Əlaqə Arxiv
news Image
2020.11.04
10:21
| A A A
Erməni müharibə caniləri mühakimə edilməlidir
Əliməmməd Nuriyev: “Belə bir hərbi tribunalın yaradılması artıq zərurətə çevrilib”



Rusiyalı tarixçi-qafqazşünas Oleq Kuznetsov təklif edib ki, Azərbaycan torpaqlarında qanlı cinayət törətmiş erməni müharibə canilərini mühakimə etmək üçün Xocalı hərbi tribunalının təşkil edilməsinin vaxtı çatıb. O, buna səbəb kimi artıq müharibənin bu ay başa çatacağını səbəb göstərib.
Bu təklifin həyata keçirilməsi hazırkı şəraitdə nə qədər realdır və beynəlxalq hüquq bu addımı necə dəstəkləyə bilər?
Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirdi ki, BMT Təhlükəsizlik Şurasının bu istiqamətdə qərar verməsi vacibdir: “Xocalıda soyqırım olub. Xocalıda yaşayan soydaşlarımız Ermənistan siyasi rəhbərliyi və silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Yalnız ona görə ki, onlar türkdülər. Yalnız ona görə ki, onlar başqa etnik qrupa aiddirlər.  Neçə illərdir ki, Azərbaycan beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılmasına çalışır. Hazırda ABŞ-ın 22 ştatı, habelə onlarla dövlət Xocalı soyqırımını parlament və hökumətlərin ayrı-ayrı qərarları səviyyəsində tanıyıb. Çexiya, Bosniya və Hersoqovina, Meksika kimi ölkələr tanıyıb. O zamanlar həm dünyanın bir sıra kütləvi informasiya vasitələrində, həm də Azərbaycan mətbuatında ermənilərin azərbaycanlıların başına hansı oyunlar açdığını, qadınlarımız və uşaqlarımızı necə kəsib doğradıqlarını açıq şəkildə göstərmişdilər. Bu barədə Çingiz Mustafayevin, Röyterin kadrları vardır. Bu mənada ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən də Xocalı soyqırımının tanıdılması, qəbul edilməsi çox vacibdir. Amnesty İnternasional, Rusiyanlın Memorial təşkilatları da soyqırımı tanıyıb. Amma onun daha yüksək səviyyədə tanıdılmasına, o cümlədən BMT Təhlükəsizlik Şurasında tanıdılmasına nail olmalıyıq. BMT-də bu mənada müvafiq hərbi tribunalın yaradılması məsələsini gündəmə gətirməliyik. Bu   BMT Təhlükəsizlik Şurasının qərarı ilə hərbi tribunalların yaradılması praktikası var. Nürnberq, Syera-Lion və Ruandada.  Azərbaycanda bu istiqamətdə cəhdlər edib.  Amma bunun üçün BMT Təhlükəsizlik Şurasının belə bir qərar verməsi çox vacibdir. Buna çalışmalıyıq. Hazırda Xocalı soyqırımında iştirak etmiş şəxslərin ya məhv edilməsi, ya da cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində işlər gedir”.
Həmsöhbətimiz qeyd etdi ki, bu istiqamətdə addımların atılması ilə bağlı müəyyən müvafiq strukturlar hərəkətə keçib: “Azərbaycan bu istiqamətdə, beynəlxalq tribunalın yaradılmasına nail olmaq üçün çox çalışmalıdır. Bu gün həmin Ermənistan skiyasi rəhbərliyi tərəfindən Azərbaycanın mülki əhalisin qarşı yeni cinayətlər törədilməkdədir. Azərbaycanın döyüş bölgəsindən xeyli uzaqda yaşayan mülki əhalisi atəşə tutulur, şəhərlərimiz uzaq mənzilli raketlərlə hədəfə alınır. Ermənistanın cinayətkar rejimi tərəfindən verilən əmrlər nəticəsində Azərbaycan vətəndaşı olan 91 mülki şəxs həlak olub. Yaşayış evləri, xəstəxanalar, adminstrativ binalar da daxil olmaqla 3 mindən artıq bina  dağıdılıb.  Bəzi beynəlxalq təşkilatlar da Bərdə və Gəncəyə atılan qadağan olunmuş kasetli raketlərlə bağlı məsələləri qeydə alıblar. Bütün bunlar müharibə cinayətləridir. Azərbaycanın Cinayət Məcəlləsində insanlıq əleyhinə cinayətlər fəsli var. Burada soyqırım, etnik təmizləmə, müharibə cinayətlərilə bağlı məqamlar öz əksini tapıb. Bu istiqamətlərdə cinayət məsuliyyəti nəzərdə tutulub. Azərbaycan Baş Prokurorluğu tərəfindən müvafiq cinayət işləri də qaldırılıb.  İnanıram ki, qaldırılan cinayət işləri nəticəsində həmin şəxslər məsuliyyətə cəlb ediləcəklərsə, ən azından Azərbaycan məhkəmələri qarşısında cavab verməli olacaqlar”.
Ə. Nuriyev ümid edir ki, beynəlxalq ictimaiyyət bu prosesə səssiz qalmayacaq: “Hesab edirəm ki, Xocalı soyqırımında iştirak edən şəxslərin həbsi üçün yeni əlavə imkanlar yaradılıb. Bu istiqamətdə hərbi tribunalın yaradılması istiqamətində çalışmaq lazımdır. Hər halda beynəlxalq ictimaiyyətin də vicdanı yəqin ki, artıq oyanıb.  Xocalı qətliamı bu gün də davam etməkdədir. Şəhərlərimizə raket atəşi atmaqla düşmən onlarla dinc vətəndaşlarımızın həlak olmasına bais olub.  Yəni erməni vəhşiliklərini sübut etmək və cinayətkarlara qarşı beynəlxalq tribunal yaratmaq üçün yetərincə sübut və faktlar vardır. Ümid edirəm ki, buna nail olacağıq. Çünki bəşəriyyəti yeni-yeni soyqırımlardan qorumaq üçün yalnız və yalnız beynəlxalq mexanizm işləməlidir. Belə cinayət əməllərinə yol verənlər məhkəmə qarşısına çıxarılmalıdırlar. Həm Dağlıq Qarabağın separatçı rejim rəhbərliyi, həm də Ermənistanın siyasi-hərbi rəhbərliyi burada məsuliyyət daşıyır”.
Ona görə də  Ə. Nuriyevin fikrincə, belə bir hərbi tribunalın yaradılması artıq zərurətə çevrilib: “Vaxtilə faşizmin qarşısının alınmasında Nürnberq və Tokio tribunalları mühüm rol oynadı. Sonradan Ruanda və keçmiş Yuqoslaviyada törədilən cinayətlərlə bağlı hərbi tribunallar  baş tutdu. Yəni bu istiqamətdə nümunə və presedentlər mövcuddur.  Həmçinin gələcəkdə bəşəriyyəti bu tip təhdidlərdən qorumaq üçün sözügedən hərbi tribunalın yaradılması çox vacib məsələdir. Əks halda, həmin cinayətlərin miqyası daha da genişlənə bilər”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz