Əlaqə Arxiv
news Image
2020.11.13
10:10
| A A A
Digər həmsədrlərin taleyi necə olacaq?
Aydın Quliyev: “Tənzimlənmə prosesinin müəyyən mərhələsində ABŞ-ın prosesə qoşulmaq imkanları daha çoxdur, nəinki Fransanın”

Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti arasında imzalanan üçtərəfli bəyanatdan sonra Minsk qrupunun digər həmsədrləri, yəni ABŞ-la Fransa  “oyundankənar” vəziyyətə düşüb. Belə ki, onlar sözügedən qurumda həmsədrlik funksiyasını icra etsələr də, indiki halda prosesdə hər hansı yer almayıblar. İndiki halda prosesi tənzimləyən qüvvə qismində Rusiya və Türkiyə çıxış edir. Bu mənada onların bundan sonra mövcud konfliktlə bağlı nə demələri, nə danışmalarının heç bir mənası yoxdur. Digər tərəfdən, Fransanın Xarici İşlər naziri, ondan əvvəl isə bu ölkənin Prezidenti Emmanuel Makron ermənipərəst çıxışları ilə yadda qalıblar. Onlar öz çıxışlarında açıq şəkildə işğalçını müdafiə etdiklərini ortaya qoydular. Halbuki, həmsədr olaraq prosesdə neytral qalmalıdırlar. Bütün hallarda görünən odur ki, Paris artıq qatar yola düşəndən sonra yenidən münaqişənin tənzimlənməsi  prosesinə qayıtmaq eşqinə düşüb. ABŞ isə Donald Trampın dövründə özünü ümumən prosesdən kənarda qoyub. Vaşinqton tınzimlənmə prosesində əsasən neytral qalıb.
Fransa XİN rəhbərinin bu mövzuda çıxışı digər həmsədrlərin yenidən prosesə qayıtmasına şərait yarada bilərmi? Bunun hüquqi əsasları varmı?
Politoloq Aydın Quliyev bildirdi ki, Paris bundan sonra münaqişənin tənzimlənməsi prosesində əvvəlki tək iştirak etmək hüququnu itirib: “Fransa Xarici İşlər nazirinin bəyanatı bu ölkənin Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ problemilə bağlı prosesə qayıtmaq istəyindən xəbər verən amildir. Ancaq belə bəyanatın verilməsi Minsk qrupunun həmsədri kimi, Parisin Qarabağdakı sülh prosesinə əvvəlki dövrlərdə olduğu kimi qayıdacağına heç bir əsas vermir. Əslində Fransa XİN rəhbərinin verdiyi pozucu, təxribatçı və gedən proseslərə ziyan gətirən bəyanatı məhz onun nəticəsidir ki, Paris həmsədr olaraq indi faktiki sülh yaratma prosesindən kənarda qalıb. Son 30 ildə sülhyaratma prosesində Paris  ona verilən şansı demək olar ki, lazımı dərəcədə dəyərləndirmədi. Azərbaycan Fransaya etimad göstərdi. Baxmyaraq ki, bu ölkədə erməni lobbisinin təsirinin güclü olması fonunda onların Parisin xarici siyasətinə təsir edə biləcəklərini bildiyimiz halda həmin ölkənin tənzimlənmə prosesində iştirakına etiraz etmədik. Lakin görünən odur ki, Fransanın hakim dairələri bunu lazımınca qiymətləndirə bilmədi. Daha doğrusu dəyərləndirmədilər. Nəticədə həm Fransa, həm də qismən ABŞ-ın həmsədr kimi fəaliyyətlərinin təsirsiz olması ona gətirdi ki, Paris və Vaşinqton Qarabağ probleminin həlli prosesindən faktiki olaraq kənarda qaldı. Bu gün Minsk qrupunun fəaliyyətsizliyinin nəticəsi olaraq Qarabağ probleminin daha səmərəli və real həllilə məşğul olan başqa bir regional format meydana çıxdı. Belə formatlar dünyanın başqa məkanlarında da meydana çıxaraq, səmərəli nəticə verib, məsələn, Suriya. Ona görə heç kim şübhə etmir ki, Qarabağ problemini həll edən yeni format daha səmərəli olacaq və bu baxımdan Minsk qrupunun 30 illik fəaliyyətsizliyini əvəzləyəcək.
Həmsöhbətimiz qeyd etdi ki, Fransanın bu müstəvidə belə bəyanatlarla münaqişənin həll prosesinə yenidən qayıtmaq cəhdləri ona xeyirdən çox, ziyanlı nəticələr verir: “Çünki Fransa  Minsk qrupunun həmsədri kimi ona verilən şansı lazımınca dəyərləndirməyi bacarmadı. Bu gün, hətta Azərbayvanın biznes strukturunda Fransanın gələcək iştirakının özü sual altındadır. Ona görə ki, bu sayaq bəyanatlar və 30 il ərzində açıq ermənipərəst mövqe tutmaları Azərbaycan dövlətinə ölkəmizin biznes sektorunda Fransanın iştirak payına yenidən baxmaq zərurəti yaradıb”.
A. Quliyevin fikrincə, bu məsələdə ABŞ-la Fransanı tərəzinin eyni gözünə qoymağa zərurət yoxdur: “ABŞ, xüsusən də Tramp hakimiyyəti dövründə Azərbaycanın enerji siyasətinə birmənalı şəkildə dəstək verdi. Həmçinin, Vaşinqton tərəfdən açıq şəkildə Ermənistanı dəstəkləyən hərəkətlərə demək olar rast gəlmədik. Genosid ifadəsi dilə gətirilmədi, tanınmadı. Habelə, ABŞ tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı bəyanatlar səsləndi. Fransa tərəfdən isə bunlar baş vermədi. Bu mənada tənzimlənmə prosesinin müəyyən mərhələsində ABŞ-ın prosesə qoşulmaq imkanları daha çoxdur, nəinki Fransanın”.
Rüfət NADİROĞLU
 
Sizin Reklam Yeriniz