Əlaqə Arxiv
news Image
2020.11.03
10:11
| A A A
Bəzi Qərb təsisatları mətləbə dəxli olmayan məsələləri gündəmə gətirirlər
Elman Nəsirov: “Bu sayaq yersiz suallarla Azərbaycanı gözdən salmaq, Azərbaycan Prezidentinin nüfuzuna xələl gətirmək istəyirlər”


Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə alan Almaniyanın ARD televiziya kanalının jurnalistinin bildirdiyinə görə, oktyabrın 1-də Azərbaycanda bir nəfər sülh tələb etdiyinə görə həbs olunub: “Bəzi insan haqları ekspertləri, müdafiəçiləri deyirlər ki, Siz bu müharibəyə həm də xalqı ətrafınızda birləşdirmək, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başlamısınız”.
Bu sual ondan xəbər verir ki, bir sıra Qərb təsisatları mətləbə dəxli olmayan məsələləri gündəmə gətirməklə dünyanı torpaqların azad edilməsi uğrunda mübarizə aparan Azərbaycana qarşı qaldırmağı əldə məqsəd tutublar. Əks halda, indiki məqamda mətləbə dəxli olmayan sözügedən sual gündəmə gətirilməzdi.   
Niyə Azərbaycanın apardığı azadlıq müharibəsindən çox Qərb təsisatları mətləbə dəxli olmayan və yaxud məsələni dolaşdıran, heç bir fakta söykənməyən ara məlumatlarına istinad etməyə çalışırlar?     
Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun fikrincə, bəzi Qərb təsisatlarının indiki dönəmdə mətləbə aid olmayan məlumatları gündəmə gətirməsi onların qərəzli mövqeyindən, ikili standart yanaşmalarından qaynaqlanır: “Qərəz və ikili standart mövqelər, tərəfkeşlik, neytral qalmamağın necə olduğunu aydınlaşdırmaq üçün Almaniyanın ARD kanalının jurnalistinin Azərbaycan Prezidentinə verdiyi təxribatçı suallara baxmaq kifayət edər. Heç bir halda həmin mətbu orqanın nümayəndəsini gedən döyüşlərin mahiyyəti, onun nədən başlandığı, hansı addımların bu reallığı şərtləndirdiyi maraqlandırmayıb.  Burada niyə Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” dediyi, onun qondarma rejimlə danışıqları tələb etməsi kimi çoxsaylı sualları vermək lazım idi.  Amma görünən odur ki, bu suallar onlar üçün lazım deyil.
Onları narahat edən məsələ Azərbaycan Silahlı Qüvvələrinin tarix yazması və onun BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini həyata keçirməsidir.  ATƏT-in Minsk qrupunun edə bilmədiyi işi bu gün Azərbaycanın şanlı Ordusu edir.  Sual verən jurnalist gözəl bilir ki, Azərbaycanın əldə etdiyi hərbi uğurlarda Ali Baş Komandanın müstəsna, misilsiz rolu var. Məhz onun rəhbərliyi altında Azərbaycan Ordusu möhtəşəm qələbələrə imza atıb”.
Deputat qeyd etdi ki, ermənipərəst qüvvələr bu və ya digər dövlətin uğurlarına kölgə salmaq istəyəndə, məhz belə qondarma  məsələləri, özlərindən demokratiya söz-söhbətini, insan haqları məsələsini ortaya atırlar: “Bu qüvvələrin məqsədi odur ki, Azərbaycanda insan haqlarının olmadığı, pozulduğu, demokratiyanın ciddi böhran içində olduğu barədə yalan informasiya formalaşdırsınlar. Bunun qarşısında isə Azərbaycanda xalqın öz Prezidenti ətrafında monolit birlik nümayiş etdirdiyinin, onu dəstəklədiyinin şahidi olurlar. Xalq hər gün Azərbaycan dövlət başçısının çıxışını səbirsizliklə gözləyir.  Bu da bəzi qüvvələrin yuxusuna haram gətirir”.
Belədə onlar politoloqa görə, həmin yersiz suallarla Azərbaycanı gözdən salmaq, Azərbaycan Prezidentinin nüfuzuna xələl gətirmək istəyirlər: “Amma əks nəticə ilə üz-üzə qalırlar. Bilirlər ki, ki, Azərbaycan Prezidenti təkcə dünya miqyasında tanınmış lider, mahir diplomat  deyil, onu həm də böyük bir sərkərdə kimi görürlər və bunu həzm edə bilmirlər.  Həmz edə bilmədiklərindən də belə provokaskiya xarakterli suallar verirlər. Cənab Prezident də bu sulları  əhatəli, məntiqli şəkildə cavablandırdı və belədə onları tərksilah etdi, çıxılmaz vəziyyətə saldı. Nəticədə onlar bu cür suallar verməkdə peşman oldular”.
E. Nəsirovun fikrincə, ARD televiziyasının müxbiri bu sayaq suallar verərkən, belə mükəmməl cavablarla üzləşəcəyinə inanmayıb: “Bəlkə də, Azərbaycan Prezidentinin mükəmməl cavabı fonunda həmin kanal rəhbərliyi çıxılmaz vəziyyətdə qalan  jurnalisti kəskin tənqid edəcək, cəzalandıracaqlar.  Azərbaycanın işi haqq işidir, öz torpaqlarımızın azad edilməsi uğrunda mübarizə aparırıq. Heç bir dövlətin mənəvi və hüquqi əsası yoxdur ki, Azərbaycandan döyüşləri dayandırmağı tələb etsin. Azərbaycan döyüşü dayandırmağa hazırdır, bir şərtlə ki, Ermənistan işğalçı qüvvələrini torpaqlarımızdan çıxarsın. Ərazilərimizi işğaldan azad etmək haqqımızdır. Heç kim kənardan müdaxilə edə bilməz.  Ali Baş Komandanın qətiyyətli, prinsipial mövqeyi ortadadır. Ordumuz qələbəyə köklənib. Xalqımız Ali Baş Komandanı və Ordumuzu birmənalı dəstəkləyir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz