Əlaqə Arxiv
news Image
2020.11.18
15:00
| A A A
Əliyevdən Niderland səfirinə: Köməkçim mənə dedi ki…

Belə bir günü demək olar ki, otuz ildir gözləyən bizim qaçqın və məcburi köçkünlərimiz bu böyük hərbi və siyasi qələbəni qeyd edirlər. Onlar özlərinin qayıdışı üçün vaxt cədvəlini görməyi səbirsizliklə gözləyirlər. Amma bu, vaxt aparacaq, çünki təcavüzkar demək olar ki, hər şeyi dağıdıb. Bu videolar bizim televiziyada nümayiş olunur. Bu dağıntı bəlkə də bizim xalqımıza, mədəni, dini irsimizə, bəşəriyyətə qarşı qəddarlığın, vandalizmin və barbarlığın nadir formasıdır.

Mövqe.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən deyib.

“Ermənistanın müharibə zamanı davranışı həm də onların rəhbərliyinin qeyri-insani münasibətini göstərir. Çünki münaqişə zonasından uzaqda yerləşən dinc şəhərlərə Ermənistan ərazisindən ballistik raketlərlə hücum etmək müharibə cinayətidir. Kasetli və fosforlu bombalardan istifadə etmək müharibə cinayətidir. Bütün beynəlxalq media və QHT-lər bunu təsdiq etdi. Mən təəssüf edirəm ki, söhbətimizə bununla başlamalı oldum. Bu, ancaq onunla əlaqədardır ki, bizim görüşümüz iki gün əvvələ təyin olunmuşdu və sizin parlamentin qərarı ondan sonra qəbul edilib. Bundan başqa mən nə deyə bilərəm? Bir daha deyirəm, bunu izah etmək asan olmayacaq. Bu, həmçinin sizin hökumətinizin, xarici işlər nazirinizin mövqeyindən asılı olacaq. Biz bununla bağlı onların şərhlərini gözləyirik. Çünki mənim köməkçim mənə deyib ki, müzakirə zamanı şərhlər olub, lakin biz şərhləri indi, bu qərar qəbul olunandan sonra gözləyirik. Sözsüz ki, biz Avropa Komissiyasından şərhlər gözləyəcəyik. Bildiyiniz kimi, Avropa Komissiyası və Azərbaycanın çox geniş əməkdaşlıq gündəliyi var. İki il əvvəl biz Brüsseldə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam dəstəkləyən “Tərəfdaşlıq prioritetləri” sənədini parafladıq. Azərbaycan öz ərazisində döyüşürdü, öz ərazi bütövlüyünü bərpa edirdi və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa İttifaqı ilə Azərbaycan tərəfindən paraflanmış sənədə uyğundur”.

Qeyd edək ki, ötən gün Niderland parlamenti Azərbaycan və Türkiyəyə qarşı sanksiya nəzərdə tutun qərar qəbul edib.

Sizin Reklam Yeriniz