Əlaqə Arxiv
news Image
2020.11.03
10:21
| A A A
Jurnalistin sualı qərəzli olsa da, Prezidentin ona verdiyi cavab tam ədalətli və düz idi
Anar İsgəndərov: “Xristian amili, Türkiyəyə qeyri-səmimi olmaları səbəbindən həmin yalanlara inanırlar”


Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin  “bu regionda insanların əksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilər olub” sualına cavabında deyib: “Xeyr, xeyr. Onlar Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişlərindən sonra köçürülməyə başlayıblar. İnternetdə görə bilərsiniz. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilər sonradan Çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionun etnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər”.
Bu söhbətdən məlum olur ki, bir çox ölkələrdə Cənubi Qafqazın tarixi barədə həqiqətlər saxtalaşdırılıb. Bunun səbəbləri nədir və təsəvvürlərin dəyişilməsi üçün Azərbaycan nə etməlidir?
Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərov ilk əvvəl qeyd etdi ki, alman jurnalistinin verdiyi suallar tam qərəz xarakteri daşıyan suallar olub: “Alman jurnalistin suallarına fikir versəydiniz bu sullarda Azərbaycan dövlətinə, hakimiyyətinə və ölkəmizin apardığı ədalətli müharibəyə səbirli münasibət yox idi. Bunun nəticəsidir ki, həmin jurnalistin verdiyi suallar da qərəzli idi. Alman müxbiri hansı mənbələrə istinad edərək bunları deyib? Tarixçini tarixçi edən mənbədir.
Azərbaycan Prezidenti həmin dövrün hadisələrini, bağlanan müqavilələri diqqətə çatdırdı.  Alman jurnalistinin bu müqavilələrdən xəbəri olsaydı, onu oxuyub birmənalı olaraq dərk edəcəkdi ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Onun verdiyi sual qərəzli idi, amma Prezidentin ona cavabı ədalətli və tam düz idi. XIX əsrin əvvəllərində ermənilərin Cənubi Qafqaza köçürülməsilə bağlı ən çox əsər yazan rus tarixçiləridir. Fottonun 12 cildlik əsərində bunlar qeyd edilib. Tarixçi Qlinka ermənilərin Azərbaycana köçürülməsilə bağlı əsər yazıb. Bu dövrün bütün tarixi əsərlərilə bağlı Qafqaz Arxequrasiya Kommisiyasının Aktlarında 1828-ci ildə Türkmənistanda bağlanan 16 bəndlik müqavilənin 15-ci bəndində söhbətin nədən getdiyi öz əksini tapıb. Burada İrandan ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi qeyd olunub.  1829-cu ildə Osmanlı ilə Rusiya arasında bağlanan Ədirnə müqaviləsi nəticəsində də neçə erməni ailəsinin, onun tərkibi də daxil olmaqla, köçürülməsilə bağlı siyahı  vardır. Qeyd etdiyim kitabların heç birində ermənilərin bu ərazilərdə daimi yaşadıqları ilə bağlı bir cümlə də yoxdur.  Çünki hamı bilir ki, məhz yuxarıda qeyd etdiyim müqavilələrdən sonra ermənilər Osmanlı və İran ərazisindən Azərbaycana köçürülüblər. Qarabağda olan 5 məliklik də alban məliklikləri idi. Azərbaycan xanlıqları Rusiya tərəfindın işğal olunandan sonra, torpaqlarımızda erməni vilayəti, İrəvan quberniyası yaradıldı. Onlar bu torpaqların sahibi idilərsə, rus işğalına qədər niyə belə qurumları yaradılmırdı?  Niyə müqavilə rus generalı Sisiyanovla Qarabağ xanı İbrahimxəlil xan arasında imzalanıb? Erməni vardısa onlarla imzalayardılar da. Bu məsələnin tarixi tərəfinə nöqtə qoyulub. Qarabağ tarixi Azərbaycan torpağıdır. Hüquqi tərəfi də odur ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsilə,  Avropa Şurası, Avropa Parlamenti, İslam təşkilatı, Qoşulmayanlar Hərəkatı birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar”.
Deputat dedi ki, kimlərsə erməni göz yaşlarına aldanaraq, bu tarixi saxtakarlığa inanıblar. Digərləri də xristian amili səbəbindən erməni saxtakarlığına qoy qoyur: “Bu gün hüququn gücü yoxdur, gücün hüququ var. Bir ay bundan qabaq başladığımız müharibə də onu göstərir. Ölkəmizi istəməyənlər ola bilər. Qoy istəməsinlər, özləri bilər. Azərbaycanda vahid güc formalaşıb və o haqq uğrunda mübarizə aparır, öz torpaqlarını azad edir, kiminsə torpağını işğal etmirik. Vətən dediyimiz torpağı qaytarmaq üçün azadlıq müharibəsi aparırıq.
Kimlərsə  belədə erməni göz yaşlarına aldanaraq, onların saxtalaşdırdığı tarixə aldana bilərlər. Digər tərəfdən, öz maraqları naminə yalandan ermənilərə dost olmaqla düşmənin uydurduğu tarixi saxtakarlıqlara inana bilərlər.  Həyat göstərir ki, bəziləri bu saxtakarlığın mahiyyətini başa düşərək öz maraqları naminə ona aludə olur, digərləri isə başa düşmədən erməni təbliğatına uyurlar.  Bir çoxları da xristian amili , Türkiyəyə qeyri-səmimi olmaları səbəbindən həmin yalanlara inanır.
Ancaq bütün bunlara baxmayaraq tarixdə hər bir hadisəyə qiymət nəticəsinə görə verilir. Apardığımız mübarizə haqq işidir və onu yekunlaşdırmaq üçün günləri, saatları sayırıq”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz