəmizdə formalaşan yeni düzənin əsas siyasi və hərbi atributları nə ola bilər?
Birincisi, əvvəlki dönəmdə Ermənistanın işğalı nəticəsində bu ərazilər nəzarətsiz bir zonaya çevrilmişdi. Nəzarətsiz zona olduğundan işğal edilmiş torpaqlarımız qaçaqmalçılar, silah, narkotik alverçiləri üçün münbit ərazi xarakteri daşıyırdı. Hətta ərazi terrorçular, qanunsuz silahlı birləşmələrin fəaliyyəti  üçün də münbit idi. Deməli, yeni düzənə qədər işğal altındakı torpaqlarımız dünya ölkələrini təhlükə altına alan tendensiyalar, terrorçular üçün yuva rolunda çıxış edirdi. Yaranan yeni düzən fonunda isə avtomatik olaraq bu təhlükəli tendensiyalar da aradan qaldırılır. Azərbaycan Ordusu döyüşə-döyüşə İranla sərhəd ərazilərə nəzarəti bərpa etməklə işğalçını məğlub etməklə yanaşı, onun dəstəklədiyi qaçaqmalçıların, silah, narkotik alverçilərinin, xüsusən də terrorçuların mövqelərinə də güclü zərbə vurmuş oldu.  Daha həmin mənfur ünsürlər  bu ərazilərdən öz çirkin niyyətləri üçün istifadə edə bilməyəcək. Bu mənada açıq şəkildə demək olar ki, regionumuz müasir dövrdə insanlıq və bəşəriyyət üçün ən ciddi bəla olan terrorçuluqdan, terrorçulardan təmizlənir.
Digər tərəfdən, Azərbaycanın əldə etdiyi qələbə və bunun sayəsində bölgədə yeni düzən yaratması işğala meyilli bütün ölkələr üçün də bir siqnaldır. İşğalçı dövlətlər bu fonda anladılar ki, Azərbaycanla güc və yaxud hədə-qurxu müstəvisində deyil, ancaq bərabər şəkildə, qarşılıqlı fayda müstəvisində danışmaq olar. Əks halda, heç bir kənar ölkə bölgəmizdə hansısa bir uğura imza ata bilməz.
Bu günə qədər bölgədə əsas güc mərkəzi rolunda Rusiya çıxış edirdi. Bölgə ölkələri bu və ya digər dərəcədə onun istəklərinə cavab verən siyasət yürütməli olurdu. Rusiya bir sözlə, burada Azərbaycanın yaratdığı yenə düzənə qədər tam və demək olar ki, yeganə hegomon idi. İndiki halda isə  bunu söyləmək olmaz. Qardaş Türkiyə baş verən prosesdə tutduğu mövqe ilə regionumuzda mövqeyini  və çəkisini artırıb. Düzdür, bunu istəməyən qüvvələr var, Rusiya, Qərb. Ancaq onların nə istəyib-istəməməsindən asılı olmayaraq, mövcud vəziyyət onu diktə edir ki, Türkiyə bölgədə əsas söz sahibinə çevrilib. İndi Cənubi Qafqazda heç bir məsələ Ankaranın razılığı və iştirakı olmadan baş tutmayacaq. Yeni düzən fonunda bölgə ölkəsi olaraq Azərbaycanın beynəlxalq miqyasda nüfuzu daha da artacaq. Zatən, bölgənin 3 dövləti arasında əsas güc mərkəzi qismində məhz Azərbaycan çıxış edirdi. Ancaq Ordumuzun yaratdığı yeni düzən nəticəsində Azərbaycanın çəkisi daha da yüksələcək. Bu birmənalıdır. Kimin nə deməsindən, hansı maraqları güdməsindən asılı olmayaraq, onlar artıq Azərbaycanla daha əsaslı şəkildə hesablaşmalı olacaqlar.
Yeni düzən hərbi baxımdan da yeni atributların meydana çıxmasına gətirib çıxarıb. Birincisi, Azərbaycan Ordusu güclü, peşəkar, məğlubedilməz olduğu barədə bu günə qədər sözdə deyilənlər əməldə öz təsdiqini tapdı. İkincisi, Ankaranın ölkəmizə dəstəyi fonunda əvvəllər fikir olaraq ortaya gətirilən Türkiyə-Azərbaycan hərbi bloku məsələsinin baş tutması indi daha realdır.  Əvvəlki illərdə bir sıra xarici amillər bu hərbi birliyin baş tutmasına əngəl olurdusa, artıq heç kim heç bir vəclə onun reallaşmasını əngəlləyə bilməz. Çox güman ki, hərbi əməliyaytlar bitəndən, münaqişə öz məntiqi sonluğuna çatandan sonra belə bir hərbi birlik tam olaraq reallaşsın. Azərbaycanın yaratdığı yeni düzən türk dünyasının daha sıx birliyinə gətirib çıxara bilər. Bu vaxta qədər ancaq Türkiyə ilə Azərbaycan bu birlikdə aktiv idilər. Digərləri, Qazaxıstan, Qırğızıstan, Özbəkistan bu məsələdə passiv mövqe sərgiləyir, Türkmənistan isə ümumiyyətlə yaxın durmaq istəmirdi. Ancaq yeni düzən onları da sözügedən birlikdə aktiv olmağa vadar edə bilər. Yaranan yeni düzəndə Rusiyanın patronajlığında olan Kollektiv Təhlükəsizlik Müqaaviləsi Təşkilatının (KTMT) bölgədəki mövqeləri sarsıla bilər. Belə ki, müharibədə məğlub olan Ermənistan Rusiyanın ona yardım etmədiyini, tək buraxdığını bəhanə gətirməklə həmin hərbi qurumdan çıxmaq yolunu tuta bilər. Bu isə Rusiyanın Cənubi Qafqazda yeganə olaraq qaldığı Ermənistandakı mövqelərini daha da sarsıdacaq.  Belədə, Qərb dünyası günü-gündən zəifləyən Ermənistanı Moskvanın nəzarətindən çıxara bilər. Yeni siyasi düzən Cənubi Qafqaza başlıcası sülh gətirəcək, özü də bu sülh uzunmüddətli ola bilər. Həmçinin, bölgə uğrunda dünya gücləri daha hərbi müstəvidə deyil (onu bir müddət arxa plana keçirməli olacaqlar), iqtisadi müstəvidə mübarizəyə girişəcəklər. Yaranmış proses bölgəmizə daha böyük həcmdə investisiya, kapital axınına rəvac verəcək.
Rüfət NADİROĞLU    
 
Sizin Reklam Yeriniz