Əlaqə Arxiv
news Image
2020.11.12
13:18
| A A A
“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi

Bəli, budur Qələbə Azərbaycanındır! Artıq 30 illik həsrət bitti. Bu günə qədər bitəcək deyirdik indi isə bitti deyirik. Bizə bu sevinci yaşadan Ali Baş Komandanımıza və rəşadətli ordumuza çox təşəkkür edirik.

08.11.2020.O gün hər gün olduğu kimi xalqımız səbrsizliklə cənab prezidentimizin çıxışını gözləyirdi. Və o çıxış anı gəldikdə cənab prezidentimizin ilk cümləsi Şuşa Bizimdir! sözü ilə başladı. Bu xalqımızın son 28 ildə duyduğu ən gözəl cümlə idi. Çünki biz Qarabağımızın tacı olan Şuşaya qovuşduq. Bu sevinci kəlmələrə sığdırmaq qeyri-mümkündür. Bu hisslər anlatılmaz, yaşanılar. Biz isə yaşadıq. Bu günləri yaşadığımız üçün, qızıl hərflərlə yazılmış tarixin canlı şahidi olduğumuz üçün o qədər çox şanslıyıq ki..

Bu Qələbəni yaşamağımızda ən böyük rol isə şanlı şəhidlərimizindir. İndi onların ruhları şaddır. Biz xalq olaraq onların ruhları qarşısında baş əyirik. Biz bu qələbəmizi onlara borcluyuq. Bu qələbə münasibətiylə bütün xalq küçələrə axışdı o gün bayram elədi. Vətənpərvər şüarlar səsləndi, Azərbaycanın hər bir yanında qələbə sevinci yaşandı sonra isə xalqımız şəhidlərimizi ziyarətə gedib onları yad etdilər.

Xalqımız Şuşanın sevincini həzm etmədən daha böyük sevinclə qarşılaşdı. 10.11.2020-ci il tarixində Ali Baş Komandanımız bir daha xalqa müraciət etdi. Bu dəfə isə artıq bütün Qarabağın rəsmən bizim olduğunu, müharibənin bizim qələbəmizlə başa çatdığını xalqına bəyan etdi. Bu dəfə xalqımız daha böyük bir sevinc yaşadı. Azərbaycanın dörd bir yanında zəfər bayramı qeyd edildi. Artıq qanlı yaddaş yoxdur şanlı yaddaş var. Qarabağımızın şanlı yaddaşı var.

Ali Baş Komandanımızın öncə Şuşanın alınma xəbərini verməsinin ardından 71 kənd, 1 qəsəbə və 8 yüksəkliyin  alınma xəbərini verdi. Bu isə qarşı tərəfin məğlubiyyəti demək idi. Onların “yenilməz” ordusu məhv oldu. Onların demək olar ki, bütün texnikasını məhv etmişik, 30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, əziblər düşməni keçiblər, əcəb də ediblər, öz torpağında. Buna görə də Ermənistanın baş naziri bizimlə danışıqlıqlar aparmağa məcbur oldu. Bəyanatın nəticəsində isə  Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür. Nəticə etibarilə, qarşıdan gələn qış mövsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Rusiya və Türkiyə sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır. Bununla belə Naxçıvanla Azərbaycan arasında quru yolla nəqliyyat əlaqəsi təmin ediləcək və əsirlər dəyişiləcək.

Bu Azərbaycanın qələbəsidir! Xalqımın 28 ildir gözlədiyi gün bu gündür. Artıq Qarabağ dedikdə kədərlənməyəcək əksinə qürürla sevinəcəyik.Xalqımın gözəl insanları 28 il sonra Qarabağa ayaq basıb orada məskən salacaqlar.

Qələbə sənə çox yaraşır Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan ordusu!  Qarabağ bizimdir! Qələbə bizimdir!

 

İbadova Günay

Nəsimi rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi

Sizin Reklam Yeriniz