Əlaqə Arxiv
news Image
2020.11.12
08:00
| A A A
Ermənilər Azərbaycanda ölkəmizin vətəndaşları olaraq yaşayacaqlar
Bəhruz Quliyev: ”Hesab edirəm ki, bunun nəticələri müsbət olacaq, dövlətimiz onların dinc yaşayışını təmin edəcək” Samir Adıgözəlli: “Dağlıq Qarabağda yaşayan ermənilərə hər hansı bir statuisun verilməməsi onların gələcəkdə bu ərazidə Azərbaycan vətəndaşları olaraq yüksək səviyyədə yaşayışına heç bir problem yaratmayacaq, əksinə onlar bizim vətəndaşlarımız kimi daha təmin olunmuş şəkildə həyatlarını davam etdirəcəklər”

Ermənistanın terrorçu silahlı qruplaşmalarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və dövlətimizin ərazibütövlüyünün təmin edilməsi artıq reallaşır. 
Məlum olduğu kimi Azərbaycan Prezideti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ müharibəsinin başa çatdığını ifadə edən və Ermənistanın kapitulyasiyasını təsdiqləyən üçtərəfli bəyanat-sənəd imzalanıb. İmzalanan bəyanatda Dağlıq Qarabağada yaşayan ermənilərə heç bir status verilməyəcəyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə verdiyi bəyanat və müsahibələrində, xalqa müraciətlərində qeyd edib ki, Dağlıq Qarabağda ermənilərə heç bir status verilməyəcək. Əlbəttə, həm sənəddə ifadə olunduğu, həm də ölkə başçısının kəskin şəkildə bildirdiyi kimi bu bölgədə yaşayan ermənilərə satatus verilməyəcək və onlar Azərbaycan qanunları çərçivəsində bizim ölkənin vətəndaşları kimi yaşayacaqlar.   
Qarabağ münaqişəsində döyüşlərin dayandırılması haqda üçtərəfli bəyanatda Dağlıq Qarabağın statusu haqda qeydlərin yer almaması hadisələrin gələcək inkişafına nə vəd edir? 
“Səs” qəzeti və eyni adlı informasiya agentliyinin rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, qəbul edilən bu bəyanat Dağlıq Qarabağ probleminin 30 ildən sonra mümkün olan ən əlverişli həll variantı kimi qəbul edilməlidir. B.Quliyevin sözlərinə görə, bu sənədlə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilir, məcburi köçkünlər öz yurdlarına qayıdır, bununla paralel olaraq Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları kimi həmin ərazilərdə yaşaması təmin edilir, onların təhlükəsizliyinə qarant verilir. “Bu üç tərəfli bəyanatda Dağlıq Qarabağda yaşayan ermənilərə status verilməməsi müsbət hadisədir. Hesab edirəm ki, bunun nəticələri müsbət olacaq, dövlətimiz onların dinc yaşayışını təmin edəcək. O bölgədə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar 30 il bundan əvvəlki kimi yenə də Azərbaycan Respublikasının vətəndaşları kimi burada yaşayacaqlar. Bu gün Azərbaycan çox millətli, çox dinli multikultural, tolerant bir ölkədir, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri kimi ermənilər də dinc, sülh və əmin-amanlıq içində yaşayacaqlar. Daqlıq Qarabağda yaşayan ermənilərin özləri də yaxşı bilirlər ki, Azərbaycan vətəndaşı kimi yaşamaq onların sosial rifahının yüksəlməsinə səbəb olacaq. Çünki onlar 30 ilə yaxın bir müddətdə xunta rejiminin zülmü altında olublar, Azərbaycan dövləti isə onları bu zülmdən qurtarır”-deyə B.Quliyev vurğuladı.  
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri, politoloq Samir Adıgözəlli də hesab edir ki, üç tərəfli sənəddə Dağlıq Qarabağda yaşayan ermənilərə hər hansı bir statusun verilməsi barədə hər hansı bir qeydin olmaması çox müsbətdir. “Bu sənəddə Dağlıq Qarabağda yaşayan ermənilərə hər hansı bir statusun verilməsinin əks olunmaması təqdirəlayiq haldır. Azərbaycan qalib dövlətdir və bu sənədə əsasən də Ermənistan qrafik üzrə öz işğalçı qoşunlarını Azərbaycanın işğal altında olan ərazilərindən çıxaracaq. Qəbul edilən məlum üç tərəfli sənəddə ermənilərlə hər hansı bir statusun verilməsindən söhbət getmir və bu bəyanatla Dağlıq Qarabağ erməniləri birmənalı olaraq razılaşmalıdır. Konkret olaraq Azərbaycan əraziləri işğalçı qüvvələrdən təmizlənəcək, sərhəddə Azərbaycanın sərhəd qoşunları dayanacaq. Bəlli dəhlizdən isə Dağlıq Qarabağda yaşayan ermənilər istifadə edəcək, həmin dəhlizi isə sülhyaratma qüvvələri mühafizə edəcək. Bu sənəd Azərbaycana nə verir? Azərbaycan öz ərazisini bütövləşdirir, Dağlıq Qarabağda bütün nəzarəti idarəçiliyi həyata keçirəcək. Təbii ki, burada olan bəzi məsələlərin zamana ehtiyacı var. BMT-nin qaçqınlar üzrə komissarlığının nəzarəti erməni əhalinin orada yerləşməsi prosesi baş verəcək. Bunu zaman göstərəcək ki, ermənilər gəlib orada yaşamaq istəyəcəklər, ya yox. Amma Azərbaycan öz öhtəliklərini tamamilə yerinə yetirir. Ermənistan da bu öhtəlikləri yerinə yetirəcəkmi? Burada təhlükəsizlik məsələlərindən söhbət gedir, bu ölkə sülhyatama qüvvələrinin fəaliyyətinə hər hansı bir maneə törədəcəkmi? Dağlıq Qarabağda yaşayan ermənilər orada birmənalı olaraq Azərbaycan qanunları çərçivəsində yaşayacaqlar, onların yaşayışlarının və təhlükəsizliklərin təminatı dövlətimiz tərəfindən həyata keçiriləcək. Onlar Azərbaycan dövlətinin təminatı altında olacaq. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlara hər bir vətəndaşımıza göstərilən münasibət göstəriləcək. Yəni burada heç bir ayrı-seçkilik edilməyəcək. Artıq onlar qondarma rejimin və Ermənistanın onlara verdikləri saxta pasportları, sənədləri deyil, Azərbaycan vətəndaşlığı sənədi daşıyacaqlar. Dağlıq Qarabağda bütün idarəetmə sistemi Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək”.
S.Adıgözəllinin fikrincə, bəzi məsələlər var ki, onların necə olcağını zaman göstərəcək, əsas odur ki, bu sənədlə Azərbaycan dövləti öz ərazi bütövlünü edib. “Bilirsiz ki, zamanında Azərbaycan dövləti Dağlıq Qarabağda yaşayan ermənilərə ən yüksək statusu verirdi, amma onlar bununla kifayətlənməyib, daha çox şey istədilər, çoxu istədiklərinə görə azdan da olsunlar. Artıq onlara hər hansı bir statusun verilməsi mümkün deyil və bu heç müzakirə mövzusu da ola bilməz. Dağlıq Qarabağda yaşayan ermənilərə hər hansı bir statuisun verilməməsi onların gələcəkdə bu ərazidə Azərbaycan vətəndaşları olaraq yüksək səviyyədə yaşayışına heç bir problem yaratmayacaq, əksinə onlar bizim vətəndaşlarımız kimi daha təmin olunmuş şəkildə həyatlarını davam etdirəcəklər ”- deyə S.Adıgözəlli qeyd etdi.
Leyla QARAXANLI

Sizin Reklam Yeriniz