Əlaqə Arxiv
news Image
2020.12.03
10:28
| A A A
Yeni format sülh və əməkdaşlığa xidmət edəcək
Aydın Mirzəzadə: “Nəinki qonşu dövlətlər, eyni zamanda regiondan uzaqda olan ölkələr də bu əməkdaşlıqdan faydalana bilər” Asim Mollazadə: “Yeni format Şimal, Cənub, Qərb, Şərq arasında əlaqələri gücləndirməklə həmin ölkələrin də sabitlik və inkişaf baxımından maraqlarına cavab verəcək”


Laçının işğaldan azad edilməsilə bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində deyib: “Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır”.
Cənubi Qafqazın yeni əməkdaşlıq formatı özündə nəyi ehtiva edə bilər?
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Cənubi Qafqazın yeni əməkdaşlıq formatı bölgənin sülh və dinc şəraitdə yaşamasını, inkişafını özündə ehtiva edir: “Cənab Prezident  Laçının azad edilməsilə bağlı xalqa müraciətində çox əhəmiyyətli fikirlər söylədi.  Bu fikirlər içərisində Cənubi Qafqazın regional əməkdaşlıq və birgə fəaliyyət planları ön plana çəkildi. Naxçıvan, Laçın dəhlizi məsələsi, quru sərhədlərin açılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması, bunların hamısı inkişafa stimul verən mühüm əsaslardır.  Artıq nəinki qonşu dövlətlər, eyni zamanda regiondan uzaqda olan ölkələr də bu əməkdaşlıqdan faydalana bilər.  Həmçinin, cənab Prezident bildirdi ki, həmin əməkdaşlıqda istəsə Ermənistan da iştirak edə bilər. Ermənkstan onsuz da işğalçılıq siyasəti səbəbindən özü üçün bir çox faydaları itirib. Vaxtilə neft və qaz kəmərləri Ermənistandan keçə bilərdi və bunun nəticəsində ölkənin büdcəsi tranzit olmaqla əlavə olaraq ilə 100 milyon dollar qazana bilərdi.
Bununla belə, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi hələ gec deyil. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, qonşu dövlətlərə torpaq iddiasından əl çəkərsə, birgə gələcək iqtisadi əməkdaşlıq layihələrində iştirak edə bilər.  Ancaq onlar iştirak etməsə də belə, bundan region heç bir zərər görməyəcək.  Regionumuz Ermənistan olmadan belə öz gələcəyini və inkişafını qura biləcək. Buna region dövlətləri öz arzu və istəklərini artıq bildirib. Ermənistanın yalnız qonşu dövlətlərlə münasibət qurması, düzgün siyasi xətt seçə bilməsi, özünün qatı millətçi ideologiyasından əl çəkməsi fonunda gələcəyi təmin edilə bilər.   Azərbaycan mövqeyini ortaya qoyaraq təklifini verdi. Bundan sonra region dövlətlərinin hər biri bu layihələrdə iştirak edib-etməməyi özləri müəyyənləşdirə bilərlər”.
Milli Məclisin deputatı Asim Mollazadə bildirdi ki, Azərbaycanın yaratdığı strateji nəqliyyat və strateji enerji sistemi əslində bölgədəki hər bir ölkə üçün böyük dəstək ola bilər: “Zənnimcə, bu istiqamətdə əməkdaşlıq bölgə ölkələrinin mühüm hissəsini əhatə edəcək.  Əldə edilən saziş nəticəsində Azərbaycan-Naxçıvan-Türkiyə koridorun yaranması  bölgədə inkişaf prosesinə mühüm töhfə verəcək.  Regionda sülh və əməkdaşlıq perspektivinin yaranması üçün Ermənistan başqa torpaqlara yersiz ərazi iddialarından əl çəkməlidir.  Bundan sonra bu ölkə özünün gələcəyini düşünürsə, yalnız əməkdaşlıq barədə düşünməlidir.  Ermənistanda son proseslər fonunda Türkiyə və Azərbaycanla normal əməkdaşlıq yaratmaq imkanları yaranıb.  Özlərinin gələcəyini düşünürlərsə, bu imkandan yararlanmalıdırlar.  Düşünürəm ki, yeni format eyni zamanda Şimal, Cənub, Qərb, Şərq arasında əlaqələri də gücləndirməklə həmin ölkələrin də sabitlik və inkişaf baxımından maraqlarına cavab verəcək”.
R. SOLTANOV

Sizin Reklam Yeriniz