Əlaqə Arxiv
news Image
2020.12.02
09:00
| A A A
Sosial-iqtisadi, siyasi bataqlığa yuvarlanan Ermənistan bu böhrandan necə xilas ola bilər?
Akif Ağayev:“Bəlkə nə vaxtsa Ermənistan hakimiyyətinə normal düşüncəli insanlar gələ, onlar indiki hakimiyyətin addımlarını təkrar etməyə, region dövlətləri ilə dil tapa və bu halda Ermənistan böhrandan çıxa bilər”

Ermənistanda həyat iflic olub, iqtisadiyyatı çöküb,  əhalinin sosial durumu aşağı həddə düşüb. Uzun illər işğalçılıq siyasəti yürüdən düşmən dövlətin əhalisi yeməyə çörək tapmır. Faktı Ermənistan  höküməti ört-bastır etməyə cəhdlər göstərsə də, vəziyyət o həddə çatıb ki, artıq cidanı çuvalda gizlədə bilmir.  Ermənistandakı son durumu erməni sahibkarlar dilə gətirir, mətbuatın gündəminə çıxarır. Erməni sahibkar, “Şirak mərkəz” ASC-n-n direktoru Vaan Tumasyan bildirir ki, Ermənistanın regionları və şəhərləri ağır sosial bəlalarla nəticələnən uzunmüddətli böhrana (bataqlıqda olan kimi) sürüklənir. O qeyd edir ki, qış gəlib, kasıbçılığın artması, cəmiyyətin mənəviyyatsızlaşması ağır bəlalara səbəb olur, hətta oğurluq artıq kütləvi xarakter alıb. Ya bunun qarşısı təcili alınmalıdır, ya da bizim qaytarılması mümkün olmayan yeni itkilərimiz olacaq.

Azərbaycanla müharibədə uduzaraq kapitulyasiyaya məcbur olan Ermənistanın böhrandan çıxış yolu hazırkı situasiyada nədən ibarətdir?   
Siyasi şərhçi Akif Ağayev bizimlə söhbətində bildirdi ki, Ermənistanda vəziyyətin bu şəkil almasında Ermənistan rəhbərliyi günahkardır. A.Ağayevin sözlərinə görə, düşmən ölkənin rəhbərliyi çirkin niyyətlərini həyata keçirməklə, daha çox ərazilər işğal etmək iddiasında olmaqla Ermənistanı iflic vəziyyətə salıb. Bu ölkədə sahibkarlığın inkişafına qətiyyən əhəmiyyət verilmədiyini deyən ekspertin bildiridiyinə görə, sahibkarlıqla məşğul olmaq istəyən şəxslərin üzərinə böyük məbləğdə rüşvət vermək tələbi qoyulduğundan bu işə elə də maraq göstərənlər olmayıb. “Ermənistanın bu vəziyyətə düşməsi onun illərdən bəri davam etdirdiyi çirkin, cinayətkar siyasətlə bağldır. Uzun illər erməni xalqına şirin nağıllar danışıb onları yuxuya verən Ermənistan rəhbərliyi qətiyyən ölkənin daxili vəziyyətini, sosial-iqtisadi inkişafını, əhalinin rifahını nəzərə almayıb və xam xəyallarla yaşayaraq qonşu dövlətlərə qarşı ərazi iddiaları səsləndirməklə məşğul olub. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ona çox baha başa gəldi, bu ölkə məğlub oldu, kapituliyasiya müqaviləsi imzaladı. Amma vaxtında Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etsəydi, törətdiyi cinayətləri etiraf edib günahını boynuna alsaydı bu ölkədə vəziyyət bu qədər kritikləşməzdi.  
Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi və buna görə də regionda həyata keçirilən bütün transmilli layihələrdən kənarda qaldı. Özünün heç bir iqtisadiyyatı olmayan Ermənistan uzun illər müxtəlif xarici dövlətlərdən və erməni lobbisindən aldığı ianələr hesabına yaşayıb. Sovet dövründə isə 15 respublika arasında yeganə dotasiya ilə yaşayan ölkə idi. Bu ölkənin heç bir təbii resursu yoxdur. Belə olduğu halda, o qonşu dövlətlərlə dil tapıb yaşamaq əvəzinə separatçılıqla, terrorla, işğalçılıqla məşğul olub. Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlaması faktiki olaraq onun özünün iflası ilə nəticələnib. Artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Ermənistan isə məğlub dövlət kimi ortada qalıb, daha xaricdən ianələr ala bilmir, erməni lobbisi də əvvəlki kimi daha bu ölkəni maliyyələşdirmir. Bu da təbii ki, düşmən ölkədə aclığın, səfalətin geniş miqyas almasına, oğurluq hallarının artmasına gətirib çıxarıb”.
Ekspert qeyd etdi ki, Ermənistanın hələlik böhrandan çıxış üçün heç bir yolu yoxdur. Onun fikrincə, Ermənistan o zaman böhrandan çıxa bilər ki, bu ölkədə hakimiyyət başına normal düşüncəli insanlar gəlsin və onlar region dövlətləri ilə dağıdılan, məhv edilən əlaqələri bərpa etsin: “Bu gün Ermənistanda mövcud olan siyasi hakimiyyətdə də, müaxilifətdə də beyni, düşüncəsi zəhərlənmiş insanlar təmsil olunur. Onların içindən hələ bir ağıllı adam çıxmayıb ki, o problemi həll edə və bu ölkəni böhrandan çıxara. Bəlkə nə vaxtsa Ermənistan hakimiyyətinə normal düşüncəli insanlar gələ, onlar indiki hakimiyyətin addımlarını təkrar etməyə, region dövlətləri ilə dil tapa və bu halda Ermənistan böhrandan çıxa bilər. Amma indiki halda Ermənistanın böhrandan çıxması üçün heç bir imkanı yoxdur. Bu gün Ermənistanın özünün “ölüm qalım” məsələsi gündəmdədir. Bir dövlət kimi tarixin səhnəsindən silinmək təhlükəsi olan Ermənistanın düçar olduğu böhrandan xilası indiki şəraitdə mükün deyil. Bu ölkəni bu vəziyyətə salan cinayətkarlar onu heç cür xilas edə bilməzlər” - deyə ekspert vurğuladı. 
Aytəkin KƏRİMLİ

Sizin Reklam Yeriniz