Əlaqə Arxiv
news Image
2020.11.13
07:07
| A A A
Azərbaycanın qələbəsinin beynəlxalq və tarixi əhəmiyyəti böyükdür…
Elman Nəsirov:“Bütövlükdə, Azərbaycanın qazandığı bu möhtəşəm qələbə nəticəsində ölkəmzin beynəlxalq aləmdə nüfuzu, reytinqi son dərəcə yüksəkdir”

Azərbaycanın qələbəsinin beynəlxalq və tarixi əhəmiyyəti böyükdür…
Elman Nəsirov:“Bütövlükdə, Azərbaycanın qazandığı bu möhtəşəm qələbə nəticəsində ölkəmzin beynəlxalq aləmdə nüfuzu, reytinqi son dərəcə yüksəkdir”
Dağlıq Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması bütün dünyada, beynəlxalq aləmdə böyük bir hadisə olaraq qəbul edilir. Artıq bütün beynəlxalq aləmdə Azərbaycanın münaqişənin həlli istiqamətindəki addımları təqdir edilir, öyrənilir. Azərbaycanın bu tarixi qələbəsinə ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza da münasibət bildirib:“Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsidir”.
M. Brayza həmçinin bildirib ki, bu, beynəlxalq münasibətləri öyrənən tələbələr üçün klassik nümunədir.
Azərbaycanın qələbəsinin beynəlxalq və tarixi əhəmiyyəti nədən ibarətdir?
Millət vəkili, politoloq Elman Nəsirli “Mövqe”yə şərhində bildirdi ki, Azərbaycanın qələbəsinin çox böyük beynəlxalq və tarixi əhəmiyyəti danılmazdır. “Bütün bu hadisələr dünya miqyasında da ciddi izlənilir. Cənab Prezident öz şərtini qoymuşdu, demişdi ki, biz hərbi yolla torpaqlarımızı geri aldıq, biz siyasi danışıqlara hazırıq, Ermənistanın baş naziri qondarma 7 şərt irəli sürmüşdü biz onu rədd etdik, amma mənim bir şərtim var-Ermənistan silahlı qüvvələri işğala son qoymalı və torpaqlarımızdan çıxıb getməlidir, onların torpaqlarımızdan çıxarılması ilə bağlı Ermənistan konkret vaxt qrafiki təqdim etməlidir, onu yerinə yetirməlidir. Noyabrın 9-dan 10-na keçən gecə bu şərtlər  Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatda öz əksini tapdı. Bununla da bütün dünya gördü ki, Azərbaycanın ali siyasi rəhbərliyi necə sistemli addımlar atır. Artıq bütün beynəlxalq aləmdə Azərbaycanın münaqişənin həlli istiqamətindəki addımları təqdir edilir, öyrənilir və görürlər ki, aparılan necə çox mürəkkəb kombinosiyalar, necə düşünülmüş, məqsədyönlü siyasət nəticə etibarı ilə şahmat dili ilə desək bizim düşmən tərəfinin mat elan etməsini  şərtləndirdi. Dünya gördü ki, qələbə qazanmaq üçün eyni zamanda güclü müttəfiqlər də olmalıdır. Bu nöqteyi-nəzərindən Azərbaycan Türkiyə qardaşlığı, müttəfiqliyi bütün dünya üçün bir daha örnək oldu. Sözün həqiqi mənasında Türkiyə dövləti Azərbaycana çox yüksək mənəsi, siyasi dəstək verdi, bu mənəvi və siyasi dəstək hər an, hər zaman özünü göstərdi və bütün dünya buna şahidlik etdi. Bu dəstəyin hesabına üçüncü dövlətlərin bu münaqişəyə  müdaxilə etmək imkanlarının qarşısı alındı. Bu da çox önəmli məsələlərdən biridir. Bütövlükdə, Azərbaycanın qazandığı bu möhtəşəm qələbə nəticəsində ölkəmzin beynəlxalq aləmdə nüfuzu, reytinqi son dərəcə yüksəkdir.  Azərbaycan dünyada qalib dövlət kimi tanınır. Bu gün hər bir azərbaycanlı özünü qalib hesab edir...”
E.Nəsirovun sözlərinə görə, BMT-nin son hesabatlarında qeyd edilir ki, hazırda dünyada 36 münaqişə var və  bu hesabat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən əvvəl qəbul edilib. E.Nəsirovun bildirdiyinə görə, bu münaqişə öz həllini tapdığı üçün dünyada olan münaqişə ocaqlarının sayı 35 olub. “Dünyada 35 münaqişənin heç birinin həllinin işartıları, əlamətləri belə görünmür. Bizim münaqişəyə qədər Gürcüstanın Abxasiya və Cənubi Osetiya münaqişəsinin tarixi var. Bu münaqişələrin həllində isə heç bir irəliləyiş yoxdur və onun neçə illər, əsirlər çəkəcəyi haqqında müxtəlif versiyalar var, bu gün bununla bağlı pessimist fikirlər səslənir. Moldavanın qondarma Dnestryanı respublika problemi var. O da indiyə  qədər də öz həllini tapmayıb, heç həllini tapacağı ilə bağlı ehtimallar da yoxdur. Fələstin-İsrail münaqişəsinin 70-dən artıq yaşı var, o nəinki həll olunmayıb, hətta elə bil dünən başlayıb, həlli ilə bağlı heç bir işartı yoxdur. Bütün bu müqayisələrdən sonra qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu münaqişələrin içində bəlkə də ən mürəkkəbi, ən qəlizi idi. Amma onun həlli yolları tapıldı. Nəyin hesabına tapıldı? Bu, ilk növbədə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin yeritdiyi çox uğurlu siyasətin nəticəsində həll olundu.  Həmin siyasətin fəlsəfəsini birinci növbədə (güclənmək) iqtisadi gücümüzün artırılması, iqtisadi müstəqilliyimizin təmin edilməsi və bunun sayəsində hərbi gücümüzün əldə edilməsi, ən müasir silahlara malik olmağımız, hərb sahəsində ən yüksək texnologiyalara yiyələnməyimiz, ordunun döyüş ruhunun ən yüksək səviyyəyə qaldırılması, onların vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlətimizin özünün hərbi sənaye kompleskinin formalaşdırılması və sair təşkil edir. Biz 1200 adda hərbi təyinatlı məhsul istehsal edirik. Bütün bu nəhəng işləri görmək, həyata keçirmək birbaşa cənab Prezidentin adı və onun fəaliyyəti ilə bağlıdır ki, onlara nail olduq. Eyni zamada yüksək diplomatik səylər göstərmək, Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıtmaq, ölkəmizin beynəlxalq əlaqələrini möhkəmləndirmək, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq səviyyəsinə qalxmaq, bu günlərdə dünyanın ən böyük beynəlxalq təşkilatlarından biri olan və üzvlərinin sayına görə BMT-dən sonra ikinci yerdə dayanan Qoşulmama Hərəkatı kimi nəhəng bir təşkilata rəhbərlik etmək kimi məsələlərin hamısı bizim diplomatik uğurlarımız idi. Bu, amil bizimbu günki qələbəmizin təminatında yüksək rola malikdir. Nəhayət, cəmiyyətimizdə səfərbər olunmuş cəmiyyətin formalaşdırılmasını, vətəndaş həmrəyliyinin əldə edilməsini qeyd etməliyik. Unutmayaq ki, biz vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə qədər böyük mürəkkəb, məşəqqətli, ağır bir yol keçmiş dövlətik. Bu gün o birlik əldə əldə edilib. İlk növbədə xalqla hakimiyyətin birliyi, xalqın öz Prezidentinə olan böyük inamı, etimadı, Prezidentin də məhz xalqın  milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirməsi, ortada güclü siyasi iradənin, qətiyyətin, prinsipiallığın olması, bütün faktorlar nəticə etibarı ilə Azərbaycanın son dərəcədə güclənməsini təmin etdi. Hesab edirəm ki, Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 27-də öz siyasi karyerasının ən böyük səhvinə imza atdı, Azərbaycana qarşı bütün cəbhə boyu hücuma keçdi və Azərbaycan ordusu da sözün həqiqi mənasında tarixi ədaləti bərpa etdi, tarix yazdı, Azərbycanın öz torpaqlarının üzərində suveren huquqlarını təmin etdi. Burada diqqət çəkən məqamlardan biri də odur ki, Azərbaycan Prezidenti informasiya cəbhəsində də çox böyük bir iş apardı, dünyanın 30-a yaxın nümfuzlu KİV-lərinə çox 
geniş və əhatəli müsahibələr verdi. Bir çox hallarda bu KİV-lərin nümayındələri tərəfindən dövlətimizin başçısına çox təxribatçı suallar verildi, amma sonra həmin sualları verənlərin özləri peşiman oldu. Çünki cənab Prezident öz mükəmməl cavabları ilə o sualların hamısı tərkisilah etdi və nəticədə bizim diplomatik müstəvidə böyük üstünlüyümüz təmin edildi. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz cəbhədə qələbələr qazandı, eyni zamanda Ali Baş Komandar mahir diplomat olaraq diplomatik və informasiya cəbhəsində uğurlara imza atdı. Xalq Prezidenti birmənalı şəkildə dəstələyir və milli birlik nümayiş etdirir. Bax, bütün bu konponentlər hamısı nəticə etibarı ilə bu günki uğurlarımızı təmin edir. Bu gün tarix yazılıb. Cənab Prezidentin də qeyd etdiyi kimi bu tarixi qələbənin ən böyük qəhrəmanı bizim müzəffər ordumuzdu, bizim əsgər və zabitlərimizdir. Bu məntiqdən çıxış edərək bir təklif vermək istəyirəm. Çox gözəl olardı, yerinə düşərdi ki, qayalar üstündə yerləşən Şuşa şəhərində ən yüksək zirvədə müzəffər, qalib, xilaskar Azərbaycan heykəl qoyulsun. Bu da doğurudan da çox böyük siyasi hadisə olardı və bunun çox böyük siyasi mənası var”, - deyə millət vəkili qeyd etdi.
Aytəkin KƏRİMLİ

Sizin Reklam Yeriniz