Əlaqə Arxiv
news Image
2020.11.25
10:57
| A A A
Lavrovun Bakıda səsləndirdiyi açıqlama kimlərə ünvanlanıb?
Qarabağ üzrə imzalanmış 10 noyabr bəyanatı bəzi ölkələrin qərəzli geostrateji maraqlarını alt-üst edib


Rusiya XİN naziri Sergey Lavrov Bakıda Prezident İlham Əliyevlə görüşündə ümumi şəkildə bildirilib ki,  noyabrın 9-da əldə edilmiş razılaşmalar heç də hamının xoşuna gəlmir. Lavrov qeyd edib ki, bu razılaşmaları şübhə altına almaq cəhdləri var.
Qeyd edək ki, əldə edilən üçtərəfli razılaşmadan ucdantutma hamının razı qalacağı heç gözlənilən də deyildi. Çünki ortada maraqların toqquşması var. Belə ki, Azərbaycan Ordusunun həyta keçirdiyi azadlıq müharibəsi nəticəsində bölgədə yaranmış yeni situasiya heç də hamının ürəyincə deyil. Hansı ki, imzalanan saziş də məhz Ordumuzun yaratdığı yeni situasiyanın nəticəsi olaraq meydana çıxıb.
Rusiya baş diplomatının dediyi kimi, görəsən razılaşmanı şübhə altına almaq cəhdləri kimlərə məxsusdur və nə məqsədlə edilir?
Öncə vurğulayaq ki, sözügedən razılaşma imzalanar-imzalanmaz Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə etiraz dalğasına start verildi. Etirazçılar Paşinyanı məhz 9 noyabr sazişini imzalamaqla xəyanət etməkdə ittiham edirlər. Bu mənada  Paşinyana müxalif olan həmin qüvvələr özlərini razılaşmaya şübhə ilə yanaşan tərəf kimi göstərirlər.  Burada da onların bir nömrəli məqsədi heç də 9 noyabr bəyanaməsinə qarşı çıxmaq deyil. Bunu onların özləri də gözəl bilir ki, heç gücləri də çatmır. Başlıca məqsədləri həmin razılaşmadan sui-istifadə edərək Paşinyanı devirib hakimiyyətə gəlməkdir.  Bu səbəbdən Lavrovun yuxarıda qeyd edilən fikirləri həm də erməni müxalifətinə yönəlib. Bununla şimal ölkəsinin baş diplomatı müxalif ermənilərə göstərmək istəyib ki, hakimiyyəti indiki halda dəyişmək cəhdləri əbəsdir. Moskva buna imkan verməyəcək. Bu həm də Rusiyanın Paşinyanı dəstəklədiyinin göstəricisi sayıla bilər. Ən azından indiki vəziyyətdə. Lavrovun açıqlaması həmçinin Ermənistan hakimiyyətinin özünə də xəbərdarlıqdır ki, onlar sazişdən çıxmağa cəhd etsələr, daha ağır durumla üz-üzə qalacaqlar. Hətta iqtidarla vidalaşmalı olacaqlar.
Sözügedən razılaşmanı şübhə altına alan bəzi xarici dövlətlər də var. Bu xüsusda əsasən də ABŞ-la Fransa fərqlənir. Hər iki ölkə ATƏT-in Minsk qrupunun həmsədri olsa da, Rusiyadan fərqli olaraq bölgədə cərəyan edən son proseslərlə oyundan kənar vəziyyətə salınıb. Həmin vəziyyət isə aydın məsələdir ki, heç bir halda Vaşinqtonla Parisi qane edə bilməz. Xüsusən də ABŞ-da prezident seçkilərindən sonra baş verəcək hakimiyyət dəyişikliyindən sonra bu ölkənin prosesdə aktivləşməyə cəhd edəcəyi gözləniləndir.  Bildiyimiz kimi, bölgə uğrunda Rusiya bir tərəfdə, digər tərəfdə isə ABŞ olmaqla Qərb dünyası arasında mübarizə gedir. İndiki halda həmin mübarizənin qalibi qismində Ağ Ayı çıxış edir.  İmzalanan üçtərəfli saziş buna hərtərəfli zəmin yaradıb.  Belə olan halda, aydın məsələdir ki, ABŞ və digər Qərb ölkələrinin bölgədə nüfuzu, təsir imkanları zəifləyəcək. Hətta bu nüfuz tamamilə itə bilər.  Ona görə də həmin qüvvələr özlərinin iştirak etmədiyi, yaxud kənarlaşdırıldığı razılaşmanı şübhə altına alırlar. Məqsədləri də bu yolla təsir və ya təzyiq etməklə prosesdə özləri üçün də yer almağa çalışmaqdır.  Heç kim “dadlı piroqdan” öz xoşuna əl çəkməz. Bu mənada onların beləcə yaranmış yeni situasiya ilə asan barışacaqları gözlənilmir.  Lavrovun sözügedən açıqlaması əsasən də məhz Minsk qrupu həmsədrliyində yer alan bu iki ölkəyə ünvanlanıb. Bununla Lavrov onlara da xatırlatmaq istəyir ki, Rusiya əldə etdiyi bu mükafatı heç kimlə bölüşmək niyyətində deyil.
Bir sözlə, Qarabağ münaqişəsilə bağlı razılaşma əldə edilsə də, bölgədə nüfuz dairəsi uğrunda dünya gücləri arasında mübarizə hələ davam edir və istisna deyil ki, Co Baydenin gəlişilə o yeni fazaya daxil olacaq.
Rüfət NADİROĞLU
 
Sizin Reklam Yeriniz