Əlaqə Arxiv
news Image
2020.11.25
10:30
| A A A
Rusiya-Azərbaycan münasibətləri daha da dərinləşəcək
Elman Nəsirov: “İki ölkə arasında tərəfdaşlığın xüsusi strateji xarakter kəsb etməsi fundamental məsələlərdə ortaq mövqedən çıxış etmələrində öz təzahürünü tapıb”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Prezident İlham Əliyevlə görşdə deyib: “Biz buraya idarələrarası nümayəndə heyəti ilə gəlmişik. Sizinlə razılaşdırıldığı kimi, bizim bu səfərimiz kifayət qədər qısa müddətdə həyata keçirilməlidir. Bu, bizim, Rusiya Federasiyasının Prezidentinin 9 noyabr tarixli razılaşmaların reallaşdırılması üzrə səyləri fəal dəstəkləmək və eyni zamanda, Azərbaycan Respublikası ilə bizim tərəfdaşlığımızın xüsusi strateji xarakterini vurğulamaq niyyətini əks etdirir. Bu gün burada bizim qarşılıqlı fəaliyyətimizin bütün istiqamətləri üzrə həmkarlarımızla aparılacaq söhbətlər, əlbəttə, ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə inkişaf etməsinə və çiçəklənməsinə yönələcək”.
Lavrovun qeyd etdiyi “xüsusi strateji xarakter” özündə nəyi ehtiva edə bilər?
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Rusiya ilə Azərbaycan arasında tərəfdaşlığın xüsusi strateji xarakter kəsb etməsi ilk növbədə özünü fundamental məsələlərdə bu iki ölkənin ortaq mövqedən çıxış etmələrində göstərir: “Sirr deyil ki, bu Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətini təşkil edir. İkitərəfli münasibətlər yüksək səviyyədə olarkən ikitərəfli və bütövlükdə çoxtərəfli münasibətlər də formalaşır, inkişaf edir. İkitərəfəli münasibətlər içərisində isə qonşularla münasibətlər xüsusi çəkiyə və  əhəmiyyətə malikdir. Məsələyə bu kontekstdə yanaşdıqda qonşu dövlət olan Rusiya ilə münasibətlərimiz sözün həqiqi mənasında strateji xarakter kəsb edir.  Təsadüfi deyil ki, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda səfərdə olarkən də səsləndirib.
İki ölkə arasında münasibətlərin, tərəfdaşlığın xüsusi strateji xarakter kəsb etməsi ilk növbədə fundamental məsələlərdə ortaq mövqedən çıxış etməkdə öz təzahürünü tapıb. İki ölkə müxtəlif platformalarda məhz strateji tərəfdaşlıq münasibətlərinə sadiq qalaraq ortaq mövqe sərgiləyir.  Məsələn, Rusiyaya qarşı sanksiyalar tətbiq edilərkən Azərbaycan bu sanksiyalara qoşulmadı. Ölkəmizdə ilk Avropa Oyunları keçirilərkən bir çox Qərb dövlətlərinin başçıları həmin tədbiri boykot yolunu seçərək, prosesə qatılmadı. Amma o zaman Rusiya Prezidenti Bakıya gələrək böyük bir idman mərasiminin açılış mərasimində iştirak etdi”.
Deputat qeyd etdi ki, Təhlükəsizlik məsələləri baxımından da tərəfdaşlığımızın xüsusu strateji xarakter daşımasının mühüm önəmi vardır:  “Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Rusiya dövlətinin davranışı, Putinin mövqeyi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir.  Ermənistan baş naziri dəfələrlə cəhd edib ki, Ruisya dövlətini də müharibəyə cəlb etsin. Onun üçün də müxtəlif təxribatçı addımlara imza atdı. Ermənistan ərazisindən Azərbaycan şəhərləri, mülki  əhali hədəfə alındı. Bu zaman düşmən ballistik raketlərdən, qadağan olunan kaset və fosfor bombalarından istifadə edib. Bu erməni vəhşiliyi nəticəsində 94 nəfər mülki əhali şəhid oldu, 400-ə yaxın insan isə yaralandı. İrəvan bununla çalışırdı ki, Azərbaycan bu təxribata uysun və nəticədə Rusiya da münaqişəyə qatılsın. Amma ermənilərin bu təxribatlarının da heç bir nəticəsi olmadı. Bu günlərdə Rusiya Prezidenti Putin nüfuzlu ölkə kanalına müsahibəsində qeyd  etdi ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ və ətrafdakı işğal olunan rayonları da Azərbaycanın ərazisi kimi tanıyır. Bununla Putin açıq şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ və ətrafdakı rayonlar Azərbaycanın tərkib hissəsidir. Bu isə ölkəmiz üçün son dərəcədə əhəmiyyətli bir bəyanatdır. Bütün bunlar bir daha onu təsdiqləyir ki, Bakı ilə Moskva arasında münasibətlər strateji xarakter kəsb edir.  Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın azad olunması ilə bağlı xalqımıza müraciətində məhz Rusiyanı daha çox vurğulayaraq İrəvanın cəhdlərinə baxmayaraq, Moskvanın Bakı ilə münasibətlərdəki strateji xarakteri qoruyub saxladığını diqqətə çatdırdı. Bütün bunlar bir daha onu təsdiqləyir ki, bu münasibətlərin böyük tarixi və ənənəsi vardır.  Hazırda hər iki dövlətin strateji maraqları üst-üstə düşür”.
 Rüfət NADİROĞLU
 
 
 
 
Sizin Reklam Yeriniz