Əlaqə Arxiv
news Image
2020.11.04
10:16
| A A A
Biz birlikdə güclüyük
Elşad Mirbəşiroğlu: “Cəbhədəki qələbənin siyasi müstəvidə komponentlərinin formalaşdırılması üçün tərəfdarlarımızın açıq siyasi, mənəvi dəstəyi olduqca əhəmiyyətlidir”

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş zamanı deyib: “Ermənistanın Azərbaycana hücumlarının başladığı ilk günlərdən bəri Türk Şurası olaraq, Türk dünyası olaraq biz qardaş Azərbaycanın yanındayıq”.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan isə müşahidəçi statusu ilə qurumun tədbirlərində iştirak edir. Azərbaycanın işğaldakı torpaqları azad etmək uğrunda başladığı Vətən müharibəsinə ilk gündən qardaş Türkiyə dəstək verib. Türkiyənin bu istiqamətdə dəstəyi hərtərəflidir. Eyni zamanda, TDƏŞ də bəyan edildiyi kimi, ölkəmizə başladığı haqq işində dəstək olduğunu bildirir.
Proses ondan xəbər verir ki, Ermənistan indiki halda nə qədər yalvarsa da, təklənməkdədir. Hətta Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı digər ölkələr belə İrəvana dəstək vermir. Əksinə, həmin qurumda yer alan və eyni zamanda, TDƏŞ-də təmsil olunan Qazaxıstan, Qırğızıstan Azərbaycanın yanında olduğunu bəyan edirlər. Belədə, görünən odur ki, başlanan hərbi əməliyaytlar fonunda Azərbaycana beynəlxalq aləmdə verilən dəstək artsa da, düşmən tərəfi heç öz müttəfiqləri də dəstəkləmir.
Bu mənada görədən TDƏŞ-in dəstəyi Azərbaycana hansı stimulları verir?
Milli Məclisin deputatı, Elşad Mirbəşiroğlu bildirdi ki, bu gün Azərbaycana qardaş Türkiyə başda olmaqla bir çox tərəfdaş dövlətlər tərəfindən ciddi siyasi və mənəvi dəstək müşahidə olunmaqdadır: “Bu mənada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycanın yanında olduğunu nümayiş etdirməsi  hesab edirəm ki, dünyaya bir mesaj olaraq qəbul olunmalıdır. Azərbaycan kifayət qədər güclü resurslara malik bir dövlətdir. Prezident İlham Əliyev də qeyd edib ki, müharibəni aparmaq üçün ölkəmizə heş bir kənar dəstək lazım deyil.  Azərbaycanın nizamlı ordusu inamla torpaqlarımızı işğaldan azad edir”.
Deputat qeyd etdi ki, TDƏŞ-in bu dəstəyi dünya miqyasında Azərbaycanın mövqeyini daha da gücləndirəcək: “Bununla yanaşı, münaqişə vəziyyətində olan Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən tərəfdaşlarımız təbii ki, bu müstəvidə qlobal arenada ölkəmizin obyektiv mövqeyini daha da gücləndirəcəklər.  TDƏŞ çərçivəsində Azərbaycan olduqca səmərəli fəaliyyət göstərir. Bu il Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiya ilə mübarizə məsələsinin müzakirəsi üçün ilk dəfə olaraq TDƏŞ-in toplantısı baş tutdu. Hansı ki, bu koronavirusla münazirə istiqamətində ilk beynəlxalq platforma kimi dəyərləndirilə bilər. Bu hər şeydən öncə ona dəlalət edir ki, Azərbaycanın TDƏŞ çərçivəsində ciddi nüfuzu var. Ölkəmiz  digər təşkilatlarda olduöğu kimi, burada da təşəbbüskar dövlət qismində çıxış edir.  Bu da Azərbaycanın münaqişədə ədalətli mövqeyinin dəstəklənməsi üçün ciddi əsaslar yaradır.
TDƏŞ-in Azərbaycanın yanında olduğunu nümayiş etdirməsi postmünaqişə dövründə mövqelərimizin əhəmiyyətli dərəcədə güclənməsi üçün əlavə elementlər verir. Azərbaycan Ordusu cəbhədə qələbə çalmaqdadır.
Cəbhədəki qələbənin siyasi müstəvidə  komponentlərinin  formalaşdırılması üçün tərəfdarlarımızın açıq siyasi, mənəvi dəstəyi olduqca əhəmiyyətlidir. Bu baxımdan TDƏŞ tərəfindən  verilən dəstək ölkəmizin mövqelərinin daha da gücləndirilməsi baxımından olduqca vacibdir”.
R. SOLTANOV
Sizin Reklam Yeriniz