Əlaqə Arxiv
news Image
2020.11.25
08:00
| A A A
Qərb yeni iddiasını ekspertlərin dili ilə çatdırır
Türkiyənin Qarabağ bölgəsinə gəlməsi, başqa sözlə, Qafqazda möhkəmlənməsi Qərbin yuxusuna haram qatıb Rasim Quliyev:“Prosesə ABŞ-dan, Qərbdən baxanda onlar belə görə bilərlər ki, Cənubi Qafqazda artıq Türkiyə faktoru mövcuddur və Rusiya Türkiyə ilə birgə bölgədə nəyisə bölüşdürürlər...”. “Reallıq ondan ibarətdir ki, bölgədə hər hansı bir problemin həllində həm Rusiya, həm Türkiyə aktiv rol oynayır, ancaq Qərbin heç bir rolu yoxdur, Qərb heç bir rol oynaya bilmir”.

Azərbaycanın 44 günlük müharibədə Ermənistanı məğlub etməsi və nəticədə düşmən ölkənin kapituliyasiya aktına imza atması dünyanın bir çox ölkələrini, o cümlədən də qərbli siyasiləri, diplomatları ciddi narahat edir. Bundan əlavə, müharibə dövründə və ondan sonrakı mərkələdə Türkiyənin Azərbaycana verdiyi dəstək, eyni zamanda Rusiya sülhyaratma qüvvələri ilə bərabər Türkiyə sülhməramlılarının da Qarabağda yerləşdiriləcəyinə dair məlumatlar da Qərb dünyasında ciddi narahatlıqlarla müşayiət olunur. Türkiyənin sülhməramlı missiyasının bölgəyə gəlməsi məsələsinin rəsmiləşmək ərəfəsinə olduğu məlumdur. Bu səbəbdən də bəzi əcnəbi ekspertlər, siyasilər məsuliyyətsiz bəyanatlar verir, iddialar irəli sürürlər.   
Belə ki, Yunanıstanın “Pentaposttagma” nəşrinin bildirdiyinə görə, amerikalı politoloqlar Donald Kirkland və Patrik Rue qeyd edirlər ki, Moskva və Ankara Liviya və Dağlıq Qarabağı “bölmək” istəyirlər.
Bu iddia reallığa nə qədər uyğun gəlir və bu kimi iddialar nəyə xidmət edir?
“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, politoloq Rasim Quliyev bu iddianı “Mövqe”yə şərh edərkən bildirdi ki, Liviya, Suriya və Qarabağdakı prosesləri təhlil edərkən  məsələyə obyektiv yanaşılmalıdır. R.Quliyevin sözlərinə görə, Suriyada ABŞ və Avropanın, Rusiyanın hərbiçiləri var idi və burada hərbi təyyarələr tərəfindən bombardımanlar həyata keçirilirdi, qarşılıqlı müharibə baş verirdi. “Türkiyə ordusu isə öz ölkəsinin təhlükəsizliyi baxımından onun üçün çox əhəmiyyətli olan qoşuluğunda baş verən bu prosesə müdaxilə etdikdən sonra Avropanın, Qərbin hərbi güclərinin geri çəkilməsi baş verdi. Nəticədə bu dövlətlərin dəstəklədiyi, silahlandırdığı qruplar da passiv fazaya keçdi. Türkiyə ilə Rusiyanın hərbi əməkdaşlığı, birgə nəzarət sistemi Suriyada ən azından sabitlik yaratdı, qanlı-qadalı müharibə dayandı. Düzdür, münaqişə hələ tam olaraq öz həllini tapmayıb, amma qətliam dayandı, dağıntıların qarşısı alındı. Həmin proses Liviyada və Qarabağda da baş verir. Amma Qarabağdakı proses tamamilə fərqildir. Burada Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktoru vardı. Amma Suriyada və Liviyadakı münaqişənin mahiyyəti bir qədər başqadır. Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Fransa və Rusiya 30 il ərzində heç bir aktiv fəaliyyət həyata keçirmədilər, heç bir nəticə əldə edə bilmədilər. Həmişə deyirəm ki, həmsədrlərin Ermənistanla paslaşması səbəbindən bu münaqişə 30 il müddətində həll edilməz bir vəziyyətə gəlib düşmüşdü. Hətta belə bir təəssürat da yaranmışdı ki, bu münaqişənin həlli sonsuza qədər uzana bilər və əhali özünü buna psixoloji cəhətdən özünü hazırlayar. Əslində, bu elə ona hesablanmışdı ki, Azərbaycan insanı psixoloji cəhətdən Qarabağsız yaşamağa öyrəşsinlər, onlar həm psixoloji, həm iqtisadi cəhətdən Azərbaycanı buna öyrəşdirmək istəyirdilər. Nəticə nə oldu? Nəticədə Azərbaycan dövləti, Silahlı Qüvvələrin Ali Baş Komandanı ortaya həm siyasi, həm hərbi iradə qoydu və Türkiyə isə çox aktiv şəkildə Azərbaycana qarşı olan siyasi təzyiqləri neytrallaşdırdı. Hətta hərbi təzyiq olacağı təqdirdə də açıq bəyanatla öz mövqeyini bildirdi. Yəni Azərbaycana qarşı olan təzyiqlərin neytrallaşmasında Türkiyə çox əvəzsiz rol oynadı. Eyni zamanda da dünyada aparılan anti-Azərbaycan təbliğatının qarşısının alınmasında çox aktivlik göstərdi. Azərbaycan Qarabağ probleminin hərbi həllinin elə bir zəfər nöqtəsinə gəlib çatdı ki, artıq qazanılan bu zəfər rəsmiləşdirildi və proses artıq diplomatik fazaya keçdi. Bu prosesin qarantı kimi bölgədə Rusiya və Türkiyə sülhməramlılarının olmağı təbiidir. Rusiya Ermənistanın müttəfiqidi, Azərbaycanın qonşusudur, Türkiyə isə Azərbaycanın müttəfidir və regionda artıq özünün söz haqqını, gücünü və qüdrətini təsdiqləyən bir dövlətdir. Digər tərəfdən, Azərbaycan Türkiyəni Cənubi Qafqaza gətirdi. Azərbaycanın iştirakı ilə Türkiyə artıq Cənubi Qafqazda bütün proseslərdə aktiv rol oynamağa başladı. Həm siyasi, həm hərbi, həm də iqtisadi prosesdə Türkiyənin rolu görünür. Buna görə də, Türkiyənin  Cənubi Qafqazda  çox ciddi maraqları var”.
R.Quliyevin sözlərinə görə, Suriyada və Liviyada olduğu kimi Qarabağda da Türkiyə Rusiya ilə əməkdaşlıq nəticəsində Cənubi Qafqazda qərbin oynaya biləcək  rol məhdudlaşdırıb:”Türkiyənin Rusiya əməkdaşlıq şəraitində Qafqazada qərbin oynamağı iddia edə biləcək rolu məhdudlaşdırıb. Düzdür, qəti şəkildə rədd etmirlər, amma artıq burada Qərbin oynaya biləcəyi rol qalmayıb. Cənubi Qafqazda hər hansı bir münaqişədə, yaxud siyasi proseslərdə əgər Rusiya ilə Türkiyə iştirak edirsə və burada həm ABŞ-ın, həm Fransanın, Avropanın, Qərbin oynaya biləcəyi bir rol yoxdusa, onların sözü həlledici deyilsə, deməli onda burada həlledici oyunçular başqadır. Yəni artıq Cənubi Qafqazda Türkiyə faktoru mövcuddur, həm siyasi güc, həm iqtisadi faktor kimi mövcuddur. Azərbaycanın bütün transmilli layihələrində Türkiyə rol oynayır. Həm də Türkiyə sülhməramlıları artıq Azərbaycana gəlir.  Bu real faktdır. Prosesə ABŞ-dan, Qərbdən baxanda onlar belə görə bilərlər ki, Cənubi Qafqazda  artıq Türkiyə faktoru mövcuddur və Rusiya Türkiyə ilə birgə bölgədə nəyisə bölüşdürürlər. Yəni Qərbdən baxanda bu, belə də görünə bilər. Amma reallıq ondan ibarətdir ki, bölgədə hər hansı bir problemin həllində həm Rusiya, həm Türkiyə aktiv rol oynayır, ancaq Qərbin heç bir rolu yoxdur, Qərb heç bir rol oynaya bilmir.  Tutaq ki, Fransanın Azərbaycan barədə səsləndirdiyi əsassız bəyanatların bir kağız parçasından başqa bir şey deyil, heç bir ciddi əhəmiyyəti yoxdur. Düzdür, bizi narahat edir ki, Fransa kimi tarixi kökü olan bir dövləti fransız xalqının tarixindən, milli maraqlarından çıxış etməyən, öz şəxsi maraqlarını güdən, öz şəxsi qərəzindən çıxış edən bir şəxs idarə edir.  O, Fransanın milli dövlətçilik maraqlarından yox, şəxsi ambissiyasından çıxış edir. Faktiki olaraq Qərbin Cənubi Qafqazda heç bir rolu yoxdur” - deyə R.Quliyev qeyd etdi.
Leyla QARAXANLI

Sizin Reklam Yeriniz