Əlaqə Arxiv
news Image
2020.12.04
09:35
| A A A
Yalançı erməni təbliğatının qurbanı olan rusiyalı sənətçilər


 
“Xristianlıq təəssübkeş”ləri niyə həqiqətə göz yumub? 
Binnət Hümbətoğlu:“Burda birmənalı olaraq Rusiyadakı erməni əsilli mədəniyyət adamlarının rolu var və onlar bu yalançı təbliğata onların təhriki ilə qoşulublar”.
“Fikrimcə, xristian abidələrinin taleyindən “narahat olan” rusiyalı sənətçilər yalançı erməni təbliğatının qurbanı olublar və bu səbəbdən UNESCO-ya belə əsassız müraciətlər ediblər”.
Məlum olduğu kimi bir müddət əvvəl Rusiyanın bir sıra tanınmış simaları dirijorlar Vladimir Spivakov və Teodor Currentzis, musiqiçi Boris Qrebenşikov və rejissor Aleksandr Sokurov da daxil olmaqla, Rusiya mədəniyyət xadimləri UNESCO-ya müraciət edərək Dağlıq Qarabağın “xristian mədəniyyətinin”, “bədii və memarlıq irslərinin” bundan sonra qorunması üçün Dünya İrsi Siyahısına daxil edilməsini xahiş ediblər. 
 Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına kömək göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edən Rusiyanın mədəniyyət xadimlərinə məktub göndərib.
Nazirlikdən verilən məlumata görə, Rusiyanın ictimai xadimlərinin Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESCO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.
Bizə dost olan ölkənin sənətçiləri hansı meyarla belə bir addım atıblar?
Tanınmış sənətşünas Binnət Hümbətoğlu “Mövqe”yə bildirdi ki, Rusiyanın tanınmış musiqiçilərinin, məşhur şəxslərinin həqiqəti bilə-bilə saxta ermən təbliğatına alət olması həqiqətən də təəssüf doğurur. 
B.Hümbətoğlu qeyd etdi ki, tarixən Rusiya və Azərbaycan arasında kifayət qədər möhkəm mədəni əlaqələr mövcud olub və bu gün də o əlaqələr davam etdirilir. Rusiya sənətçilərinin erməni lobbisinin əlində oyuncaq olan Qərbin bəzi sənət adamlarına qoşularaq antiAzərbaycan təbliğatında iştirak etməsinin səbəbini B.Hümbətoğlu həmin sənət adamlarının da ermənipərəst dairələri ilə əlaqədə olduğunu güman edir. “Qərbin bizə qarşı “xristian təəssübkeş”liyi donunda çirkin kampaniya aparması, guya Azərbaycanda, Qarabağda xristian abidələri “məhv edilmək təhlükəsindədir” kimi əsassız iddialarla beynəlxalq təşkilatlara müraciət etməsi gözlənilən idi. Çünki Qərb ölkələri, xüsusən də Fransa, bu ölkənin sənət adamlarının mütləq əksəriyyəti erməni lobbisinin, erməni terror təşkilatı şəbəkəsinin təhdidi altındadır. Bu aydındır. Biz onların bizə qarşı bu cür çirkin kampaniya aparmasına təəccüblənmirik. Amma Rusiyanın tanınmış sənət adamlarının da bu çirkin təbliğata qoşularaq “xristian təəssübkeşi” kimi çıxış etməsi bizdə narahatlıq yaradır. Ona görə ki, Rusiyanın mədəniyyət xadimləri, mədəniyyət adamları, sənətçiləri Azərbaycanı yaxşı tanıyır, onların bizim sənət adamları ilə də sıx əlaqələri var. Onlar Azərbaycanda ruslar başda olmaqla bütün xristianlara, xristian məbədlərinə, dini inanc yerlərinə göstərilən diqqət və qayıdan xəbərsiz deyillər. İndiyə qədər bizim ölkəmizdə hansısa bir dinə aid olan abidəyə qarşı hər hansı bir neqativ hal baş verməyib, verə də bilməz. Çünki Azərbaycanda əsrlərdən bəri multikultural, toleran mühit formalaşıb, dini dözümlülük çox yüksək səviyyədədir. Bu baxımdan, hesab edirəm ki, əsassız əndişələrlə UNESCO-ya qərəzli müraciət edən rusiyalı sənətçilər yalançı erməni kampaniyasının təsirinə düşüblər.  Yaxşı olardı ki, UNESCO-ya qərəzli müraciət ünvanlayan rusiyalı mədəniyyət adamları işğaldan azad edilən ərazilərimizə dəvət edilsinlər və onlar gəlib o abidələrin indiki halını öz gözləri ilə görsünlər ki, Ermənistanın işğalı dövründə həm xristinalıq, həm də islam abidələri hansı vandalizm aktlarına məruz qalıb.  Azərbaycan heç bir xristianlıq abidəsinə zərər vurmayıb, heç buna kiçik bir cəhdlər də edilməyib, əksinə biz o abidələri restavrasiya etmişik. Ancaq Ermənistan torpaqlarımızı işğalda saxladığı dövrlərdə xristian abidələrini qəsdən dağıdıb, məhv edib, alban xristainlığına aid maddi-mədəni irsi saxtalaşdıraraq erməniləşdiriblər. Bütün bunlar həmin rusiyalı musqiçilərə çatdırılmalıdır ki, vəziyyət nə yerdədir, xristian abidələrini dağıdan biz yox, Ermənistandır”.
B.Hümbətoğlu qeyd etdi ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi erməniləri və ermənipərəst dairələri olduqca narahat edir, bu səbəbdən də müxtəlif ölkələrin sənət adamlarına yalanlar danışaraq onları bizə qarşı dayanmağa vadar edirlər: “Rusiyalı sənət adamları elə həqiqətpərəst idilərsə nə üçün onda erməni vandalları tərəfindən Qarabağda dağıdılan müsəlman abidələrindən danışmayıblar? Fikrimcə, xristian abidələrinin taleyindən “narahat olan” rusiyalı sənətçilər yalançı erməni təbliğatının qurbanı olublar və bu səbəbdən UNESCO-ya belə əsassız müraciətlər ediblər. Burada birmənalı olaraq Rusiyadakı erməni əsilli mədəniyyət adamlarının rolu var və onlar bu yalançı təbliğata onların təhriki ilə qoşulublar”, - deyə B.Hümbətoğlu vurğuladı.
O, hesab edir ki, indən sonra biz nəinki Rusiyada, eləcə də Qərbin özündə bu istiqamətdə təbliğatımızı daha da gücləndirməliyik. 
Leyla QARAXANLI
 

Sizin Reklam Yeriniz