Əlaqə Arxiv
news Image
2020.10.30
07:57
| A A A
Atəşkəsin pozulması erməni xislətindən qaynaqlanır

Aydın Mirzəzadə: “Bu ilk növbədə Ermənistanda hökmran olan milli ideologiyanın qüsurlu olmasından qaynaqlanır”

Hikmət Hacızadə: “Bununla düşmən üçüncü tərəfin prosesə müdaxiləsinə can atır”

Düşmənin təxribatlarına cavab olaraq sentyabrın 27-dən alovlanan Qarabağ müharibəsində elan edilən 3 humanitar atəşkəsin hamısı Ermənistan tərəfindən pozulub.

Oktyabrın 11-dəErmənistan humanitar atəşkəs elan olunandan dərhal sonra Azərbaycanın Tərtər və Ağdam rayonlarını atəşə tutub. Bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib. Ardınca düşmən gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhərini raket atəşinə məruz qoyub. Bu vandalizm nəticəsində 4 qadın olmaqla, 9 mülki şəxs həlak olub, aralarında azyaşlı uşaqlar olmaqla, 34 nəfər yaralanıb.

Oktyabrın 17-də yeni atəşkəs elan olunmasına baxmayaraq, iki dəqiqədən sonra razılıq Ermənistan tərəfindən pozuldu.

Oktyabrın 26-da Vaşinqtonda üçüncü dəfə atəşkəs rejiminin elan olunması da Ermənistanın pozuculuq fəaliyyəti nəticəsində kağız üzərində qaldı. Səhər saat 08.00-dan başlayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozdu. Bu dəfə də Tərtər şəhərini raket atəşinə tutublar.

Proses onu deməyə əsas verir ki, Ermənistan bilərəkdən əldə olunan humanitar atəşkəs razılığını pozur. Ermənistan hər üç razılaşmada humanitar atəşkəsə əməl etməyərək Azərbaycan şəhərlərini raket atəşinə tutub.

Ermənistanın döyüşdə ağır məğlubiyyətə uğradığı hər kəsə bəllidir. Bunu onların özləri və hamiləri də görür və anlayırlar. Amma buna baxmayaraq, atəşkəs elan olunan kimi dərhal da onu pozurlar. Ağır məğlubiyyətlərinə baxmayaraq, atəşkəsi də pozmaları ondan xəbər verir ki, düşmən tərəf hansısa kənar bir gücə arxalanır, yaxud da arxalanmağı düşünür.

Görəsən, işğalçı ölkə hansı dəstəyə, hansı gücə-istər daxili, istərsə də xarici, arxalanaraq bu yolu tutub?

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Ermənistanın atəşkəsi rejimini pozması onun xislətindən, ideologiyalarının qüsurlu olmasından irəli gəlir: “Bu ilk növbədə Ermənistanda hökmran olan milli ideologiyanın qüsurlu olmasından qaynaqlanır. Ermənistan cəmiyyəti digər ölkələrin torpaqlarına iddia edir, bu torpaqları işğal edir, insanlığa, beynəlxalq dəyərlərə zidd addımlar atır və təbliğatlarını da məhz bu istiqamətdə qururlar. Onlar öz insanlarını digər ölkələrin ərazilərini, torpaqlarını işğal etməyə çağırışlar edir.

Digər tərəfdən, ermənilərdə belə bir əqidə formalaşıb ki, böyük dövlətlər gəlib onların problemlərini və avantürüst ideyalarını həll etməlidir. Sarsaq bir erməni sosial şəbəkə istifadəçisi açıq şəkildə yazırdı ki, niyə Rusiya 100 minlik əsgər göndərib Qarabağı Azərbaycandan müdafiə etmir. Ardınca yazıb ki, onlar ölsünlər, amma onlar erməni xalqının qəhrəmanları olardı. Yəni ermənilərdə belə sərsəm düşüncə tərzi formalaşıb.

Belədə, erməni milləti insanlığa zidd düşüncə və fəaliyyətlərinin girovuna çevriliblər. Ona görə də hansı problemlər içində yaşadıqlarını hələ dərk edə bilmirlər. Düşmən ölkənin dövlət resurslarının böyük bir hissəsi müharibəyə yönəlib. Bu ölkənin iqtisadiyyatı olduqca bərbad vəziyyətdədir. Bununla belə, hələ də hansı problemin girdabına düşdüklərini dərk etmir və yaxud etmək istəmkirlər. Hər kəs öz fəaliyyıəti və siyasətinin nəticəsini əldə edir. Şübhəsiz ki, torpaqlar işğaldan azad edildikdən sonra, düşmən itirdiklərini bərpa etmək üçün onilliklər və böyük resurslar sərf edəcək.  Xaricin onlara verdiyi hansısa bir kiçik kreditlər ermənilərin problemini həll edə bilməyəcək. Hər halda erməni cəmiyyətinin bu yalançı eyforiyadan ayılması, artıq oyanmasının vaxtı gəlib çatıb”.

Politoloq Hikmət Hacızadənin fikrincə, atəşkəsi mütəmadi olaraq pozmaqla düşmən tərəf üçüncü tərəfin prosesə müdaxiləsinə can atır: “Həqiqətən də görürük ki, hər dəfə atəşkəs məhz Ermənistanın günahı üzündən pozulur. Bu günə qədər  müharibə başlanan 1 ay ərzində 3 dəfə atəşkəs elan edilib. Atəşkəsin eçlan olunmasından az müddət keçəndən sonra Ermənkistan hər üç dəfə atəşkəsi pozub. Hətta bu zaman mülki əhalini hədəf götürüblər. Ermənistan atəşkəsə əməl etməməklə görünür, prosesə hansısa kənar bir qüvvənin, üçüncü tərəfin cəlb olunmasına çalışırlar. Vəziyyətləri çox ağırdır. Azərbaycan Ordusunun  gücü qarşısında tam gətirə bilmir və işğal etdikləri ərazilərimizi bir-bir boşaltmalı olurlar.

Bu müstəvidə atəşkəsi pozmaqla düşünürlər ki, üçüncü tərəfin prosesə müdaxiləsinə nail ola bilərlər. Yəni zənn edirlər ki,  atəşkəs prosesində vasitəçi olanlar onun reallaşmadığı təqdirdə, prosesə müdaxilə etməli olacaqlar. Bununla İrəvanda zənn edirlər ki, daha ağır məğlubiyyətə düçar olmaqdan xilas ola bilərlər. Azərbaycan Ordusunun irəliləməsinin qarşısını alsınlar. Məqsədləri budur. Amma nə qədər çabasalar da xeyri yoxdur. Azərbaycan Ordusunun qarşısını kənar təzyiqlərlə belə ala bilməyəcəklər. Ordumuz son qələbəyə qədər irəlililəyəcək”.

R. SOLTANOV       

Sizin Reklam Yeriniz