Əlaqə Arxiv
news Image
2020.11.25
10:38
| A A A
Ordumuzun qələbəsi Minsk qrupunun gündəmdən silinməsi deməkdir
Elşən Mirzəoğlu: “Bundan sonra digər həmsədr ölkələr proseslə bağlı yalnız məlumat almaqla kifayətlənməli olacaqlar”


Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq “Trend”ə müsahibəsində ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq bildirib ki, biz həm də ATƏT Minsk qrupunun mandatının başa çatmadığını qeyd edirik: “Minsk qrupu və onun həmsədrləri münaqişənin uzunmüddətli və dayanıqlı həlli üzrə danışıqlara kömək göstərməlidir”.
Doğrudan da, Minsk qrupu hələ də Dağlıq Qarabağ münaqişəsinə hansısa istiqamətdə müsbət təsir göstərə bilərmi?
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun məqsədi Qarabağ münaqişəsinin həllinə nail olmaqdan ibarət olub. Qurum məhz bu məqsədlə də yaranıb. Lakin yarandığı dövrdən bu günə qədər Minsk qrupu real olaraq konfliktin həlli istiqamətində hər hansı bir addım atmayıb.  Qurumun həmsədr ölkələri bu illər ərzində işğalçı ilə işğala məruz qalana eyni gözlə baxılıb. Onların bu dövrdə bir məqsədləri olub. O da atəşkəsə nail olmaqdan ibarət olub. Bundan o yana qurum irəliyə doğru hər hansı bir addım atmayıb. Nəticədə  Minsk qrupunun görməli olduğu işi, yəni işğala son qoymaq prosedurunu, onun əvəzindən Azərbaycan Ordusu öz üzərinə götürərək həyata keçirməli oldu. Azərbaycan Ordusunun qələbələri fonunda isə Minsk qrupu artıq arxa plana atıldı. İndiki məqamda Minsk qrupu, daha doğrusu üç həmsədr ölkədən Fransa və ABŞ olmaqla ikisi, oyundankənar vəziyyətdədir. Bu da əlbəttə ki, onların öz səhvlərindən baş verib. Ötən müddət ərzində qurum problemin ədalətli həlli istiqamətində real hərəkətə keçsəydi, bu gün prosesin tənzimlənməsində Minsk qrupu əvvəlki tək əsas vasitəçi qismində qalmaqda davam edərdi. Onlar heç sülhməramlı missiyada belə yoxdurlar.
Bu günki vəziyyətdə Fransa və ABŞ heç sülhyaratma missiyasında təmsil olunmur. Bu funksiyanı Rusiya və müəyyən dərəcədə Türkiyə həyata keçirir.  Lakin buna baxmayaraq, görünən odur ki, qatar yola düşəndən sonra, Vaşinqton, Paris və hətta Avropa Birliyi yenidən prosesdə yer almağa can atırlar. Bu səbəbdən də ara-sıra sözügedən məsələni gündəmə gətirirlər.
Doğrudan da, Minsk qrupu hələ də Dağlıq Qarabağ münaqişəsinə hansısa istiqamətdə müsbət təsir göstərə bilərmi?
Politoloq Elşən Mirzəoğlu bildirdi ki, Minsk qrupu bu illər ərzində üzərinə düşən öhdəliyin üzərindən gələ bilmədi: “Münaqişənin törətdiyi reallıqları aradan qaldıra bilmədi. Qurum həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrası istiqamətində də əməli addımlar atmadı. Belədə Minsk qrupu sanki münaqişənin həllilə deyil, onun dondurulması, kompüterləşdirilməsilə məşğul olub. Bu mənada da qurumun sözdə bir, əməldə isə başqa siyasət həyata keçirdiyi məlum olur. Çox təəssüf ki, buradakı həmsədr dövlətlər bir sıra hallarda münaqişədə bitərəf qalmaq əvəzinə tərəf tutmuş, xristian təəsübkeşliyindən yanaşmışlar. Bu mənada da onlar ya problemin həllini yerinə yetirmək iqtidarında olmamış, ya da bilərəkdən prosesi dondurmuşlar.  Ona görə də qurumun görməli olduğu işi Azərbaycan Ordusu görməli oldu.  Nəticədə kiçik nüansları nəzərə almaq şərtilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Ən əsası Dağlıq Qarabağa hansısa status verilməsi məsələsi də gündəmdən çıxdı. Olsa-olsa orada yaşayan ermənilərə  bələdiyyə şəklində hansısa hüquqlar verilə bilər. Bu mənada Minsk qupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Eyni zamanda, Cənubi Qafqazda gedən geosiyasi rəqabətdə Rusiya  Rusiya Minsk qrupundakı digər iki həmsədr ölkəni kənarda qoymağa nail oldu.  Moskva problemin həllilə bağlı sadəcə Fransa və ABŞ-ı məlumatlandırmaqla əsas məsuliyyəti öz üzərinə götürdü”.
Həmsöhbətimiz qeyd etdi ki, bundan sonra digər həmsədr ölkələr münaqişənin həlli prosesində yalnız məlumat almaqla kifayətlənməli olacaqlar: “Bundan artığına onların ümid etməsi artıq əbəsdir. Onların prosesdə əvvəlki tək əsas sima olmaq istəkləri daha baş verməyəcək.  Amma onu da qeyd edim ki, Minsk qrupunun yaradılması barəqə qərarı ATƏT verib. Belədə Bakı və ya İrəvan qurumun gələcəyilə bağlı birətəfli şəkildə qərar qəbul edə bilməzlər. Bütün hallarda qurumun fəaliyyətinə əvvəllər olduğu tək elə də ciddi ehtiyac qalmayıb. Formal olaraq, qurum üzvləri öz aralarında proseslə bağlı  fikir və məlumat mübadiləsi aparıla bilərlər”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz