Əlaqə Arxiv
news Image
2020.11.12
22:30
| A A A
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlanıb.

Mövqe.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Sizi böyük Qələbə münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim.

Bu böyük Qələbə Sizin yorulmaz əməyinizin, illər boyu böyük ustalıqla formalaşdırdığınız xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin məhsuludur.

Möhtərəm cənab Prezident, Siz əvəzsiz fəaliyyətiniz, böyük qətiyyətinizlə yalnız müqəddəs torpaqları düşmən tapdağından qurtarmadınız, haqsızlıqların, ikili standartların hökm sürdüyü dünyada həqiqəti, ədaləti bərpa etdiniz.

Sayənizdə qardaş Azərbaycan xalqı tarixinin ən böyük zəfərlərindən birinə şahidlik etmiş oldu. Siz bütün türk xalqlarının qəlblərinin fatehi oldunuz, tariximizə qalib Prezident kimi düşdünüz. Türk dünyası üçün xidmətlərinizi xalqlarımız heç zaman unutmayacaq.

Zati-aliləri, hörmətli cənab Prezident, Ali Baş Komandan, bir daha Sizi, qardaş Azərbaycan xalqını, rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətini və zabitlərini bu əlamətdar gün, tarixi zəfər münasibətilə təbrik edir, böyük ehtiramımı çatdırmaqdan şərəf duyduğumu bildirirəm.

Qardaş Azərbaycanın Dövlət Bayrağı hər yerdə daim yüksəklərdə dalğalansın!".

X X X

Qırğız Respublikasının Joqorku Keneşinin Azərbaycan–Qırğızıstan dostluq qrupunun rəhbəri Tazabek İkramovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Məktubda deyilir:

"Zati-aliləri, hörmətli İlham Heydər oğlu.

İcazə verin, Qırğız Respublikasının Joqorku Keneşinin (parlamentinin) Azərbaycan Respublikası ilə dostluq qrupunun adından və şəxsən öz adımdan Sizinlə səmimi həmrəyliyimizi və Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyimizi bildirim.

Keçmiş SSRİ xalqları bilirlər ki, arxiv sənədlərinə və tarixi sənədlərə, beynəlxalq hüququn bütün normalarına əsasən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Parlamentlərarası dostluq qrupu Azərbaycanın öz xalqını müdafiə etmək və ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində bərpa etmək səylərini dəstəkləyir.

Biz tərəfləri 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında imzalanmış birgə bəyanatın bütün bəndlərini yerinə yetirməyə çağırırıq.

Biz beynəlxalq ictimaiyyəti uzun illər boyu Ermənistanın təcavüzündən və hücumlarından əziyyət çəkən Azərbaycanın yanında olmağa çağırırıq. Eyni zamanda, müharibədə həlak olmuş azərbaycanlı qardaşlarımızın ruhuna dua edir, yaralananlara şəfa diləyirik".

X X X

ISESCO-nun sabiq Baş direktoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycridən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Sizi və Azərbaycan xalqını ölkənizin Dağlıq Qarabağ bölgəsinin böyük hissəsinin işğaldan azad olunması, eləcə də müharibəyə son qoyan və 2020-ci il dekabrın əvvəlinə qədər işğal altında olan digər ərazilərin azad edilməsini nəzərdə tutan razılaşmanın imzalanması münasibətilə təbrik etməkdən şərəf hissi duyuram.

Bu qələbə Sizin müdrik rəhbərliyinizlə ordunuzun güclü iradəsi və qəhrəmanlıq ruhu sayəsində əldə olunub.

Ölkənizin sadiq tərəfdarı və səmimi dostu olmağımla fəxr edirəm.

Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzində bu münaqişə ilə bağlı həqiqətlərin təbliği və Ermənistanın təcavüzünün pislənilməsi istiqamətində dostumuz və mərkəzin Baş katibi ilə davamlı olaraq əməkdaşlıq edirik.

Biz bu qələbənin əldə olunmasına görə çox xoşbəxtik və regionda sülhün bərqərar olmasını səbirsizliklə gözləyirik.

Zati-aliləri, Sizə olan dərin hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirəm".

X X X

Ümumdünya İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin Direktorlar Şurasının sabiq sədri Adil Abdullah əl-Fəlahdan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Məktubda deyilir:

"Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizi Allahın adı ilə salamlayıram. Uca Allah Sizi qorusun.

Rəhbərliyiniz altında Azərbaycan Ordusunun işğal edilmiş torpaqları geri qaytarmaq yolunda bir-birinin ardınca qazandığı qələbələrin xəbərini böyük sevinc və fərəh hissi ilə aldıq. Qələbə xəbərləri haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarı olan hər bir azad insan üçün fəxrdir. Mən də sevinirəm ki, qəlbində Azərbaycan sevgisi olan bir insan kimi bu xoş günlərin şahidiyəm.

Mənim Azərbaycana sevgim Birinci Qarabağ müharibəsi illərindən başlayıb. Həmin vaxt ermənilər doğma Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, 1 milyona qədər insanı ata-baba yurdlarından didərgin salmışdılar. Bəli, mən 30 il bundan əvvəl ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamın və zülmün şahidi olmuşam. Mən fəxr edirəm ki, Küveyt Dövləti Ümumdünya İslam Xeyriyyə Təşkilatının Asiya Müsəlmanları Komitəsinin rəhbəri olduğum vaxt 20 ildən çox Azərbaycan xalqının, xüsusən öz vətənlərindən didərgin düşmüş insanların xidmətində dayanmışam. Bu məqamda mən 1996-cı il oktyabr ayının 16-da Asiya Müsəlmanları Komitəsinin təşəbbüsü və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təşkil olunmuş beynəlxalq konfransı xatırlamaq istəyirəm. Həmin konfrans qaçqınlar və məcburi köçkünlərin problemlərinə həsr olunmuşdu. Həmin konfransdan sonra Azərbaycanın haqq mübarizəsinə xidmət məqsədilə daxili və xarici arenada böyük xeyriyyə işləri bir-birini əvəzləmişdir.

Cənab Prezident, Allaha şükür olsun ki, bu gün Sizin rəhbərliyinizlə Azərbaycan xalqı və Ordusu Qarabağı azad edir və biz bu məsud anları yaşayırıq.

İcazə verin, Sizi, doğma Azərbaycan xalqını, sülh, ədalət istəyən bütün azad xalqları bu parlaq qələbələr münasibətilə təbrik edim.

Qələbə Azərbaycanladır! Qarabağ Azərbaycandır!".

X X X

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Məktubda deyilir:

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını böyük tarixi hadisə münasibətilə səmimi-qəlbdən təbrik edim.

Cənab Prezident, bu hadisə Sizin ardıcıl surətdə yürütdüyünüz müdrik siyasətin nəticəsidir. Bu siyasət Azərbaycan xalqının çoxillik məqsədinə çatmasına, Azərbaycan Respublikasının ədalətə, beynəlxalq normalara və beynəlxalq hüququn prinsiplərinə sadiqliyini möhkəmlətməyə imkan verib.

Şəksizdir ki, bu qələbə regiondakı bütün dövlətlərin və qonşu ölkələrin rifahına və sülh maraqlarına xidmət edəcək.

Bu tarixi məqamda dahi Heydər Əliyevi xatırlamaya bilmərəm. Azərbaycan xalqı və biz hamımız onun xatirəsini daim əziz tuturuq.

Hörmətli cənab Prezident və Ali Baş Komandan, bu tarixi dövrdə Siz tarixə düşdünüz və Sizin ətrafınızda sıx birləşmiş Azərbaycan xalqı üçün həqiqətən böyük qəhrəman oldunuz!

Möhtərəm İlham Heydər oğlu, icazə verin, Sizə, sevimli Azərbaycana və onun gözəl, mərd xalqına bir daha səmimi-qəlbdən cansağlığı, firavanlıq, aydın və dinc səma arzu edim!".

X X X

"Tekfen Holdinq" şirkətlər qrupunun İdarə Heyətinin sədri Murat Gigindən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Məktubda deyilir:

"Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Otuz ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarının azadlığa qovuşacağı günü böyük səbirsizliklə gözləyirdik. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azadlığı uğrunda sentyabrın 27-də başlayan Vətən müharibəsinin Sizin, cənab Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qələbəsi ilə nəticələnəcəyinə inamımız tam idi.

Çox çəkmədən Sizdən, möhtərəm cənab Prezident, böyük qələbə xəbərini aldıq. Vətən müharibəsində Qələbə münasibətilə başda Siz olmaqla, şanlı Azərbaycan Ordusunu, dost və qardaş Azərbaycan xalqını TEKFEN şirkəti adından və şəxsən öz adımdan iftixarla dolu sevinc hissi ilə təbrik edirəm.

Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralananlara şəfa diləyirik.

Azərbaycan Respublikasının daha böyük gələcəyi, dost və qardaş Azərbaycanın daha firavan həyatı naminə Zati-alinizə yüksək nailiyyətlər arzulayırıq".

X X X

"Tekfen İnşaat" şirkətinin İdarə Heyətinin sədri Levent Kafkazlıdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Məktubda deyilir:

"Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Qarabağ - Vətən müharibəsində qazanılan möhtəşəm qələbə münasibətilə, sevinc və həyəcan dolu böyük fəxarət və qürur hissi ilə Sizə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaq istərdik.

Zati-aliləri, Siz Azərbaycanın yeni tarixini qızıl hərflərlə yazdınız. Bu şanlı zəfər ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük zəhmətiniz, əzmkarlığınız və qətiyyətiniz sayəsində əldə edildi.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət, onların kədərli ailələrinə, başda Zati-aliləri cənab Ali Baş Komandan olmaqla, Azərbaycan xalqına və Azərbaycan Ordusuna dərin hüznlə başsağlığımızı çatdırır, yaralananlara şəfa və tezliklə sağalmalarını diləyirik.

Bu tarixi bir gündə başda Müzəffər Ali Baş Komandan olmaqla, dost və qardaş Azərbaycan xalqını bir daha təbrik edir, daim sülh və əmin-amanlıq arzulayırıq".

X X X

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Məktubda deyilir:

"Çox hörmətli İlham Heydər oğlu.

Döyüş əməliyyatlarının dayandırılması, Rusiya, Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmalarla əlaqədar Sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Bu razılaşmalar Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək, regiona çoxdan gözlənilən sülh gətirəcək. Uzun müddət davam etmiş bu münaqişənin nizamlanmasında Sizin göstərdiyiniz mərdlik, müdriklik, əzm və təmkinə ancaq qibtə etmək olar. Beləliklə, köçkünlərin dinc qurucu əməklə məşğul olmaq üçün öz doğma evlərinə qayıtmalarına yol açılır. Siz dahi atanızın vəsiyyətini həyata keçirdiniz.

Əminəm ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da ənənəvi dostluq və qarşılıqlı anlaşma ruhunda inkişaf edəcək.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycan vətəndaşlarına sülh və tərəqqi arzulayıram".

Sizin Reklam Yeriniz