Əlaqə Arxiv
news Image
2020.11.26
15:27
| A A A
Fransa Senatının qərəzli addımı siyasi təxribatdır - Siyavuş Novruzov

Qüdrətli Azərbaycanın ölkə Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad etməsi təkcə xalqımızın böyük qürur mənbəyinə çevrilmədi. Ərazi bütövlüyümüzün bərpa olunması həm də ölkəmizin dostları və tərəfdaşları, eləcə də haqq-ədalət tərəfdarları tərəfindən sevinclə qarşılandı. Amma təəssüflər olsun ki, Ermənistanın döyüş meydanında darmadağın edilməsi işğalçı ölkənin havadarları və ermənipərəst dairələrdə ciddi narahatlıq yaradıb. Onlar Azərbaycanın parlaq qələbəsini həzm edə bilmir, müxtəlif qanunsuz addımlar atırlar.

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qətnamə layihəsinin qəbulu da belə nümunələrdəndir. Təbii ki, bu addım Fransa siyasi dairələrinin erməni təəssübkeşliyinin daha bir göstəricisidir. Bu, eyni zamanda, beynəlxalq hüquq normalarına, ərazi bütövlüyü prinsipinə açıq hörmətsizlik, təcavüzə və separatizmə birbaşa dəstəkdir. Belə bir təşəbbüs BMT Nizamnaməsinin, bu təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsinin heçə sayılmasıdır.

Bildiyimiz kimi, Fransa həm ATƏT-in Minsk qrupunun, həm də BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bu ölkənin qanunvericilik orqanının qondarma, separatçı bir quruma dəstək ifadə etməsi Fransanın mandatına uyğun deyil. Ona görə də bu ölkə ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmalıdır.

Senat tərəfindən yol verilmiş bu təxribatçı hərəkət həm də Fransanın qərəzli, ədalətsiz mövqedə olduğunu göstərir. Sual olunur: Fransa ədalətlidirsə, nə üçün Senat dünya birliyi tərəfindən tanınmış Azərbaycanın ərazi bütövlüyünə zidd, separatizm və terrorizmlə məşğul olan oyuncaq quruma dəstək verir? Onlar özlərini haqq-ədalət tərəfdarı kimi görürlərsə, hansı səbəbdən Ermənistanın müharibə cinayətləri barədə danışmırlar və ya bununla bağlı heç bir addım atmırlar?

Bu sualların cavabı Fransanın ermənipərəst mövqeyində gizlidir. Bu ölkə bir daha obyektiv olmadığını, Ermənistanın maraqlarını müdafiə etdiyini, işğala, təcavüzə, terrora dəstək verdiyini nümayiş etdirir. Bu isə təkcə bölgəmizdə deyil, həm də dünyada sülhə və təhlükəsizliyə ciddi təhdid yaradır.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri,
YAP İdarə Heyətinin üzvü

Sizin Reklam Yeriniz