Əlaqə Arxiv
news Image
2020.10.30
08:45
| A A A
Düşmən bütün beynəlxalq hüququları tapdalayır

 

İbrahim Rüstəmli: “Düşmən tərəf müxtəlif beynəlxalq konvensiyaları, Cenevrə konvensiyasının müddəalarından irəli gələn tələbləri kobud şəkildə pozub”

 

Elman Nəsirov: “BMT nizamnaməsinin 41-ci maddəsinə görə belə dövlətlərə qarşı iqtisadi, maliyyə, ticarət sanksiyaları nəzərdə tutulur, embarqolar qoyulur”

 

Ermənistan qoşunları döyüş meydanında 300-dən çox tank itirib. Lakin beynəlxalq sənədlərdə göstərilir ki, onun silah arsenalında 210 tank var. Demək, ermənilər beynəlxalqü təşkilatları daim aldadırlar. Buna görə tanklar və digər texnikalar da daxil olmaqla bütün qadağan olunmuş silahların tətbiqinə görə Ermənistana hansı cəza verilməli, bu ölkə hansı sanksiyalara məruz qalmalıdır və bu silahları ona verənlər hansı məsuliyyəti daşıyırlar?

Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, Ermənistan bu hərəkətinə görə, Cenevrə Konvensiyası və  digər beynəlxalq qanunlara müvafiq olaraq cəzalandırılmalıdır: “Ermənistan beynəlxalq tələblərə görə əhalisinin və ordusunun sayına görə müəyyən qadağan olunmayan silahlara malik ola bilər. Ancaq onlarda bütün sahələrdə normadan artıq silahlanma müşahidə olunur. Buna görə düşmən ölkəyə konkret cəzalar, sanksiyalar tətbiq olunmalıdır. Bu gün Ermənistana verilən silahların əsas hissəsi erməni iş adamlarının qara bazardan aldığı silahlardır. Buna görə də Ermənistan dövlət olaraq beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. Azərbaycan Prezidenti də çıxışlarında dəfələrlə bəyan edib ki, Ermənistanın əldə etdiyi silahların çox hissəsi qaçaqmalçılıq yolu ilə əldə etdiyi silahlardır. Bu silahların, hərbi texnikanın alınması üçün kifayət qədər çox pul lazımdır. Ermənistanın isə bir dövlət olaraq  bu qədər silah almağa maliyyəsi, pulu çatmır. Ermənistan hazırkı dövlət büdcəsilə indi malik olduğu hərbi texnikanın heç 25 faizini belə almaq gücündə deyil. Belə bir maliyyə imkanı onda yoxdur.

Deməli, bu ölkə malik olduğu silahların mütləq əksəriyyətini qanunsuz yollarla, qaçaqmalçılıqla alıb. Hansı ki, bu qanunsuz silahlardan düşmən tərəf bir sıra hallarda mülki obyektlərimizi, dinc əhalini atəşə tutub. Gəncə və Bərdə şəhərinə atdıqları kasetli raketlər və bu zaman çoxsaylı dinc əhalinin ölümünə bais olmaları buna misaldır. Belədə düşmən tərəf müxtəlif beynəlxalq konvensiyaları, Cenevrə konvensiyasının müddəalarından irəli gələn tələbləri kobud şəkildə pozub. Ona görə də bu barədə beynəlxalq təşkilatlara müraciət etməklə qanunsuz və qaçaqmalçılıq yolu ilə əldə etdiyi silahlara görə  Ermənistanın cəzalandırılmasına, ona qarşı sanksiya tətbiq edilməsin nail ola bilərik. Qara bazardan alınan bu silahlar sənədlərlə sübut olunmalı, onu verən iş adamları, imkanlı şəxslərə münasibətdə də qanunun imkan vertdiyi səviyyədə tədbirlər görülməlidir və ümid edirəm görüləcək də”.

Milli Məclisin deputatı Elman Nəsirov qeyd etdi ki, Ermənistan beynəlxlq normalara təhqiramiz yanaşan bir dövlətdir:  “İrəvan beynəlxalq hüququn heç bir norma və prinsiplərinə məhəl qoymur. BMT kimi bir qurumun qətnamələrini icra etmir və buna görə cəzalanmırsa, təbii ki, Ermənistan digər beynəlxalq qurumlar və təşkilatların sənədlərinə də anoloj yanaşma sərgiləyir. 1997-ci ildə Avropada Adi Silahlara dair Müqaviləyə görə Ermənistan və Azərbaycana kvotalar müəyyən edildi. Ona görə hər iki dövlətin sərəncamında 220 tank olmalı idi. Əvvəla, bu yanaşmanın özü qüsurludur.  Çünki Azərbaycanın əhalisi say baxımından Ermənistandan 5 dəfəyə yaxın çox olduğu halda, bərabər kvotanın müəyyən edilməsinin özü yanlış idi. Digər tərəfdən, işğalçı ilə işğala məruz qalana eyni kvota verilməsi də yanlışdır.  İrəvan isə bu kvotaları da pozaraq bu gün orada göstəriləndən qat-qat çox hərbi texnika əldə edib. Nəticədə Ermənkistan Avropada Adi Silahlara dair Müqavilənin şərtlərini pozub. Amma buna görə heç bir cəzaya məruz qalmayıb. Ermənistan bir tərəfdən, torpaqlarımızı işğal edib, digər tərəfdən BMT qətnamələrinə məhəl qoymur. Belə olan vəziyyətdə beynəlxalq hüquqa görə müxtəlif cəza tədbirləri var. Onların da içində sanksiyalar mühüm yer tutur.

BMT nizamnaməsinin 41-ci maddəsinə görə belə dövlətlərə qarşı iqtisadi, maliyyə, ticarət sanksiyaları nəzərdə tutulur, embarqolar qoyulur. Bu sanksiyalar indiki halda Ermənistana münasibətdə tətbiq edilməlidir. Bunların biri tətbiq edilsəydi, münaqişə çoxdan öz həllini tapardı. İndiki vəziyyətdə Ermənistana qarşı sanksiyaların tətbiqi üçün ciddi əsaslar var. Ermənistan tərəfdən xüsusən də qadağan olunmuş  silahlardan istifadə etməklə mülki əhalinin hədəf alınması əsas verir ki, İrəvana qarşı artıq yubanmadan ciddi sanksiyalar tətbiq edilsin. Hazırda BMT-nin 14 sanksiya rejimi işlək vəziyyətdədir. Ermənistana münasibətdə də tətbiq olunarsa, bu artıq 15-ci sanksiya rejimi olacaq”.

Rüfət NADİROĞLU    

 

Sizin Reklam Yeriniz