Əlaqə Arxiv
news Image
2020.10.31
09:10
| A A A
Dünyada təhlükəsizliyə xidmət edən qardaşlıq

 

Natiq Cəfərli: “Azərbaycanla Türkiyə dünya təhlükəsizliyinin tərkib hissəsində mühüm yer tutur”

Araz Qurbanov: “Bu əlaqələr tək iki qardaş dövlətin deyil, eyni zamanda, regionda siyasi-iqtisadi maraqları olan digər dövlətlərin də mənafeyinə xidmət edir” 

“Türkiyə və Azərbaycana düşmənçilikdən dünya çox şey itirər, eyni zamanda Türkiyə və Azərbaycanla dostluq hər kəsə çox şey qazandırar”. Bu sözləri TREND BİA-nın “Bakı-İstanbul” telekörpü layihəsi çərçivəsində çıxışı zamanı Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Bu devizi stimullaşdıran iqtisadi, siyasi və mənəvi dəyərlər hansılardır?    

ReAL Partiyasının icra rəhbəri Natiq Cəfərlinin fikrincə, Bakı ilə Ankara dünyada təhlükəsizliyin təmin edilməsində mühüm həlqədir: “Türkiyə ilə Azərbaycanın birgə fəaliyyəti Avropanın enerji təhlükəsizliyində, “köhnə qitə”nin  ümumi təhlükəsizliyində mühüm rol oynaya bilən əsas amillərdən birinə çevrilə bilər.  Türkiyə ilə Azərbaycanın birgə fəaliyyəti əksər hallarda uğurlu nəticələrə də gətirib çıxarıb.  Bunu əyani şəkildə də görə bilərik. Bu gün “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan faktordur. Bu layihə həmçinin Avropanın Rusiya bazarı və qazından asılılığını xeyli dərəcədə azalda biləcək  faktorlardan biridir. Hansı ki, bu amil Avropa üçün çox önəmlidir. Bundan başqa, Türkiyə NATO ölkəsidir, Azərbaycan isə onunla birgə hərəkət etməklə həm də Orta Asiyaya bir çıxış yolunu oynayır. Azərbaycan loqostik olaraq da çox uğurlu çoğrafi məkanda yerləşir. Gələcəkdə Azərbaycan  vasitəsilə Orta Asiya ölkələrinə investisiyaların  qoyulması, həmin məkanda iqtisadi yüksəlişə nail olmaq, iqtisadi bazarlara çıxış əldə etmək Avropa və dünya ölkələri üçün vacib olacaq.  Azərbaycan həm də Şimal-Cənub və Qərb-Şərq dəhlizinin üzərində yerləşir, belə böyük layihələrin mərkəzində yer almışıq. Burada da Türkiyə ilə birgə  bir çox addımlar atırıq.   Bu da iqtisadi, siyasi və geosiyasi olaraq dünyanın xeyrinədir. Yəni Azərbaycan və Türkiyə dünya təhlükəsizliyinin tərkib hissəsində mühüm yer tutur. Bu fonda da Türkiyə və Azərbaycanla dostluq dünyanın xeyrinədir. Azərbaycan və Türkiyənin birgə gördüyü işlərdən həm Avropanın təhlükəsizliyi, həm də dünyada enerji, hərbi təhlükəsizlik baxımından yeni təhlükəsizlik qaydalarının yaradılmasında dünya ciddi dividentlər qazana bilər.

Orta Asiyanın qapısı Azərbaycandan keçir. Azərbaycan burada yumşaq gücə malikdir. Postsovet məkanında vaxtilə bir yerdə olduğumuzu nəzərə alsaq, Azərbaycanın Orta Asiya ölkələrinə təsirləri də kifayət qədər güclüdür. Mənəvi təsirlərimiz də çoxdur, Azərbaycanın mədəniyyət xadimləri bu ölkələrdə kifayət qədər populyardır. Belədə, Azərbaycan Türkiyə ilə birlikdə Orta Asiya respublikalarında sabitliyin, iqtisadi yüksəlişin təmin olunmasında, Avropa və dünyanın siyasi maraqlarının bu regionda təmin edilməsində ciddi rol oynamaq gücündədir.  Bu səbəbdən də dünya Azərbaycan və Türkiyə ilə dostluqdan çox şey qazanacaq”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov bildirdi ki, həmin fikirlərdə bir qədər maksimalizm olsa da, həqiqət çoxdur: “Azərbaycanla Türkiyəni tək iqtisadi, siyasi, mədəni əlaqələr deyil, ortaq tarix, genetik köklər və digər bu  kimi amillər bağlayır. Azərbaycanın xarici siyasəti çoxvektorludur. Ölkəmiz həm Qərb, həm türk, həm də İslam dünyası ilə qarşılıqlı əlaqələrin yaranması və inkişafını qarşısına məqsəd qoyub. Təbii ki, anoloji siyasət Türkiyə dövlətinin də başlıca xarici siyasət iqtiqamətlərindən biridir. Burada iki qardaş ölkənin ortaq təmas xətləri çoxdur. Azərbaycanla Türkiyə arasında ortaq layihələr, strateji müttəfiqlik əlaqələri bir daha onu göstərir ki, bu əlaqələr tək hər iki dövlətin deyil, eyni zamanda, regionda siyasi-iqtisadi maraqları olan digər dövlətlərin də mənafeyinə xidmət edir. Buradan keçən neft və qaz kəmərləri həmin fikri bir daha təsdiqləyir.  İslam ölkələri də Azərbaycan və Türkiyə ilə əlaqələrin möhkəmlənməsindən  öz maraqları üçün də yararlanır.

Azərbaycan və Türkiyəyə düşmən mövqedən yanaşmaq təbii ki, bu fonda dünyanın heç bir dövlətinə divident gətirməyəcək. Nə region dövlətləri, nə bu ətrafdakılar, nə də Avropa ölkələri belə düşmənçiliyə getməklə daha çox itirəcəklər,  nəinki qazanacaqlar.  Çünki artıq Azərbaycanla Türkiyə arasında müttəfiqlik həm regionda, həm də Orta Şərqdə düzəni dəyişmək üzrədir, yeni qüvvələr balansı yaradır.  Hansı ki, bu balans düşmənçiliyə deyil, məhz əməkdaşlığa xidmət edir”.

Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz